main-post-cover

    Redmi K30 və K30 Pro Zoom Edition flaqman smartfonları təqdim olundular - QİYMƏTİ

    Elm & Texnologiya
    24.03.2020
    Emil Nəcəfov
        Bir neçə ay olmuş məlumat sızıntılarından sonra Redmi brendi sonunda Redmi K30 ProK30 Pro Zoom Edition flaqman smartfon modellərini təqdim etdi. Yeni smartfonlar çərçivəsiz ekran dizaynını, güclü texniki özəllikləri və təkmilləşdirilmiş kameraları əldə ediblər. Hər iki smartfon xarici görünüşcə bir-birinə bənzəyir. Bununla yanaşı kamera göstəriciləri istisna olmaqla Zoom Edition versiyası digər heç bir parametrə görə adi Redmi K30 Pro-dan fərqlənmir. Beləliklə Redmi K30 Pro smartfonu 2400x1080 piksel keyfiyyətli və 60 Hz tezlikli təsvir yenilənməli 6.67 düym Super AMOLED erkana sahibdir.
        Ekran Samsung tərəfindən istehsal olunur. Bununla yanaşı smartfon ekranı Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Redmi K30 Pro-nun ekranı üzərində heç bir çıxıntı hissə yoxdur. Belə ki, onun ön kamerası hərəkətli tərzdə reallaşdırılıb və smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilib. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi K30 Pro smartfonu Snapdragon 865 prosessoru, LPDDR5 standartlı 6/8 GB RAM, UFS 3.1 standartlı 128/256 GB daxili yaddaş hcəmi, 64 MP (f/1.69 diafraqmalı Sony IMX686 sensoru) + 5 MP + 13 MP (123 dərəcə bucaq təsvirli sensor) + 2 MP dördlü arxa kamera, 20 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Redmi K30 Pro Zoom Edition modelinə gəldikdə isə onun arxa kamera sensorlarından birinin fərqli göstəricidə olmasından başqa smartfon adi Redmi K30 Pro-dan heç də fərqlənmir. Adi Redmi K30 Pro-da ikinci kamera sensoru 5 MP olduğu halda Zoom Edition-da ikinci kamera sensoru 8 MP-likdir (3 qat optik və 30 qat rəqəmsal zoom özəllikli). Hər iki smartfon 4 pikselin bir tam pikselə birləşdirilməsi texnologiyasını dəstəkləyir və daxili yaddaş həcminə qənaət edilməsi üçün fotoların HEIF formatında saxlanılmasını mümkün edir. Smartfonların kameraları 30 fps sürətlə 8K, 60 fps sürətlə 4K və 960 fps sürətlə 1080p-də slow-mo videolar çəkə bilərlər. Bütün bunlardan əlavə olaraq smartfonlar Wi-Fi 6 şəbəkə moduluna və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modula sahibdirlər. Smartfonlar 27 mart tarixində satışa çıxacaqlar. Onların qiymətləri isə aşağıdakı kimi olacaq;
    6 GB RAM və 128 GB daxili yaddaşa sahib Redmi K30 Pro - 423$
    8 GB RAM və 128 GB daxili yaddaşa sahib Redmi K30 Pro - 480$
    8 GB RAM və 256 GB daxili yaddaşa sahib Redmi K30 Pro - 522$
    8 GB RAM və 128 GB daxili yaddaşa sahib K30 Pro Zoom Edition - 535$
    8 GB RAM və 256 GB daxili yaddaşa sahib K30 Pro Zoom Edition - 564$.
    Linki kopyala