main-post-cover

    Elon Musk smartfonların Starlink peyk interentinə qoşulmalarını təmin edəcək

    Elm & Texnologiya
    29.08.2022
    Farid Pardashunas
        Elon Musk mobil şəbəkələrdə ölü zonalar problemini aradan qaldırmağa yardımçı olacaq layihəni anons edib. Anons edilmiş layihə çərçivəsində SpaceX şirkəti smartfonların Starlink peyklərinə qoşulmalarını təmin edəcək. Bu üsul ilə ənənəvi mobil şəbəkənin olmadığı ərazilərdə cihazları peyk şəbəkəsi ilə təmin etmək planlaşdırılır. Bununla belə Musk bu layihəni bütün dünyada reallaşdırmaq niyyətindədir. Lakin ilk növbədə ABŞ regionundan start götürüləcək. Coverage Above and Beyond adlı bu layihə çərçivəsində şirkət məşhur T-Mobile mobil operatoru ilə əməkdaşlıq edəcək. 4G/LTE5G texnologiyalarının sürətlə inkişaf etmələrinə baxmayaraq təkcə ABŞ-ın 1300 kvadrat km-lik sahəsi mobil şəbəkəyə sahib deyil. Dünya miqyasında isə Yer kürəsi səthinin 90%-i mobil şəbəkə ilə əhatə olunmayıb. Musk tərəfindən anons edilmiş yeni layihə bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulub. Bu layihə vasitəsilə istifadəçilər istənilən yerdə məlumatlar mübadiləsi apara biləcəklər.

    Layihənin əsas məğzi Starlink v2 adlı yeni nəsil peyklər əsasında olacaq yeni şəbəkəni Yer kürəsinin aşağı orbitində istifadəyə verməkdir. Sözügedən yeni nəsil peyklərin gələn il ərzində Yer kürəsinin orbitinə göndərilməsi nəzərdə tutulub.

        Bu cür peyklər 5-6 metr ölçülü böyük antenlər ilə təchiz olunacaqlar. Beləliklə onlara istənilən müasir smartfon qoşula biləcək. Şirkətin T-Mobile mobil operatoru ilə əməkdaşlığı çərçivəsində isə orta diapazonlu mobil tezliklər istifadə ediləcək. Sözügedən mobil operator öz müştərilərinə ABŞ-ın kontinental hissəsinin tamamilə mobil şəbəkə ilə əhatə olunacağına söz verib. Növbəti mərhələdə bu texnologiyanın istifadəsində maraqlı olan digər şirkətlər qlobal miqyasda ondan istifadə edə bilərlər. SpaceX artıq bütün dünyadan olan mobil operatorları əməkdaşlığa çağırır. Faktiki olaraq söhbət, mobil şəbəkə sahəsini dəyişəcək layihədən gedir. Məsələ burasındadır ki, bir çox hallarda məlumatlar mübadiləsini Starlink peykləri vasitəsilə reallaşdırmaq üçün ayrıca təchizat almağa ehtiyac qalmayacaq. Sadəcə olaraq smartfonun olması kifayət edəcək.

    Bundan əlavə olaraq istifadəçilər öz cihazlarında yeni əməliyyat sisteminin yazılması və ya mövcud əməliyyat sisteminin yenilənməsi kimi əlavə əməliyyatları yerinə yetirməli olmayacaqlar.

        Bütün bu üstünlüklərlə yanaşı bəzi nüanslar da var. Belə ki, ilkin mərhələdə bu cür texnologiyanın, məlumatları ötürmə sürəti saniyədə 2-4 Mbit təşkil edəcək. Buna görə də mobil operatorlar ilkin mərhələdə yalnız mətnli mesajların göndərilməsini təşkil edəcəklər. Bura həmçinin messencerlər vasitəsilə göndərilən mətnli mesajlar da daxildir. Gələcəkdə isə əlavə olaraq səsli əlaqənin və internetə çıxışın reallaşdırılması planlaşdırılır. Hər halda bu sistem uzaq regionlarda mobil şəbəkənin olmaması problemini aradan qaldıracaq. Məlumata əsasən smartfonlarda Starlink peyk internetinin istifadə qiyməti baha olmayacaq. T-Mobile operatorunun ən məşhur tarif planlarının istifadəçiləri ümumiyyətlə peyk internetindən pulsuz istifadə edə biləcəklər. Peyk internetinin dəstəyi həmçinin Tesla elektromobillərinə fövqəladə hallar üçün əlavə ediləcək.  
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər