
Motorola şirkəti Edge 40 Neo adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Orta büdcəli smartfon olmasına baxmayaraq Motorola Edge 40 Neo flaqman ekranı, sudan və tozdan qorunan gövdəsi və 5G dəstəyi ilə seçilir. Beləliklə Motorola Edge 40 Neo 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılıb və onun maksimal parlaqlıq səviyyəsi 1300 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
Smartrfonun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunur. Motorola Edge 40 Neo özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilər baxımından smartfon MediaTek Dimensity 7030 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 12 MP ikili arxa kamera, 32 MP-lik ön kamera və 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 13 vasitəsilə çalışır. Motorola Edge 40 Neo artıq Avropa bazarında satışa çıxıb və onun qiyməti 399 avrodan start götürür.