main-post-cover

    Alimlər digər ulduz sistemində Yer kürəsi ölçüsündə yeni ekzoplanet kəşf ediblər

    Süni İntellekt
    11.01.2023
    Farid Pardashunas
        NASA-nın kosmik teleskoplarından biri olan Transiting Exoplanet Survey Satellite (TESS) TOI 700 adlı ulduz sistemində Yer kürəsi ölçüsündə ikinci planeti kəşf edib. Kəşf edilmiş yeni planetdə potensial olaraq su və hətta həyat növü mövcud ola bilər. Bu, çox unikal bir hadisədir. Belə ki, tədqiq edilmiş ulduz sistemlərinin çoxu Yer kürəsi standartlarına cavab verən planetlərə ümumiyyətlə sahib deyil. Ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulmuş TESS teleskopu NASA tərəfindən 2018-ci ildən istifadə edilir. Bu müddət ərzində sözügedən teleskop təsdiqlənmiş 285 ədəd ekzoplanet və ekzoplanet statusuna namizəd olan 6000-dən çox kosmik obyekt kəşf edib. Kəşf edilmiş ekzoplanetlər arasında isə TOI 700 ulduz sistemində yerləşən TOI 700d adlı ekzoplanet ümidvericidir.

    Yer kürəsi ölçüsündə olan bu planet öz ulduzu ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr edir.

        İndi isə alimlər təyin ediblər ki, sözügedən planet oxşar göstəricilərə sahib qonşu planetə sahibdir. Bu barədə ik məlumat 2021-ci ilin oktyabr ayında ortaya çıxmışdı. Növbəti araşdırmalar isə bu məlumatları təsdiqləyiblər. 2020-ci ildə alimlər TOI 700 ulduzu ətrafında 3 ədəd planet kəşf etmişdilər. Qeyd etmək lazımdır ki, sözügedən ulduz Yer kürəsindən 100 işıq ili uzaqlığında yerləşir. Bu ulduz qırmızı cırtdan sinifinə daxildir və o öz ətrafında yerləşən planetlərdə potensial olaraq mövcud ola biləcək həyat növlərini məhv edə biləcək qeyri-adi aktivlik sərgiləmir. Kəşf edlmiş 3 planetdən ikisi ulduza yaxın məsafədə yerləşir. Lakin TOI 700d adlı planet nəzəri cəhətdən həyat üçün münbit şəraitə sahib ola biləcək planetə bənzəyir. O, Yer kürəsindən təqribi olaraq 20% daha böyükdür və öz ulduzu ətrafında tam dövrü 37 günə reallaşdırır. Planetin səthindəki temperatur suyun maye şəklində mövcud olması üçün uyğundur.

    İndi isə alimlər bildiriblər ki, kəşf edilmiş TOI 700e adlı yeni planet yaşayış zonasına daxil deyil. Lakin bu anlayış nisbi xarakter daşıyır.

        Məsələn alimlərin son araşdırmalarına əsasən Mars və hətta Veneranın səthində belə uzaq keçmişdə su mövcud olub. Alimlərin hesablamalarına əsasən TOI 700e planetinin ölçüsü Yer kürəsi ölçüsünün 95%-nə bərabərdir. O öz ulduzu ətrafında tam dövrü 28 günə reallaşdırır. Sözügedən planet TOI 700c ilə TOI 700d planetlərinin arasındakı orbitdə yerləşir. Bundan əlavə olaraq planet öz oxu ətrafında elə bir sürətlə frılanır ki, onun yalnız bir tərəfi ulduza tərəf istiqamətlənmiş olur. Bu baxımdan planet Ayı xatırladır. TESS teleskopu TOI 700 ulduz sisteminə bir həftədən sonra yenidən nəzər yetirəcək. Bundan əlavə olaraq alimlər digər teleskoplar vasitəsilə də müşahidələr aparmağı planlaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər