main-post-cover

    Xiaomi Mi 10 flaqman seriyasının ekranları və digər özəllikləri barəsində rəsmi məlumatlar verilib

    Elm & Texnologiya
    12.02.2020
    Farid Pardashunas
        Xiaomi şirkəti müxtəlif tizer fotolar sayəsində təqdimata hazırlaşan Mi 10 smartfon seriyasının özəllikləri barəsində məlumatlar verməyə davam edir. Bu dəfə şirkət yeni flaqman smartfon modellərinin ekranları və digər özəllikləri barəsində danışıb. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş posterlərə əsasən Mi 10 və Mi 10 Pro modelləri eyni ekranlara sahib olacaqlar. Ekranların özəlliklərinə gəldikdə isə onların kənarları əyilmiş olacaqlar, onların yuxarı sol hissələrində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntılar yerləşəcəklər və onlar 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər.
        Hər iki smartfon HDR10+ və DCI-P3 rəng əhatəsi dəstəkli AMOLED ekran əldə edəcək. Təqdim edilmiş posterlərdən də görmək olar ki, ekranlar TUV Rheinland şirkəti tərəfindən təsdiqlənib. Xiaomi Mi 10-da simmetrik stereo səs sistemi istifadə olunacaq. Smartfonun alt və üst dinamiklər arası güc fərqi 0-a yaxın olacaq. Bu da səslərin hər iki dinamikdən simmetrik çıxacağı deməkdir. Əvvəlki flaqman model olan Mi 9-a nəzərən Mi 10-un səs sistemində ciddi yeniliklər olacaq. Bass səslər daha dərin və dolğun, tizz səslər isə təmiz çıxacaq.
        Bundan əlavə Mi 10 modelində HEİF foto formatı da olacaq. HEİF foto formatı keçən illlərdə təqdim olunan yeni bir texnologiyadır. Bu formatla çəkilən fotolar JPEG formatına nəzərən daha yaxşı sıxışdırılır. Təxminən 50% daha yaxşı sıxışdırmadan söhbət gedir. HEİF formatı əsasən HEVC enkoderi əsasında hazırlanıb. 12.1 MB həcmində olan JPG formatlı fotolar HEİF formatında 4.43 MB həcminə qədər azalır.
        Xiaomi CEO-su Lei Jun tərəfindən paylaşılan fotolara əsasən cihazın 4400 mAh batareyasının olacağı dəqiqləşdi. Həmçinin cihazda DC Dimming 3.0 texnologiyası istifadə edilərək ekran titrəşmələri minimuma endiriləcək. Qeyd etmək lazımdır ki, Mi 10 flaqman smartfon seriyasının təqdimatı sabah online yayım vasitəsilə Çində keçiriləcək. Smartfonların qlobal versiyalarının təqidmatları isə MWC 2020 sərgisində baş tutacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər