main-post-cover

    Uber'in keçmiş CEO'su Travis Kalanick'in CloudKitchens adlı startapı 400 milyon dollar investisiya aldı

    Elm & Texnologiya
    08.11.2019
    Farid Pardashunas
        Uber şirkətinin təsisçisi və keçmiş CEO-su olan Travis Kalanick-in CloudKitchens adlı startapı Səudiyyə Ərəbistanın milli rifah fondundan (PIF) 400 milyon dollar investisiya cəlb edib. Nəticədə startapın bazar dəyəri 5 milyard dollar təşkil edib. Bu barədə The Wall Street Journal xəbər verib. Məlumatda qeyd edilib ki, CloudKitchens və PIF arasındakı bu müqavilə üzrə müzakirələr hələ 2018-ci ilin yaz fəslindən bəri gedirdi. Lakin sözügedən müqavilə yalnız bu ilin yanvar ayında bağlanılıb.
        Bundan öncə Kalanick yeni startapına öz cibindən vəsait yatırmışdı. Söhbət, 200 milyon dollardan gedir. O bu vəsaiti Uber səhmlərinin satılmasından əldə etmişdi. Məlumata əsasən bu ilin yanvar ayında Kalanick öz startapına əlavə 100 milyon dollar investisiya yatırmışdı. PIF isə bu məsələ ilə bağlı fikir bildirməkdən imtina edib. Qeyd etmək lazımdır ki, CludKitchens restoranlar üçün yalnız çatdırılma üzrə fəaliyyət göstərən mətbəxlərin inşa edilməsi ilə məşğuldur.
        Bundan əlavə olaraq startap bu cür restoranlar üçün həmçinin proqram təminatını da hazırlayır. The Wall Street Journal-ın verdiyi məlumata əsasən PIF 2016-cı ildə həmçinin Uber şirkətinə 3.5 milyard dollar investisiya yatırmışdı. Kalanick 2017-ci ildə onunla bağlı baş tutmuş qalmaqalların fonunda Uber şirkətindən ayrılmışdı. O, CloudKitchens üzrə idarəetməni 2018-ci ilin mart ayında 150 milyon dollara almışdı. Bu ilin fevral ayında isə məlum oldu ki, Kalanick öz yeni startapına Uber-dən olan mütəxəssisləri cəlb edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər