main-post-cover

    HONOR Magic6 Pro Azərbaycanda satışa çıxır!

    Cihazlar+
    26.04.2024
    Aslan Aslanov

         Ötən aylarda qlobal bazarda təqdim olunan HONOR Magic6 Pro nəhayət Azərbaycan bazarında rəsmi olaraq satışa çıxmağa hazırlaşır.

          Yanvar ayında HONOR markası Magic6 və Magic6 Pro smartfonlarını Çində təqdim etmişdi. Şirkət daha sonra yalnız Magic6 Pro smartfonunu qlobal bazarda satışa çıxartdı. Nəhayət Azərbaycan bazarında da satışa hazır olan bu cihazın qiyməti və digər vacib detalları məlum olub. Belə ki, HONOR markasının flaqman modeli hesab edilən Magic6 Pro-nun Azərbaycanda rəsmi satış qiyməti 2500 manat olacaq. İlk baxışda bu qiymət bir Android smartfonu üçün çox görünə bilər, lakin HONOR markası aprelin 26-dan mayın 12-dək bu cihazı əldə edən istifadəçilərə smartfonla birlikdə HONOR Watch 4 ağıllı qol saatını və HONOR Magic6 Pro Case-ni də hədiyyə edəcək.
         HONOR Magic6 Pro-nun qlobal versiyası xarici görünüş mövzusunda Çində satılan versiyadan heç də fərqlənmir. Bununla belə, HONOR Magic6 Pro-nun qlobal versiyası həmçinin bəzi süni intellekt xüsusiyyətləri ilə də seçilir. Təqdimat çərçivəsində HONOR markası bildirib ki, Magic6 Pro-ya LLaMA 2 adlı böyük dil modeli inteqrasiya edilib. Sözügedən böyük dil modeli istifadəçilərin suallarına cavab verə, onların sorğuları əsasında mətnləri tərtib edə və digər fərqli xüsusiyyətləri yerinə yetirə bilər.
         Əlavə olaraq, istifadəçi smartfon vasitəsilə öz avtomobilini distant şəkildə idarə də edə bilər. Məsələn, istifadəçi HONOR Magic6 Pro vasitəsilə distant şəkildə öz avtomobilinin qapılarını açmaq və ya onu hərəkətə gətirmək kimi xüsusiyyətləri yerinə yetirə bilər. Bunun üçün isə sadəcə olaraq smartfon ekranına nəzər yetirmək kifayət edəcək. Lakin smartfonunun Çin versiyasından fərqli olaraq qlobal versiya peyk rabitəsi xüsusiyyətini əldə etməyib.
         Dizayn tərəfində cihaz rəqiblərindən fərqlənən kamera quruluşu ilə ön plana çıxmağı bacarır. Yastıq şəklində kamera blokuna sahib bu cihaz, arxa tərəfdə yerləşən 3 ədəd kamera sensorunu özündə birləşdirir. HONOR markası bu kamera quruluşu üçün dəyərli daş-qaşlardan və klassik saatlardan ilham aldıqlarını bildirib. Kameralar mövzusunda HONOR Magic6 Pro, 50 MP (f/1.4-2.0 dəyişkən diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, avtofokus, 122 dərəcə bucaq əhatəsi) + 180 MP (f/2.6 diafraqma, 2.5 qat optik zoom, 100 qat rəqəmsal zoom, optik stabilizasiya) üçlü arxa kamera və 50 MP-lik ön kamera ilə təchiz edilib.
         Bu kameralar həmçinin süni intellekt texnologiyasını da dəstəkləyir. Süni zəka texnologiyası öz növbəsində "AI Motion Sensing Capture" xüsusiyyəti üçün həcmli təlimatlandırıcı bazadan istifadə edir. Sözügedən funksiya kadrdakı ən yaxşı anları yaxalamağa imkan verir. Bura həmçinin rəqs və döyüş səhnələri kimi intensiv hərəkətləri özlərində birləşdirən anlar da daxildir.
         HONOR Magic6 Pro, 8.9 mm qalınlığa və 225 qram ağırlığa sahibdir. Arxa hissəsi süni dəri materialından hazırlanmış ləkə saxlamayan dizayna malikdir. Smartfonun yan tərəfləri isə metal materialdan hazırlanmış incə çərçivələrlə əhatə olunmuşdur.
         Cihaz 120 Hz yeniləmə tezliyinə malik LTPO OLED tipli yanlara doğru əyilən qıvrımlı ekran panelinə sahibdir. 6.8 düymlük ölçüdəki bu ekran, 1 milyardlıq geniş rəng diapazonuna, pik saatlarda 5000 nitsə qədər qalxan ekran parlaqlığına, həmçinin HDR10+ və Dolby Vision da daxil olmaqla bütün HDR görüntü keyfiyyətlərinə malikdir. Smartfonun ekran çərçivələri olduqca incədir və məhz buna görə də, ekran 91.6%-lik ekran-gövdə nisbətindədir. Üstəlik ekran "NanoCrystal Shield" adlı qoruyucu şüşə ilə əhatə olunub. HONOR markasının bildirdiyinə görə, 5 ulduzlu SGS sertifikatına sahib bu qoruyucu şüşə, düşüşlərə qarşı 10 qat daha dözümlüdür.
         Bundan əlavə, iPhone 14 və 15 seriyasında görməyə alışdığımız "Dynamic Island"a bənzər bildiriş paneli də ekranın yuxarı hissəsində yer alır. HONOR tərəfi bu bildiriş panelini "Magic Portal" olaraq adlandırır. "Magic Portal" dinamik olaraq müxtəlif bildirişləri ön kameranın ətrafında əks etdirir. Məsələn, müəyyən bir vaxt təyin edib, sayğacı qoşduğumuz zaman "Magic Portal" qalan vaxtı ekranda dinamik olaraq göstərməyə başlayır.
         HONOR Magic6 Pro, flaqman smartfonlara yaraşan 4 nm-lik arxitekturaya sahib Snapdragon 8 Gen 3 prosessoru ilə təchiz olunub. GPU tərəfində isə bu çipseti Adreno 750 qrafik prosessoru dəstəkləyir. Cihazın Azərbaycanda təqdim olunacaq versiyası 12 GB fiziki RAM və 512 GB daxili yaddaşa malikdir. Yazma və oxuma tərəfində isə cihaz, UFS 4.0 texnologiyasını dəstəkləyir. Smartfonun gövdəsinə gəldikdə isə o, IP68 standartı üzrə sudan və tozdan qorunma sertifikatına sahibdir. Sözügedən smartfon stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC xüsusiyyətini də malikdir. Şəbəkə tərəfində cihaz WiFi 7 və Bluetooth 5.3 texnologiyalarını özündə birləşdirir. Ümumilikdə smartfon qlobal bazara Android 14 əməliyyat sistemi və MagicOS 8 istifadəçi interfeysi ilə təqdim olunur. Bundan əlavə, HONOR tərəfi Magic6 Pro smartfonu üçün 4 il əməliyyat sistemi yeniləməsini və 4 il də təhlükəsizlik yeniləməsini vəd edir. Yəni HONOR markasının söz verdiyinə əsasən, bu smartfon Android 18-ə kimi həm əməliyyat sistemi, həm də təhlükəsizlik yeniləmələrini qəbul edəcək. Təhlükəslikdən söz açmışkən, HONOR Magic6 Pro ekrana inteqrasiya edilmiş optik barmaq izi sensorunu və Face ID texnologiyalarını da dəstəkləyir. Rahatlıqla 2 SIM kartı daxil edib, eyni zamanda istifadə etmək mümkündür. Lakin SD Kart dəstəyi isə yoxdur.
         Smartfon öz enerjisini 80 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareyadan əldə edir. Bununla yanaşı batareya 66 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Şirkət bildirib ki, HONOR Magic6 Pro-da eyni ilə Magic5 Pro-nun Çin versiyasında olduğu kimi ikinci nəsil silikon-karbon tipli batareyadan istifadə olunub. Bu batareya ekstremal hava şəraitində daha yaxşı performansı sərgiləyə bilir. Belə ki, istifadəçi -20 dərəcə Selsi temperatur şəraitində HONOR Magic6 Pro ilə 81 dəqiqə YouTube videolarını izləyə bilər. Bununla belə, bu halda smartfon öz enerjisinin yalnız 10%-ni itirəcək. Smartfonun batareyası 66 vatt gücündə sürətli naqilsiz şarj texnologiyası vasitəsilə 100% enerjini 44 dəqiqəyə yığa bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Çinin smartfon bazarının liderinə çevrilib
    honor-cinin-smartfon-bazarinin-liderine-cevrilib
    Honor Pad 9 Pro planşeti təqdim edilib - QİYMƏTİ
    honor-pad-9-pro-planseti-teqdim-edilib-qiymeti
    Honor 200 Lite smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-200-lite-smartfonu-teqdim-edilib-qiymeti
    Qatlana bilən qapaqlı Honor Magic Flip yay fəslinin əvvəlində təqdim oluna bilər
    qatlana-bilen-qapaqli-honor-magic-flip-yay-feslinin-evvelinde-teqdim-oluna-biler
    Honor 200 Lite smartfonunun xarici görünüşü sərgilənib və təqdimat tarixi açıqlanıb
    honor-200-lite-smartfonunun-xarici-gorunusu-sergilenib-ve-teqdimat-tarixi-aciqlanib