main-post-cover

    Xiaomi'nin ilk qatlana bilən smartfon modeli yaxın bir neçə ay ərzində satışa çıxmalıdır

    Elm & Texnologiya
    17.03.2019
    Emil Nəcəfov
        Xiaomi şirkəti öz qatlana bilən smartfon modelinin prototipini bir neçə müddət bundan öncə sərgiləmişdi. Lakin həmin vaxtda şirkət bildirmişdi ki, o, özünün ilk qatlana bilən smartfon modelini satışa çıxartmağa tələsməyəcək. Lakin ortaya çıxmış məlumata əsasən çox gözləməyə ehtiyac qalmayacaq. Belə ki, məlumata əsasən şirkətin ilk qatlana bilən smartfonu yaxın bir neçə ay ərzində satışa çıxacaq və təəccübləndirici qiymətlə satılacaq. Bu barədə GSMarena saytı xəbər verib. Saytın verdiyi məlumata əsasən smartfon yaxın bir neçə ay ərzində (aprel-iyun) satışa çıxacaq. Smartfon ilk öncə Çində satışa çıxacaq və daha sonra digər bazarlarda da təqdim olunacaq.

        Məlumata əsasən Xiaomi şirkətinin ilk qatlana bilən smartfon modeli digər rəqiblərdən daha ucuz qiymətə satılacaq. Belə ki, məlumatlarda qeyd olunub ki, ABŞ-da o, 999$ qiymətinə, Avropada isə 999 avro qiymətinə satılacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Fold 2000$-a, Huawei Mate X isə 2300$-a satılacaq. Onu da qeyd etmək lazımdır ki, Xiaomi şirkətinin ilk qatlana bilən smartfon modeli öz konstruksiyası baxımından digər qatlana bilən smartfon modellərindən fərqlənəcək. Belə ki, smartfon bir hissədə deyil, iki hissədə qatlana biləcək. Smartfon həmçinin Snapdragon 855 prosessoru və 10 GB RAM ilə də təchiz olunmaldır.
    Linki kopyala