main-post-cover

    Toshiba-nın yeni alqoritmi adi kompüterləri superkompüterlərdən daha sürətli edir

    Elm & Texnologiya
    21.01.2020
    Emil Nəcəfov
        Toshiba şirkətinin mühəndisləri müasir kompüterlərin hesablama güclərini nəzərə çarpacaq dərəcədə yüksəldən alqoritm hazırlayıblar. Maraqlısı ondadır ki, bu alqoritmin hazırlanmasında təməl prinsip kimi kvant kompüterlərin çalışma prinsipindən istifadə edilib. Lakin sözügedən proqram texnologiyasının çalışması üçün bahalı təchizata ehtiyac yoxdur. Belə ki, yaradılmış yeni alqoritm adi istehlakçı kompüterləri ilə uyğunlaşır. Bu barədə Wccftech saytı xəbər verib. Adi kompüterlərin və klaster serverlərin güclərini yüksəldən bu yeni üsul simulyasiya edilmiş bifurkasiyalı alqoritm adlanır.
        Tərtibatçıların verdikləri məlumata əsasən bu alqoritm birjadakı valyutaların qiymətləri arasında müqayisə kimi qəliz əməliyyatları hal hazırda mövcud olan superkompüterlərdən daha sürətli şəkildə yerinə yetirir. Bununla yanaşı kvant kompüterlərindən fərqli olaraq bu yeni proqram texnologiyası üçün ekstremal soyuducu sistemlər lazım deyil. Belə ki, o, adi otaq temperaturunda da çalışa bilir. Toshiba təmsilçiləri qeyd ediblər ki, hesablama gücü kvant kompüterlərindən aşağı olan adi kompüterlərin klasterlərində sözügedən alqoritmdən istifadə öz növbəsində məlumat emalı prosesinin sürətinin 10 qat yüksəlməsini təmin edir.
        Hesablamaların sürətlərinin yüksəlməsi üçün bifurkasiya anlayışından istifadə edilir. Sözügedən texnologiyanın ideyası hələ 2015-ci ildə ortaya çıxmışdı. Lakin onun testləri 2 ildən sonra aparıldı. Tərtibatçılar qeyd ediblər ki, bu alqoritm maliyyə və fond ticarət təçkilatlarına, sosial şəbəkələrə və istehsal şirkətlərinə faydalı ola bilər. Şirkət qeyd edib ki, o, bu texnologiyada maraqlı olan müştərilərinə sözügedən alqoritmi real zamanda test etmək imkanını verəcək. Lakin bunun qarşılığında şirkət bu alqoritmin birgə inkişaf etdirilməsini və ya layihəyə investisiyanın yatırılmasını tələb edəcək.
    Linki kopyala