Google şirkəti öz axtarış sisteminə artırılmış reallıq texnologiyasını əlavə edəcək

10.05.2019 0 PAYLAŞIM 147 OXUNMA

    Google şirkəti özünün I/O 2019 tədbiri çərçivəsində yeni Pixel smartfon modelləri və Android Q əməliyyat sistemindən başqa digər məhsullarını da təqdim edib. Bura Google şirkətinin axtarış sisteminin yenilənmiş versiyası da daxildir. Belə ki, axtarış sisteminin yenilənmiş versiyasına artırılmış reallıq (AR) texnologiyası inteqrasiya edilib. Bu barədə Gagadget saytı xəbər verib. Bundan sonra axtarış sisteminin axtarış nəticələrində standart fotolar, məlumatlar və linklərdən əlavə olaraq həmçinin 3D modellər də əks olunacaqlar.


    Başqa sözlə desək, istifadəçilər smartfon kamerasından istifadə edərək real dünya ilə virtual dünyanı birləşdirərək müəyyən obyektin real həyatda necə görünəcəyini müşahidə edə bilərlər. Yenilənmiş axtarış sisteminin iş prinsipini sərgiləyən zaman Google şirkətinin əməkdaşları artırılmış reallıqda böyük ağ köpək balığının və insan əzələsinin necə görünəcəyini göstəriblər. Axtarış sisteminin bazasında bu cür 3D modellərin hansı sayda olacaqları və onların kim tərəfindən yaradılacaqları barəsində heç bir məlumat verilməyib. Çox güman ki, axtarış sistemindəki AR texnologiyası məhsul reklamları üçün istehsalçıların əllərində əla alət olacaq. İlk 3D modellər axtarış sisteminə bu ayın sonunda əlavə ediləcək.