main-post-cover

    NASA Artemis 1 missiyası çərçivəsində Orion kosmik gəmisini Ay ətrafı uçuşa göndərdi (VİDEO)

    Süni İntellekt
    16.11.2022
    Farid Pardashunas
        Aylar ərzində olmuş gözləntilərdən sonra NASA sonunda Artemis 1 adlı Ay missiyası çərçivəsində özünün iki pilləli ağır Space Launch System (SLS) raketi vasitəsilə Orion kosmik gəmisini Ay ətrafı uçuşa göndərib. Raketin uçuş startı Kennedi adına kosmik mərkəzdən reallaşdırılıb. Startdan bir neçə dəqiqət sonra Orion kosmik gəmisi və raketin ikinci pilləsi əsas sürətləndirici raketdən ayrılıblar. İkinci pillə kosmik gəmiyə lazımi sürəti yığaraq düzgün istiqamətə çıxmasını təmin edəcək. Daha sonra isə kosmik gəmi artıq öz sürəti ilə Ayın orbitinə çatacaq. Qabaqda Orion-u 25.5 günlük kosmik səyahət gözləyir. Bu müddət ərzində o, Ayın orbitinə çatmalı, onun ətrafında tam dövr etməli və sonda Yer kürəsinə geri qayıtmalıdır. Əgər bu missiya uğurla yekunlaşsa, NASA bir neçə ildən sonra astronavtların Aya yollanması üzrə olacaq əsas missiyaya bir addım daha yaxınlaşmış olacaq.
        Qeyd etmək lazımdır ki, SLS-in tarixi illərlə bundan öncə start götürüb. Bu sürətləndirici ağır raketin inşa edilməsinə 2011-ci ildə start verilmişdi. Onun ilk orbital uçuş testinin 2016-cı ildə reallaşdırılması planlaşdırılırdı. Lakin mövcud olmuş maliyyə problemləri səbəbilə SLS-i planlaşdırılan vaxta kimi hazırlamaq mümkün olmadı. daha sonrakı mərhələlərdə NASA mühəndisləri həmçinin bəzi texniki problemlər ilə qarşılaşdılar. Həmin problemlər isə SLS-in test olunmasını hər dəfə təxirə salırdılar. SLS-in ilk uçuşuna cəhd bu ilin avqust ayının sonunda edilmişdi. Lakin raketin mühərriklərindən birində temperatur sensorlarındakı nasazlıq və yanacaq sızıntısı raketin uçuşunu təxirə salmışdılar. İkinci cəhd 3 sentyabr tarixində edildi. Lakin həmin vaxtda hidrogen sızıntısı aşkar olunduğu üçün uçuş təxirə salındı.
        Növbəti uçuş cəhdi 27 sentyabr tarixinə planlaşdırılsa da, baş vermiş tropik qasırğalar səbəbilə raket xüsusi anbara köçürülmüşdü. Mütəxəssislərin hesablamalarına əsasən NASA ümumilikdə SLS-ə 21 milyard dollar vəsait xərcləyib. Əgər reallaşdırılmış bu missiya uğurla nəticələnsə, Artemis 2 missiyası çərçivəsində Aya artıq astronavtlar yollanacaqlar. Bu halda astronavtlar Orion kosmik gəmisi daxilində Ay ətrafında dövr edərək Yer kürəsinə geri qayıdacaqlar. Gözləntilərə əsasən Artemis 2 missiyası 2024-cü ildə reallaşdırılacaq. Artemis 3 missiyası çərçivəsində astronavtların Ay səthinə ayaq basmaları isə 2025-ci ildən tez baş tutmayacaq. Qeyd etmək lazımdır ki, bunun üçün astronavtlar xüsusi eniş modulundan istifadə etməli olacaqlar. Belə ki, Orion kosmik gəmisi Ay səthinə yumşaq enişi reallaşdırmaq imkanına sahib deyil. Eniş üçün nəzərdə tutulmuş Starship HLS adlı modulun hazırlanması ilə SpaceX şirkəti məşğul olur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər