main-post-cover

    Windows Defender-in Intel prosessorlu kompüterlərin performanslarını aşağı saldığı məlum olub

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    04.07.2022
    Farid Pardashunas
        Techpowerup saytının əməkdaşları antivirus tətbiqi olan Windows Defender-in çalışma prosesində səhvin olduğunu və həmin səhvin kompüterlərin performanslarına neqativ təsir göstərdiyini aşkar ediblər. Aşkar edilmiş səhv həm stolüstü kompüterlərə həm də noutbuklara mənfi təsir göstərir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Windows Defender-də aşkar edilmiş problem yalnız Intel prosessorları vasitəsilə çalışan kompüterləri əhatə edir. Hələ ki, Microsoft şirkəti yaranmış problemin rəsmi şəkildə həll edilməsi üzrə heç bir üsul təklif etmir. Lakin problemi fərdi şəkildə aradan qaldırmağın artıq bəzi yolları var. Windows Defender-in neqativ təsirini Techpowerup saytının əməkdaşı tərəfindən yaradılmış xüsusi tətbiq vasitəsilə aşkar etmək mümkün olub. Yaradılmış tətbiqin çalışma prinsipi kompüterin performansını ölçən sayğacların aşkar edilərək qeydiyyatdan keçirilməsinə əsaslanır.
        Tətbiqin testi zamanı müəyyən edilib ki, Windows Defender periodik olaraq Intel-də mövcud olan 7 performans sayğacının hamısını işə salır. Bilinməyən səbəblərə görə antivirus tətbiqi sayğacların imtiyazlarının səviyyələrini dəyişir. Nəticədə həmin sayğacları digər səviyyələrdə istifadə etmək istəyən tətbiqlər arasında konflikt yaranır. Məlumata əsasən sözügedən problem 2008-ci ildən indiyənə kimi satışa çıxmış Intel prosessorlarında müşahidə edilir. Məsələn 5 GHz tezlikdə çalışan Intel Core i9-10850K prosessoru sözügedən problem səbəbilə Cinebench testlərində 1000 xal itirir. Techpowerup saytının bu xəbəri ortaya çıxandan sonra Intel Core seriyasının 8-ci nəslindən 11-ci nəslinə kimi olan prosessorların sahibləri eyni səviyyədə performansın aşağı düşdüyü barəsində məlumat veriblər.
        Beləliklə potensial istifadəçi qarşısında iki seçim dayanır: Windows Defender-i deaktiv etmək və ya problemin Microsoft tərəfindən həll edilməsini gözləmək. Lakin Techpowerup saytının verdiyi məlumata əsasən problemi həll etmək üçün alternativ üsullar da var. Onlardan biri də Counter Control adlı tətbiqin kompüterə yazılmasıdır. Sözügedən tətbiq performans sayğaclarının aktivliklərini izləyir və onları lazımi vəziyyətə salır. Digər üsul isə Throttlestop v9.5 adlı tətbiqin yazılması Windows Defender Boost funksiyasının aktivləşdirilməsidir. Funksiyanın aktivləşdirilməsindən sonra sözügedən tətbiq Defender-i izləməyə başlayır və lazım olduğu halda bütün performans sayğaclarını deaktiv edir. Techpowerup saytı öz növbəsində bu məsələ ilə bağlı Microsoft-a müraciət etsə də hələ də şirkətdən bir xəbər əldə edə bilməyib. Qeyd etmək lazımdır ki, Windows Defender-də aşkar edilmiş problem AMD və 12-ci nəsil Intel prosessorlarını əhatə etmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər