main-post-cover

    SpaceX Starlink-ə təyyarələri və bütün yük nəqliyyatını qoşmağı planlaşdırır

    Elm & Texnologiya
    10.03.2021
    Emil Nəcəfov
        SpaceX şirkəti özünün Starlink adlı peyk interneti sisteminə avtomobilləri, yük maşınlarını, yük gəmilərini və təyyarələri qoşmaq üçün nizamlayıcı orqana icazə sorğusu göndərib. Bir neçə gün bundan öncə SpaceX-in ABŞ-ın şəbəkələr üzrə federal komissiyasına (FCC) göndərmiş olduğu sorğu şirkətin nəqliyyat sahəsində atdığı vacib addım hesab edilir və gözləntilərə əsasən bu addım Starlink-in təklif edəcəyi xidmət sahəsini genişləndirəcək. Bu barədə The Verge saytı xəbər verib. FCC-ya göndərilmiş sənəddə qeyd edilib ki, SpaceX Starlink terminallarının hərəkətdə olan yerüstü stansiyalarda çalışmasına icazə istəyir.
        Hərəkət edən yerüstü stansiyalar dedikdə isə avtomobillər, yük maşınları, yük gəmiləri və təyyarələr nəzərdə tutulur. Sənəddə qeyd edilib ki, insanlar artıq yolda olanda və ya gəmi vasitəsilə harasa səyahət edəndə internet bağlantısından məhrum olmaq istəmirlər. Lakin bu məsələdə fərdi nəqliyyat növü sahibləri gözləməli olacaqlar. “Tesla avtomobillərini Starlink-ə qoşmuruq. Belə ki, bizim Starlink terminallarımız çox böyükdürlər. Bu, aviasiya, gəmilər və böyük yük maşınları üçündür” - deyə Elon Musk öz Twitter hesabında qeyd edib.
        Sənəddə nəqliyyat növləri üçün nəzərdə tutulmuş şəbəkə antenlərinin texniki özəllikləri barəsində məlumat yoxdur. Onlar texniki olaraq adi Starlink antenlərinə bənzəyəcəklər və avtomobillərə, gəmilərə, yük maşınlarına bərkidilmək üçün xüsusi konstruksiyaya sahib olacaqlar. Mobil antenləri rahatlıqla nəqliyyat növlərinə qoşmaq mümkün olacaq. Lakin adi Starlink antenlərindən fərqli olaraq mobil antenlər şirkət mütəxəssisləri tərəfindən quraşdırılacaq. Hal hazırda Yer kürəsinin orbitində 1000-dən çox Starlink peyki mövcuddur və onun internet xidmətindən istifadə edənlərin sayı artıq 30.000 insana bərabərdir. 
    Linki kopyala