main-post-cover

    Xiaomi-nin yeni flaqman modeli Mi Mix 2S təqdim olundu

    Elm & Texnologiya
    27.03.2018
    Emil Nəcəfov
        Şanxayda keçirilmiş təqdimat çərçivəsində Xiaomi şirkəti öz yeni flaqman modeli olan Mi Mix 2S-i təqdim etdi. Xarici görünüşcə yeni model keçən ilki Mi Mix 2-dən o qədər də fərqlənmir. Lakin buna baxmayaraq yeni model bir xeyli dəyişikliklər əldə edib. Belə ki, əvvəlki modellər lazımi keyfiyyətdə olan kamera ilə təchiz olunmamışdılar. Mi Mix 2S isə smartfon bazarında ən yaxşı kameralardan birini əldə etdi. Xarici görünüşcə Mi Mix 2S keçən ilki Mi Mix 2-dən o qədər də fərqlənmir. Ön paneldən onlar hətta bir-birilərinin oxşarıdır. Lakin Mi Mix 2S-in arxa panelində ikili arxa kamera yerləşir və bu, smartfonun əsas özəlliyidir. Görünür, buna görə şirkət əsas diqqətini məhz onun üzərində qurub.

        Mi Mix 2S 12 MP-lik ikili arxa kamera ilə təchiz olunub. Birinci kamera adi obyektivdən, ikinci kamera isə teleobyektivdən ibarətdir. 1.4 mikrometr ölçülü böyük piksellərin hesabına matrisa daha çox işığı əhatə edir və beləliklə pis işıqlandırılmış mühitdə daha keyfiyyətli fotolar əldə etmək olur. Bundan əlavə olaraq kameralar keyfiyyətin itirilməsinə imkan verməyən ikiqatlı optik zoom və arxa fonun bulanıq düşməsinə imkan verən portret çəkilişi özəlliklərinə sahibdirlər. Təkmilləşdirilmiş kameralardan əlavə olaraq Mi Mix 2S şirkətin ilk smartfonudur ki, fotoların keyfiyyətini yüksəltmək üçün süni zəka funksiyalarından istifadə edir. Sistem kadrda olan səhnəni təyin edir və həmin andakı vəziyyət üçün olan ən optimal foto özəlliklərini təqdim edir.

        Smartfonlardakı kameraların keyfiyyətlərini yoxlayan DxOMark saytının mütəxəssisləri yeni smartfonun kamerasına 101 xal verərək yüksək qiymətləndiriblər. Mi Mix 2S-in daha bir özəlliyi isə naqilsiz şarj texnologiyasını dəstəkləmək olub. Bu, şirkətin ilk belə bir cihazıdır. Şirkət həmçinin naqilsiz şarj üçün orijinal şarj stansiyasını da təqdim edib.

        Texniki göstəricilərə gəldikdə isə Mi Mix 2S 5.99 inç Full HD+ texnologiyalı IPS ekran, 8 nüvəli Snapdaron 845 prosessoru, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş, biri f/1.8 digəri isə f/2.4 diafraqmalı olan 12 MP-lik ikili arxa kamera, f/2.0 diafraqmalı 5 MP-lik ön kamera (smartfonun aşağı hissəsində yerləşir) və 3400 mAh enerji tutumlu batareya (Quick Charge 3 texnologiyaları) ilə təchiz olunub. Sözügedən smartfon AnTuTu testlərində 277.178 xal yığır. Mi Mix 2S MIUI 9.5 interfeysli Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 525$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 575$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 640$-a satılacaq.
    Linki kopyala