Alien Covenant filmi (İCMAL)
27.05.2017
Farid Pardashunas
2012-ci ildə məşhur və öz işinin ustası olan rejissor Ridley
Scott-un “Prometheus” filmi izləyicilərə təqdim olundu. Bütün tənqidçilərin mənfi
rəylərindan asılı olmayaraq film müəyyən mənada mənim xoşuma gəlmişdi. Lakin
bununla yanaşı o, məndə cavabsız suallar yaratmışdı. Belə ki, “Prometheus”,
1979-cu ildə böyük ekranlara çıxmış “Alien” filmindəki hadisələrdən əvvəlki
dövrü əhatə edirdi və bu film seriyasından tanınan məşhur ksenomorflar adlı
canlıların yaradılışından bəhs edirdi. Nəticə etibarilə filmin final səhnəsi,
yeni filmin olacağına işarə verirdi və mən düşünürdüm ki, yeni filmdə mənim
bütün cavabsız suallarıma cavab tapılacaq. Yeni film olan “Alien Covenant”, “Prometheus”
filminin davamı olmaqla yanaşı həmçinin “Prometheus” ilə 1979-ci ildə təqdim
olunmuş “Alien” filminin arasındakı boşluğu doldurmalı idi. Bunun nə dərəcədə
alındığını isə sizlərə başa salacam. İlk öncə qeyd etmək istəyirəm ki, əgər siz
filmdən horror və ya bol action səhnəli epizodlar görmək istəyirsinizsə, onda ən
yaxşısı filmə ümumiyyətlə baxmayın. Çünki bu filmdə süjet xətti olduqca ləng və
harmonik şəkildə inkişaf edir. Bu baxımdan o, “Prometheus”a bənzəyir. Yəni,
ksenomorf ilə ilk görüş filmin əvvəlində olmayacaq. Ümumiyyətlə yeni filmin
ssenarisi barədə qısa bir məlumat vermək istəyirəm. Deməli 2104-cü ildə tərkibində
çoxlu sayda insanların olduğu böyük kosmik aparat yeni planetin kolonizasiyası
üçün yola düşür. Lakin yaxınlıqda olan planetdən naməlum siqnal qəbul olunur və
kosmik aparatın heyəti həmin planetə yollanmağı qərara alır. Bütün vacib hadisələr
isə bundan sonra baş verir. Ümumiyyətlə bu filmin trailerlərinə və filmin özünə
baxandan sonra anladım ki, filmin montaj mərhələsində bir çox vacib və maraqlı
səhnələr nəticə etibarilə kəsilmişdir. Bu baxımdan şəxsən mən “Alien Covenant”ın
rejissor versiyasını gözləyirəm. Filmə gəldikdə isə Ridley Scott-un “Prometheus”
filmindəki səhvlərindən sonra daha ağıllı film gözləyirsən. Lakin yeni filmdə
olan bir çox məntiqsiz hərəkətlər filmdən olan ümumi pozitiv fikri pozur. Məsələn,
kəşfiyyat komandasının yeni planetin səthinə enməsi zamanı heç nəyi yoxlamadan
xüsusi skafandırsız planet səthinə ayaq basması və ya müəyyən personajın,
virusa yoluxmuş personajı heçnə olmamış kimi qucaqlaması və s. Filmin ümumi
fonunda yalnız 3 personajı qeyd etmək lazımdır. Michael Fassbender-in iştirakı
ilə canlandırılmış David və Walter, aktrisa Katherine Waterston-un iştirakı ilə
canlandırılmış Daniels və aktyor Danny McBride-ın canlandırdığı Tennessee personajları.
Bu baxımdan əsas yük məhz Michael Fassbender-in üstünə düşüb və filmi izləyən
zaman belə bir hiss yaranır ki, film boyu bütün əsas rolu məhz o canlandırıb.
Əslində isə bu belədir. Qalan digər personajları isə qeyd etməyə ehtiyac
yoxdur. Belə ki, onlar sadəcə ksenomorflar üçün qida rolunu canlandırıblar.
Filmin ümumi aurası çox cəlbedici və maraqlıdır. Burda rəngli
və günəşli mənzərələrə rast gəlmək olmur. Hər şey qara və boz fonda yaradılıb.
Lakin bununla belə filmdə əks olunmuş gözəl mənzərələri izləmək böyük zövq
verir. Kəşfiyyat komandasının ilk dəfə planet səthinə endiyi zaman isə insanda,
yeni planetlərin kəşf olunması ruhu yaranır və bir anlıq real həyatda gələcəkdə
bu cür kəşflərin olacağını göz önünə gətirirsən. Yəni bir söznən, filmin mühiti
möhtəşəmdir. Əvvəldə də dediyim kimi filmin süjet xətti ləng şəkildə cərəyan
edir və filmin yaradıcıları, izləyiciləri ksenomorflarla tanış etməyə tələsmirlər.
Ksenomorf ilə ilk tanışlıq zamanı böyük bir həyəcan və qeyri-adi bir şey gözləyirsən.
Lakin bunun yerinə standart action səhnəsi baş verir və tez bir zamanda yaddan
çıxır. Bu filmdəki personajları elm adamları kimi təsvir etsək, onda görərik
ki, onlar çox ağılsız elm adamlarıdır. Ksenomorflar da onlardan geri qalmır. Əgər
“Alien 2” filmini izləmisinizsə, onda yadınızda olmalıdır ki, həmin filmdə
ksenomorflar bir növ qəbilə şəklində həyat sürürdülər. Yəni onlar özlərindən
daha böyük növə sitayiş edirdilər və onların müəyyən mənada qorumaq və sağ
qalmaq instinktləri var idi. Yeni filmdə isə onlar sadəcə olaraq yırtıcı rolunu
oyanayaraq qarşılarına çıxan hər bir canlıya hücum etmək motivinə sahibdirlər.
Filmdə olan bəzi ksenomorf növləri isə ümumiyyətlə qıcıqlandırır. Buna
baxmayaraq filmin bir sıra müsbət cəhətləri də var. Məsələn, filmdə dini
mövzular və incəsənət nümunələrindən gətirilən sitatlar. Filmin əvvəli ümumiyyətlə
mükəmməl şəkildə çəkilib və bu hissədə robot Walter ilə adi insan arasındakı
dini mövzuda söhbət əks olunub. Həmin söhbətdən sonra bu mövzu haqqında çox
düşünməli olursan. David və Walter adlı əkiz robotlar arasındakı söhbət zamanı
isə Şekspir-in məşhur “Hamlet” pyesindən dilə gətirilən sitatlar əslində bir
robotun icra edə biləcəyi və ya bilməyəcəyi öhdəliklər mövzusuna toxunur. Bu
cür səhnələr mükəmməl şəkildə əks olunub və filmin ümumi aurasını tamamlayır.
Bundan əlavə olaraq filmdə olan bir sıra ani süjet dəyişiklikləri də izləyicini
daima həyəcanda saxlayır və əvəlki sualların cavablarının axtarışı əvəzinə əksinə
daha da yeni suallar ortaya çıxardır. Filmin sonuna yaxın baş verən action səhnələr
də yaxşı keyfiyyətdə reallaşdırılıb. Ən azından “Prometheus” filmindən daha
yaxşı şəkildə izlənilir. Lakin bununla yanaşı sanki filmin sonunda nəsə
çatışmır. Hansısa əskikliyin olduğunu hiss edirsən.
Nəticə etibarilə demək lazımdır ki, filmin finalı heç də son
nöqtəni qoymadı. Əksinə yeni sual yaradaraq izləyicini intizarda saxladı.
Bundan əlavə olaraq final səhnə, yeni filmin olacağına da işarə edir. Rejissor
Ridley Scott özü bununla bağlı planlarının olduğunu söyləmişdi. Filmi izlədikdən
sonra sanki belə bir hiss yaranır ki, Ridley Scott, filmin çəkilişi zamanı həmin
kiçik və məntiqsizliklərin olduğu detallara ümumiyyətlə fikir verməyərək öz təsəvvüründə
olduğu filmi çəkmək istəyib. Təbii ki, “Alien Covenant”, “Prometheus” filmindən
bir qədər yaxşıdır. Lakin keyfiyyətin daha da üst səviyyədə olmasını istəyirsən.
Ksenomorfların yaradılışı bu filmdə açıq-aydın əks olunub. Lakin fikrimcə bu əks
olunmuş hekayə bir qədər gülməlidir. Əslində bu cür film seriyasının yaradıcısı
Ridley Scott-dan belə bir filmin təqdim olunması bir qədər məyus edir. Çünki
1979-cu ildə onun çəkmiş olduğu “Alien” filmi həqiqətən də mükəmməl idi. Həmin
film insanı hər dəqiqə həyəcanda və qorxuda saxlaya bilirdi. Hətta indiki günə
nisbətən də həmin film bir çoxlarını qorxudur. “Alien Covenant”I izlədikdən
sonra isə anlayırsan ki, Ridley Scott sadəcə olaraq orijinal “Alien” filminin
müəyyən mənada remake-ni çəkib. Orijinal və yeni filmi izləmiş insanlar nə demək
istədiyimi anlayacaqlar. “Alien Covenant” müəyyən anlarda izləyicini həyəcanda
saxlayan, onu maraqlı mövzular ətrafında düşündürən, bəzən isə öz məntiqsizliyi
ilə onu qıcıqlandıran və onun suallarına cavab verməyən bir filmdir. Əslində bu
filmin çəkilişlərinə hələ start verilməmişdən öncə “District 9”, “Elysium” və “Chappie”
kimi filmlərin rejissoru Neill Blomkamp öz “Alien” versiyasının çəkilməsinə
hazırlaşırdı. Onun əlində artıq ideyalar və ssenari var idi. Lakin Ridley
Scott, studiyaya öz filminin çəkilməsində təkid etdi. Nəticə isə nə yaxşı, nə də
pis alındı. Bəlkə də Neill Blomkamp bu seriya üçün daha fərqli və maraqlı bir
yanaşma təqdim edəcəkdi. Bunu artıq bilmək olmaz. Sonda isə ou qeyd etmək istəyirəm
ki, “Alien Covenant” filmini mütləq IMAX formatında izləmək lazımdır. Əgər gözəl
mənzərələri və ən əsası ksenomorfları daha diqqətli şəkildə görmək istəyirsinizsə
mütləq IMAX formatında filmi izləməlisiniz. Təbii ki, bunu ParkCinema IMAX
kinoteatrında edə bilərsiniz. Filmin seansları haqqında məlumatları isə
ParkCinema-nın saytından əldə etmək mümkündür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ