main-post-cover

    Qualcomm şirkəti smartfon ekranları üçün yeni nəsil barmaq izi skanı texnologiyasını təqdim etdi

    Elm & Texnologiya
    04.12.2019
    Emil Nəcəfov
        Yeni Snapdragon prosessor modellərindən əlavə olaraq Qualcomm şirkəti öz təqdimat tədbiri çərçivəsində həmçinin smartfonlar üçün nəzərdə tutulmuş və ultrasəs texnologiyası əsasında hazırlanmış yeni nəsil barmaq izi skanı texnologiyasını da təqdim etdi. 3D Sonic Max adlı yeni nəsil barmaq izi skanı texnologiyasının əsas üstünlüyü isə ekran üzərində daha geniş sahəni əhatə etməsindədir. Yeni barmaq izi skanı texnologiyası əvvəlki model ilə müqayisədə smartfon ekranını 17% daha çox əhatə edə bilir. Eyni anda iki barmaq izinin skan funksiyası üçün nəzərdə tutulmuş modul həmçinin öz ölçüsü ilə diqqət çəkir. Belə ki, həmin modul hətta ən nazik smartfonlara da quraşdırıla bilər.
        Bu barədə Engadget saytı xəbər verib. Qualcomm 3D Sonic Max-ın sahəsi 600 kvadrat millimetr təşkil edir. Bu cür ölçü hesabına 3D Sonic Max istifadəçi barmağının izini birinci cəhddə təyin etməyi bacarır. Beləliklə istifadəçi bu funksiyadan ilk dəfə istifadə edən zaman öz barmağını dəfələrlə ekran üzərinə toxundurmaya biləcək. Məlumatda qeyd edilib ki, eyni anda iki barmaq izinin skan olunması özəlliyi isə bu tenxologiyanın təhlükəsizliyini yeni səviyyəyə yüksəldir.
        Verilmiş məlumata əsasən yeni nəsil barmaq izi skanı tenxologiyasının istifadəsi zamanı səhvin baş vermə ehtimalı orta statistik göstəricidə milyonda birə, istehlakçı smartfonlarda isə 500.000-də birə bərabərdir. Optik texnologiyalardan fərqli olaraq ultrasəs texnologiyası əsasında hazırlanmış barmaq izi skanı texnologiyası barmaq izinin fotosunu deyil onun strukturunu təyin edir. Bu cür barmaq izini saxtalaşdırmaq çox çətindir və bu texnologiya hətta istifadəçi barmağının yaş olduğu zaman da onun barmaq izini təyin edə bilir.
        3D Sonic Max nazik membran texnologiyası əsasında hazırlanıb. Onun barmaq izi skanı ötürücüsünün qalınlığı 0.15 mm təşkil edir. Məlumatların emalı isə proqram təminatı ilə deyil aparat təminatı ilə aparılır. Bu isə öz növbəsində barmaq izi skanı texnologiyasını daha təhlükəsiz edir. Qualcomm 3D Sonic Max texnologiyasının istehsalına gələn il start veriləcək. Bu texnologiyanı ilk əldə edəcək smartfonlar barəsində hələki heç bir məlumat verilməyib.
    Linki kopyala