main-post-cover

    'Toshiba' Windows 10 əməliyyat sistemli 'ağıllı' eynəyi təqdim etdi

    Elm & Texnologiya
    12.03.2018
    Emil Nəcəfov
    Yaponiyanın elektronika istehsalçısı olan “Toshiba” şirkəti dynaEdge adlı minikompüteri təqdim edib.

        Sözügedən minikompüterdən ötürülən təsvirlər isə 640x360 piksel keyfiyyətli ekrana sahib “ağıllı” eynəklərdə əks olunur. Məlumata əsasən şirkət bu cihaz üzərində 2 il çalışıb. Cihazı adi və ya qoruyucu eynəklərin üzərinə bərkitmək mümkündür. Cihazdakı optik modul həmçinin 5 MP-lik kamera və işıqlandırma sistemi, səs-küyü boğma özəllikli iki ədəd mikrofon, qulaqlıq, GPS və akselerometr ilə təchiz olunub.

        Eynəklər mikrokompüterə USB naqili vasitəsilə qoşulur. Ölçüsünə görə minikompüter iPod böyüklüyündədir və o, Windows 10 Pro əməliyyat sistemi vasitəsilə çalışır. Şirkətin verdiyi məlumata əsasən cihaz bir dəfə şarj olunandan sonra 4 saata qədər çalışa bilir. Şirkət həmçinin sənədlərin redaktə olunması, kamera və videoçat bölmələrinə sürətli keçidi reallaşdıran interfeysi də hazırlayıb.

        İdarəetmə qismində isə cihazdakı sensorlu paneldən və ya minikompüterdəki düymələrdən istifadə etmək olar. “Toshiba” güman edir ki, bu cihaz sənaye müəssisələrinin marağına səbəb olacaq. Lazım olduğu halda cihaz həmçinin təhlükəsizlik dəbilqələrinə də bərkidilə bilər. Hal-hazırda dynaEdge cihazı yalnız “Toshiba”nın müştəri qismində çıxış edən şirkətlər üçün aktivdir. Cihazın pərakəndə və ya korporativ satışları barəsində şirkət heç bir məlumat verməyib.

    Linki kopyala