main-post-cover

    Xiaomi Mi Pad 5 Pro planşeti, Watch S1 Pro smart saatı və naqilsiz Buds 4 Pro qulaqlıqları təqdim olunub - QİYMƏTİ

    Elm & Texnologiya
    11.08.2022
    Emil Nəcəfov
        Qatlana bilən Xiaomi Mix Fold 2Redmi K50 Ultra smartfonları ilə yanaşı şirkət həmçinin Mi Pad 5 Pro planşetini, Watch S1 Pro smart saatını və naqilsiz Buds 4 Pro qulaqlıqlarını təqdim edib. İlk öncə Mi Pad 5 Pro planşetindən başlayaq. Sözügedən planşet keçən ilki Mi Pad 5-in daha böyük versiyasıdır. Yeni planşet modeli böyük ölçülü ekran ilə yanaşı həmçinin müasir dizayn da əldə edib. Xarici görünüşcə o, Xiaomi-nin son smartfon modellərini xatırladır. Lakin texniki özəlliklər baxımından o demək olar ki, Mi Pad 5-i təkrarlayır. Beləliklə Mi Pad 5 Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 12.4 düym LCD ekran ilə təchiz olunub.
        Planşetin ekran ətrafı çərçivələri maksimal dərəcədə nazikdirlər və hər tərəfdən eyni enə sahibdirlər. Planşetin arxa panelində ikili kamera sahəsi var və həmin kamera sahəsinin dizaynı Xiaomi 12 smartfon seriyasının arxa kamera dizaynını xatırladır. Planşetin öz qalınlığı 6.66 mm, çəkisi isə 620 qramm təşkil edir. Mi Pad 5 Pro özündə Dolby Atmos dəstəkli 4 ədəd stereo səsgücləndiricini birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə planşet 8 nüvəli Snapdragon 870 prosessoru, 6/8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Mi Pad 5 Pro planşeti MIUI Pad 13 interfeysli Android 12 vasitəsilə çalışır. Planşetin Çində satış qiymətləri aşağıdakı kimidir:
    - 6 GB RAM + 128 GB yaddaş - 415$
    - 8 GB RAM + 256 GB yaddaş - 490$
    - 12 GB RAM + 512 GB yaddaş - 594$.
        Yeni smart saat Xiaomi-nin Watch S1 seriyasının Pro versiyasıdır. Sözügedən smart saat klassik saatlar tərzində olan premium dizaynı, böyük ölçülü AMOLED ekranı, kənar tətbiqlərin quraşdrılması imkanını və çoxlu sayda idman rejiminin dəstəyini təklif edir. Beləliklə Xiaomi Watch S1 Pro 46 mm ölçüyə sahib gövdədən ibarətdir. Gövdənin özü isə paslanmaz poladdan hazırlanıb və 5ATM standartı üzrə sudan qorunur. Saatın ön panelini 480x480 piksel keyfiyyətli 1.47 düym AMOLED ekran əhatə edir.
        Bundan əlavə olaraq ekran yaqutdan hazırlanmş şüşə material ilə qorunur. Smart saatın ekranı 100-dən çox saat üzü dizaynını özündə birləşdirir. Sözügedən smart saat vasitəsilə smartfondakı və ya smart səsgücləndiricidəki musiqini idarə etmək, daxil olan zənglərə cavab vermək və hətta smart ev əşyalarını idarə etmək mümkündür. Watch S1 Pro-nun daxilində 12 nanometrlik prosessor və 500 mAh enerji tutumlu batareya yerləşir. Sözügedən batareya hesabına smart saat bir dəfə şarj olunandan sonra 15 gün ərzində avtonom rejimdə çalışa bilir.
        Watch S1 Pro modeli qandakı oksigen miqdarını, ürək döyüntülərinin tezliklərini ölçə və stress səviyyəsi ilə yuxu keyfiyyətinin monitorinqini apara bilir. Bundan əlavə olaraq sözügedən smart saatın daha bir üstün özəlliyi ondan ibarətdir ki, o, bədən temperaturunu ölçə bilir. Smart saat 100-dən çox idman rejmini dəstəkləyir və özündə GPS modulu, Bluetooth 5.0 texnologiyasını və kontaktsız ödənişlər üçün NFC çipini birləşdirir. Xiaomi Watch S1 Pro 220$ qiymətində Çində satışa çıxıb.
        Xiaomi-nin təqdimat çərçivəsindəki daha bir yeni məhsulu Buds 4 Pro adlı naqilsiz qulaqlıqlar olub. Sözügedən qulaqlıqlar flaqman qulaqlıqlar seriyasına daxildirlər. Onlar ətraf səs-küyün aktiv boğulması funksiyasına sahibdirlər və bir dəfə şarj olunandan sonra uzun müddət ərzində çalışa bilirlər. Beləliklə Buds 4 Pro qulaqlıqları 11 mm-lik dinamik drayverlər və 12 nanometrlik prosessorla təchiz olunublar.
        Sözügedən qulaqlıqlar 360 dərəcəlik məkan səslənməsini təmin edirlər. Ətraf səs-küyün aktiv boğulması funksiyası ətraf mühitdə olan səsləri 48 dB-ə (desibel) kimi boğa bilir. Buds 4 Pro qulaqlıqları 9 saat ərzində avtonom rejimdə çalışa bilirlər. Şarj keysi hesabına bu göstərici 38 saat təşkil edir. Sürətli şarj texnologiyası sayəsində qulaqlıqlar 3 saat ərzində musiqiyə qulaq asmağa kifayət edəcək dərəcədə enerji yığa bilirlər. Onu da qeyd etmək lazımdır ki, qulaqlıqların gövdələri IP54 standartı üzrə sudan qorunurlar. Xiaomi Buds 4 Pro 163$ qiymətində satışa çıxıb.
    Linki kopyala