main-post-cover

    Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (VİDEO)

    Elm & Texnologiya
    19.01.2023
    Farid Pardashunas
        Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi. Həmin videoda Model X-in sahib olduğu avtopilot sisteminin bütün imkanları sərgilənmişdi. İndi isə məlum olub ki, şirkət tərəfindən 2016-cı ildə təqdim edilmiş videoda əks edilmiş imkanlar tamamilə quraşdırılma olub. Bu barədə məlumatı şirkətin keçmiş əməkdaşı Tesla-ya qarşı qaldırılmış məhkəmə iddiası çərçivəsində təqdim edib. Məlumatda qeyd edilib ki, 2016-cıildə təqdim edilmiş videoda elektromobil əslində sürücü tərəfindən idarə edilib və həmin vaxtda Model X işıqforun qırmızı işığında avtomatik şəkildə dayanma və daha sonra yaşıl işıq zamanı hərəkətə başlama sisteminə sahib olmayıb. Sözügedən reklam videosu Tesla şirkətinin rəsmi saytında hələ də mövcuddur. Elon Musk öz növbəsində həmin videonu Tesla elektromobilinin fərdi şəkildə hərəkət etməsi məsələsində sübut kimi dəfələrlə istifadə edib. Videoda həmçinin belə bir sloqan da var: “Sürücü oturacağındakı insanın olması sadəcə hüquqi səbəblərə görədir. O, heçnə etmir. Avtomobil fərdi şəkildə hərəkət edir”.
        Lakin məlum olub ki, Model X əslində avtopilot vasitəsilə hərəkət etməyib. Bu məlumatı Tesla-nın avtopilot sistemi üzrə proqram təminatının keçmiş direktoru Ashok Elluswamy təqdim edib. O bu məlumatı Tesla-ya qarşı qaldırılmış məhkəmə iddiası çərçivəsində təqdim edib. Qeyd etmək lazımdır ki, 2018-ci ildə Tesla elektromobilinin iştirakı ilə baş vermiş avtomobil qəzası nəticəsində Apple şirkətinin mühəndisi vəfat etmişdi. Məhz bu hadisədən sonra Tesla-ya qarşı məhkəmə iddiası qaldırılmışdı. Həmin hadisədən sonra Tesla etiraf etmişdi ki, qəza zamanı elektromobilin avtopilot sistemi aktiv şəkildə olub. Ashok Elluswamy bildirib ki, 2016-cı ildə təqdim edilmiş reklam videosunun hazırlanmasında öncədən təyin edilmiş hərəkət marşrutunun 3D kartoqrafiyasından istifadə edilib. Bununla belə videonun çəkilişləri zamanı sürücülər elektromobilin hərəkətini öz üzərlərinə götürməli olurdular.
        Ashok Elluswamy-nin sözlərinə əsasən elektromobilin sürücüsüz vəziyyətdə park edilməsi zamanı o, şirkətin parkinqində olan hasarla toqquşub. Bununla yanaşı məlumatda qeyd edilib ki, sözügedən videonun çəkilməsini Elon Musk özü istəyib. “Videonun əsas məqsədi 2016-cı ildə şirkətin müştəriləri üçün nələrin aktiv olduğunu göstərmək deyildi. Onun əsas məqsədi elektromobil sisteminə nələrin inteqrasiya edilə biləcəyini göstərmək idi” - deyə Ashok Elluswamy qeyd edib. Videonun həmin vaxtlarda şirkətin satışa çıxmış elektromobillərində avtopilot sisteminin imkanlarını sərgiləyib-sərgiləmədiyi sualına isə Ashok “bu belə deyil” cavabını verib. 2018-ci ildə baş vermiş avtomobil qəzası nəticəsində həyatını itirmiş Apple mühəndisinin həyat yoldaşının maraqlarını təmsil edən vəkilin sözlərinə əsasən sözügedən video istifadəçilərdə Tesla-nın avtopilot sistemi barəsində səhv fikirlərin yaranmasına səbəb olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər