main-post-cover

    Snapdragon 888 Pro prosessoru Geekbench testlərindən keçib

    Elm & Texnologiya
    30.05.2021
    Emil Nəcəfov
        Snapdragon 888 flaqman prosessorunun Pro adlı təkmilləşdirilmiş versiyasının mövcudluğu barəsində yeni sübut internetdə ortaya çıxıb. Belə ki, Snapdragon 888 Pro prosessoru barəsində bəzi məlumatlar məşhur Geekbench bençmark saytının məlumatlar bazasında aşkar edilib. Geekbench testləri sayəsində sözügedən prosessorun performans nəticələrini əldə etmək mümkün olub. Beləliklə ortaya çıxmış məlumata əsasən Snapdragon 888 Pro prosessoru 1.8 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsi, 2.42 GHz tezlikdə çalışan 3 ədəd yüksək performanslı nüvə və 3.0 GHz tezlikdə çalışan 1 ədəd böyük nüvə ilə təchiz olunacaq.
        Geekbench testlərindən belə qənaətə gəlmək olar ki, proessorunun Pro versiyası adi Snapdragon 888-dən performans məsələsində çox az fərqlənir. Belə ki, Pro versiya Geekbench-in birnüvəli testində 1171 xal, çoxnüvəli testində isə 3704 xal toplayıb. Qeyd etmək lazımdır ki, Geekbench testlərində iştirak etmiş model prosessorun test versiyası da ola bilər. Buna görə də heç istisna deyil ki, Snapdragon 888 Pro-nun final versiyası daha yüksək performans göstəricilərinə sahib olsun. Son məlumatlara əsasən Snapdragon 888 Pro-ya sahib ilk smartfonlar artıq bu ilin üçüncü rübündə satışa çıxacaqlar.
    Linki kopyala