main-post-cover

    Lenovo Legion 2 Pro gamer smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    08.04.2021
    Farid Pardashunas
        Lenovo şirkəti Lenovo Legion 2 Pro (başqa adı Lenovo Legion Phone Duel 2) gamer smartfonunu təqdim edib. Sözügedən smartfon flaqman texniki özəlliklər ilə yanaşı həmçinin prosessorun soyudulması üçün nəzərdə tutulmuş 2 ədəd pər, oyunlarda rahat idarəetmə sistemi üçün 7 əlavə düymə və canlı yayımların rahat şəkildə keçirilməsi üçün kənar hissəyə inteqrasiya edilmiş ön kamera ilə təchiz olunub. Lenovo Legion 2 Pro smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.92 düym AMOLED ekranı özündə birləşdirir Ekranın üzərində ön kamera üçün nəzərdə tutulmuş heç bir çıxıntı hissə yerləşdirilməyib və Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
        Bununla yanaşı həcmli səs effektinin təmin olunması üçün smartfonun yuxarı və aşağı hissələrində güclü stereo səsgücləndiricilər mövcuddur. Birinci Lenovo Legion modelində olduğu kimi yeni smartfonda da ön kamera kənar hissənin daxilinə inteqrasiya edilib və lazım olan vaxtda çöl istiqamətinə çıxır. Bu onun üçün edilib ki, oyun oynayan zaman istifadəçi birbaşa smartfondan canlı yayım edə bilsin. Bunun üçün smartfonda xüsusi proqram təminatı mövcuddur. Smartfonun arxa panelində işıqlanan Legion loqosu və ikili kamera yerləşdirilib. Bundan əlavə olaraq arxa panelin daxilində 2 ədəd kiçik pər yerləşir. Həmin pərlər prosessorun və digər komponentlərin soyudulmas üçün soyuq hava kütləsini yaradırlar.
        Əsas texniki göstəricilərə gəldikdə isə Lenovo Legion 2 Pro modeli Snapdragon 888 prosessoru, 12/16/18 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 64 MP (f/1.9 diafraqma) + 16 MP (123 dərəcə bucaq təsviri) ikili arxa kamera, 44 MP-lik ön kamera və 90 vatt gücündə sürətli şarj texnologiyalı 5050 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Sözügedən smartfon ilk növbədə gamerlər üçün nəzərdə tutulduğuna görə Lenovo şirkəti onun idarəetmə sisteminin rahat olmasına böyük diqqət ayırıb. Adətən bu cür smartfonlar bir neçə əlavə idarəetmə düyməsinə sahib olurlar. Lakin Lenovo Legion 2 Pro modeli 8 ədəd əlavə idarəetmə düyməsini özündə birləşdirir.
        Kənar hissədə yerləşən 4 ədəd ultrasəs texnologiyalı düymə, arxa paneldə yerləşən 2 ədəd sensorlu düymə, ekran üzərində yerləşdirilmiş və klikləmə gücünə reksiya verən 2 ədəd düymə. Smartfon ZUI 12.5 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Lenovo Legion 2 Pro Çində artıq bu ay satışa çıxacaq. Onun Avropa bazarındakı satışları may ayının sonuna planlaşdırılır. Beləliklə 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiya 799 avroya, 16 GB RAM-a və 512 GB yaddaşa sahib versiya isə 999 avroya satılacaq. 18 GB RAM-a və 512 GB yaddaşa sahib versiyanın satış qiyməti daha sonra elan ediləcək.
    Linki kopyala