main-post-cover

    Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reallaşdırıla bilər

    Elm & Texnologiya
    03.05.2021
    Emil Nəcəfov
        İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qandakı şəkərin miqdarını ölçməyə imkan verən texnologiyanı inteqrasiya etməyi planlaşdırır. Nəticə etibarilə bu texnologiya Apple Watch modellərinin artıq sahib olduqları bir sıra digər özəlliklərin siyahısını genişləndirə bilər. Belə ki, şirkətin smart saatları qandakı oksigen miqdarını ölçən, nəbzi təyin edən və elektrokardioqram prosesini yerinə yetirən texnologiyalara artıq sahibdirlər. Məlumatda qeyd olunub ki, smart saatlara qandakı şəkər miqdarını ölçməyə imkan verən texnologiyanı inteqrasiya etməklə şirkət şəkər xəstəliyindən əziyyət çəkən insanların həyatlarını daha da sadələşdirəcək.
        Belə ki, hal hazırda şəkər xəstələri bunun üçün hər dəfə barmaqdan qan nümunəsinin götürülməsi prosesindən keçirlər. Yeni texnologiya isə bunu aradan qaldıra bilər. Məlumatda qeyd edilib ki, Apple şirkəti bu məsələdə yeni növ ötürücüləri yaratmış Rockley Photonics adlı şirkətin ən böyük sifarişçilərindən biridir. Şirkətin yaratdığı yeni növ ötürücülərin 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Yeni texnologiya müəyyən tezlikdə olan infraqırmızı işığı dəridən keçirdərək qandakı şəkər miqdarını təyin edə bilir. Məlumatda həmçinin qeyd edilib ki, Apple şirkəti Watch Series 7-də təkcə bu yeniliyi reallaşdırmayacaq. Belə ki, şirkət həmçinin qandakı alkoqol miqdarını ölçməyə imkan verən texnologiyanı da smart saata inteqrasiya etmək barədə düşünür.
    Linki kopyala