main-post-cover

    Samsung Exynos prosessorları ARM Mali əvəzinə AMD qrafik çiplərinə sahib olacaqlar

    Elm & Texnologiya
    13.01.2021
    Emil Nəcəfov
        Hələ 2019-cu ildə Samsung şirkəti AMD ilə birgə əməkdaşlığını elan etmişdi. Bu əməkdaşlıq çərçivəsində Exynos prosessorları üçün ARM Mali qrafik çipinə alternativ variant hazırlanmalıdır. İndi isə Samsung təmsilçiləri bu məsələ ilə bağlı yeni məlumatlar veriblər. Bu barədə 4pda saytı xəbər verib. Exynos 2100 flaqman prosessorunun təqdimatının nəticələrini açıqlayan zaman Samsung təmsilçisi şirkətin bəzi planlarını açıqlayıb. Onun sözlərinə əsasən AMD tərəfindən hazırlanan qrafik çip Exynos-un növbəti flaqman modelində istifadə olunacaq.
        Ice Universe ləqəbli məşhur çinli insayder isə bildirib ki, AMD-nin qrafik çipinə sahib olacaq yeni Exynos prosessorunu çox gözləmək lazım gəlməyəcək. Belə ki, şirkət onu bu ilin sonuna kimi təqdim etməlidir. İnsayder həmçinin güman edir ki, Samsung-un qatlana bilən Galaxy Z Fold 3 smartfonu məhz bu prosessor ilə təchiz olunacaq. Bununla yanaşı şirkətin Galaxy Note seriyasından imtina edəcəyi məlumatlarının rəsmi şəkildə təkzib edilməsini nəzərə alaraq güman etmək olar ki, Galaxy Note 21 smartfon seriyası da AMD-nin qrafik çipinə sahib Exynos prosessoru ilə təchiz olunacaq.
    Linki kopyala