main-post-cover

    Android yoxsa iOS?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Texnologiya gün keçdikcə inkişaf edir, yenilənir. Bu inkişaf firmalar arasında da böyük rəqabət yaradır. Artıq əksəriyyətimizin bir ağıllı telefonu var. Kimisi Android, kimisi də iOS əməliyyat sistemli cihazlardan istifadə edir. Windows əməliyyat sistemini də unutmayaq. Amma bu yazımızda əsas diqqətimizi Android və iOS üzərində cəmləşdirəcəyik. Bunun bir sıra səbəbləri var. İnsanlar daim bu iki əməliyyat sistemini qarşılaşdırır və hansının yaxşı olduğu barədə daim polemika içərisində olurlar. Hər iki tərəfin kifayət qədər istifadəçisi var. İki əməliyyat sistemi haqqında geniş məlumat verməyə çalışacağıq. Amma sonda qərarı siz istifadəçilərə buraxacağıq. Elə isə başlayaq.

     
    ANDROİD ƏMƏLİYYAT SİSTEMİ NƏDİR?
    Android əməliyyat sistemi Linux əsasında hazırlanan açıq qaynaqlı əməliyyat sistemidir. Onun bütün hüquqları Google şirkətinə məxsusdur. Bir çox böyük firmaların istifadə etdiyi Android sisteminin böyük kütləsi var. Sistemin kodlarının açıq olması digər mühəndislərin də bu əməliyyat sistemi üzərində işləyərək, onu daha da yaxşılaşdırmalarıdır. Google bütün kodları açıq etmir. Sistemin önəmli kodları sadəcə Google şirkətinə məxsusdur. 
     
    NİYƏ ANDROİDİ SEÇMƏLİYƏM?
    Android əməliyyat sistemini seçmək üçün bir çox səbəb ola bilər. Bu istifadəçinin zövq və biliyindən asılıdır. Amma biz sizə Android əməliyyat sisteminin 3 əsas xüsusiyyətindən bəhs edəcəyik.
    • Şəxsiləşdirmə: Android əməliyyat sistemi açıq qaynaqlı olduğu üçün onu öz məqsəd və zövqünüzə uyğun dəyişə bilirsiniz. Hazırda mövcud olan Custom Rom'ların hamısı bu fikirin məhsuludur. 
    • Çox sayda seçiminiz var: Android əməliyyat sistemi ilə işləyən yüzlərlə cihaz var. Beləcə, sadəcə bir cihaza bağlı qalmadan istədiyiniz seçimi edə bilərsiniz. Seçimin çox olması onlar arasında ən yaxşıların da üzə çıxmasına səbəb olur.
    • Google: Dünyanın ən böyük ikinci texnologiya şirkətidir. Mobil platformada isə onun uğurları göz qabağındadır.
     
    Təbii ki, Android əməliyyat sistemi seçmək üçün çox səbəb var. Amma ən əsas səbəblər bunlardır. Hər hansı bir cihaz aldıqda ağıla gələn ilk 3 şeydən biri bunlar olur.  Android əməliyyat sisteminin çox versiyası var. Hər versiya özündən əvvəlki versiyada çatışmayan xüsusiyyətləri gətirir. Ən sonuncu versiyası isə Android Marshmallow 6.0'dur.
     
    ANDROİDİ NƏ QƏDƏR ÖZƏLLƏŞDİRƏ BİLƏRƏM?
    Bu sualın cavabı konkretdir: Androidi istədiyiniz qədər özəlləşdirə bilərsiniz. Bunun üçün seçimləriniz sayılmayacaq qədər çoxdur. Androidin sizə verdiyi digər seçim də özəl ROM yükləməyə icazə verməsidir. ROM'lar fərqli məqsədlər üçün yaradılmış sistemlərdir. Bəziləri sadə funksionallıqla sürətli interfeys, bəziləri də yüksək zövqlə hazırlanmış, kaş sistemdə bu da olaydı dediyimiz xüsusiyyətləri təmin edir.  Demək olar ki, hər telefon üçün fərqli ROM mövcuddur. (Bu barədə növbəti yazılarımızda danışacağıq)
    İOS ƏMƏLİYYAT SİSTEMİ NƏDİR?
    iOS Unix əsasında hazırlanan bir əməliyyat sistemidir. Bu da təhlükəsizlik baxımından çox önəmlidir. Google firmasından fərqli olaraq iOS üzərindəki kodlar gizlidir və şirkət heç bir halda onları paylaşmır. Məhz buna görə bu sahədə mühəndislər də azdır. Sadəcə Apple firmasının cihazlarında işləyən bu sistem, yenilikləri gec alır. Amma hər versiyada böyük yeniliklər edir. Bu da istifadəçiləri gözlədiklərinə görə peşman etmir.
     
    NİYƏ İOS SİSTEMİNİ SEÇMƏLİYƏM?
    Bu sistemi də seçmək üçün çox səbəb ola bilər. Amma onlardan ən əsası təhlükəsiz və sürətli olmasıdır. Bu sistem cihazlara tam optimizasiya olunur. Parametrlər nəzərə alınaraq hazırlanır. Market olaraq isə AppStore'dan istifadə olunur. Bir yaxşı cəhəti də ondan ibarətdir ki, bu marketə proqram yerləşdirmək çox bahadır. Proqramın yazılması da çətin olduğu üçün marketdə cihaz üçün zərərli proqram demək olar ki, yoxdur.
     
    MƏNFİ CƏHƏTLƏRİ NƏLƏRDİR?
    Sistemin mənfi cəhəti ondan ibarətdir ki, burada sərbəst deyilsiniz. Yalnız şirkətin icazələri ilə hərəkət edirsiniz. Cihazın tam sahibiyəm deyə bilməzsiniz. Məsələn, şəkil və ya musiqini normal yollarla cihazınıza yükləyə bilməzsiniz. AppStore üçün proqram yazan kimi yayımlaya bilməzsiniz, çünki Apple bu proqramları əvvəl yoxlamadan keçirir. 
     
    Bununla belə, sistem təhlükəsizlik, proqram çeşidliyi, sürət, düzgün optimizasiya kimi müsbət cəhətlərə sahibdir. Məşhur proqramların ilk versiyaları daim iOS üçün ilk yazılır. Sistemdəki bütün tənzimləmələr sadə interfeysdə cəmləşib. Bundan başqa cihazın düymələri ilə uyumlu olan sistemdə hər bir hərəkəti bir addımda edə bilərsiniz. Bildirim ekranı ilə də bütün bildirimləri eyni anda görə bilirsiniz.
     
    ANDROİD YOXSA İOS?
    İndi isə əsas suala gələk. İnsanlar arasında bu gün də böyük mübahisələrə səbəb olan sual: Android yaxşıdır yoxsa iOS? Bu suala belə cavab verək: Bu iki sistem dünyanın ən mükəmməl iki sistemidir. Kifayət qədər istifadəçisi bunun əyani sübutudur. İki sistem arasında müqayisə edilə biləcək tək yanı onun azadlığı ola bilər. Fərqli kodlar, fərqli interfeyslər, fərqli sistemlər. Funksionallıq baxımından bir birindən geri qalmırlar. Hər iki sistem funksionallığı çox yaxşı idarə edir. Təhlükəsizlik məsələsinə gəlincə isə iki sistemin də təhlükəsizliyi eyni səviyyədədir. İnsanlar arasında polemikalara səbəb olan isə sistemlərin donma məsələsidir. Bunu isə sadə yolla belə izah edək. Sistemlərdə mövcud olan donmalar əməliyyat sistemindən asılı deyil. Google və Apple firması öz sistemlərini yaradarkən cihazların texniki parametrlərini nəzərə alırlar. Yəni onlar üçün minimal parametrlər hansıdırsa, o cihazlarda istifadə olunması məsləhət olunur. Əgər X cihazı daim donursa, burada günah istehsalçıda olur. Çünki, Samsung, Sony, HTC, LG kimi firmalar Google'dan sistemi alaraq onu optimizasiya edir. Bəzən bu prosesi düzgün aparmırlar və firmaların interfeysləri ilə saf android arasında problem yaranır. Bu da donmaya səbəb olur. Buna misal olaraq, ToucWiz'i göstərə bilərik. Digər məsələ isə Android versiyaların hansı cihazlarda istifadə olunmasıdır. Google şirkəti Android 5.0 Lollipop əməliyyat sistemi üçün ən yaxşı halda 2 GB RAM'a sahib olan cihazlarda əməliyyat sisteminin qurulmasını məsləhət görürdülər. Sistemi də məhz buna uyğun hazırlayırlar. Belə olan təqdirdə, 1 GB RAM'a sahib olan cihaza bu sistemi yüklədikdə sistemdə yavaşlama və donmalara səbəb olur. Nəzərə alın ki, firmaların öz interfeyslərindəki aktivlik də RAM'da yer tutulmasına səbəb olur. Eynilə bu sözlər iOS cihazlara da aiddir. Androiddən fərqli olaraq, iOS əməliyyat sistemi ilə sadəcə Apple firmasının cihazları çalışır. Məhz buna görə el arasında belə bir fikir formalaşır ki, "İphone donmur". Amma bu belə deyil. Onun zəifləməməsinə səbəb sistemin sadəcə bir cihaz üçün optimizasiya olmasıdır. Əgər bu sistem bir çox firma tərəfindən yayımlansaydı, eyni problemlər ortaya çıxardı. Bundan başqa, yeni iOS versiyaları çıxdıqca onların hansı cihazlarda istifadə oluna bilinəcəyi, hansı cihazlara isə məsləhət edildikləri də qeyd olunur. Məsələn, iOS 8 sistemi çıxdıqda iPhone 4S üçün də yeniləmə göndərilmişdi. Amma rəsmi firma bu sistemin iPhone 5 və üzəri cihazlarda istifadə olunmasını tövsiyyət etmişdi. Nəticədə bu sistem iPhone 4S cihazlarında yavaşlama və donmalara səbəb olurdu.
     
    Sonda yenə də qərarı siz istifadəçilərə buraxırıq. Sizcə belə böyük polemikalara ehtiyac varmı?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər