main-post-cover

    Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

    Elm & Texnologiya
    09.08.2020
    Nijat Hamid
            iMac kompüterləri Apple ekosistemi daxilində çox ciddi yerə malikdir. Bəs 27 düyümlük iMac modelinin 2020-ci il üçün olan versiyasını təqdim edən Apple şirkəti yeni modeldə dəyişikliklər edib mi? Bu sualın cavabını OWC adlı Youtube kanalı verdi. Youtube kanalı tərəfindən tamamilə sökülən iMac kompüteri çox da ciddi dəyişikliklərə məruz qalmayıb desək yanılmarıq.

    OWC Youtube kanalı yeni iMac-ı tamamilə sökdü: Çox xırda dəyişikliklər edilib.

            Yeni iMac modelinin ana platası demək olar ki, tamamilə 2019 versiya ilə eynidir. Qeyd edək ki, Apple tərəfindən bu plata Logic Board olaraq adlandırılır. Lakin çox xırda bir fərq var. 2019-cu ildə satışa çıxan versiyadan fərqli olaraq bu modeldə Hard Disk yerinə SSD istifadə edilib. SSD-nin daha kiçik ölçülərə malik olması və hard disk üçün lazım olan SATA naqillərinin ləğv edilməsi səbəbilə ana platada böyük bir yer açılıb. Bəs bu qədər boş olan yer təkmilləşdirmə üçün istifadə edilib mi? Məsələn soyutma sistemi? Cavab qısa və netdir: Xeyr. Təəssüflər olsun ki, şirkət yeni iMac-lərin ana platasında olan boş yeri soyutma sistemini təkmilləşdirmək üçün istifadə etməyib. Təxminlərə görə bunun əsas səbəbi odur ki, şirkət bunu etdiyi halda cihazın satış qiymətini artırmalı olacaqdı.
            Qeyd edək ki, iMac-lərin ana platası təkrar Apple tərəfindən yaxın gələcəkdə dəyişdiriləcək. Şirkət ARM arxitekturası əsasında hazırlanan Apple Silicon prosessorlarına keçid etdikdən sonra ana platalar təkrar bu prosessorlara uyğun hazırlanacaq. 27 düyümlük iMac cihazının sökülmə videosuna aşağıdan baxa bilərsiniz.
    Linki kopyala