main-post-cover

    Qualcomm şirkəti orta səviyyəli Snapdragon 720G, 662 və 460 prosessor modellərini təqdim etdi

    Elm & Texnologiya
    21.01.2020
    Farid Pardashunas
        Keçən ay Snapdragon 865, 765765G prosessor modellərini təqdim edəndən sonra Qualcomm şirkəti indi orta büdcəli smartfonlar üçün orta səviyyəli yeni prosessor modellərini təqdim edib. Beləliklə yenicə təqdim edilmiş Snapdragon 460, 662720G prosessor modelləri 4G şəbəkəsində çalışmaq üçün nəzərdə tutulublar. Bu yeni prosessorlar əvvəlki modellərdən təkcə yüksək performans ilə deyil həm də aktual olan naqilsiz əlaqə standartlarının dəstəyi ilə də fərqlənirlər.
        Bu barədə XDA-Developers saytı xəbər verib. Təqdim edilmiş hər 3 yeni prosessor modeli Bluetooth 5.1 naqilsiz interfeysi, yeni Wi-Fi 6 standartını, siqnalın yaxşı qəbul edilməsi və mobil cihazın yerinin daha dəqiq təyin olunması üçün GNSS adlı iki tezlikli naviqasiya peyk sistemini dəstəkləyir və həmçinin süni zəka texnologiyaları ilə çalışmaq üçün optimizasiya edilib.
        Maraqlısı ondadır ki, yeni prosessorlar 5G şəbəkəsində çalışmaq üçün nəzərdə tutulmayıblar. Snapdragon 720G prosessor modeli 8 nanometrlik texnoloji proses əsasında hazırlanıb və əvvəlki Snapdragon 710/712 prosessorlarının davamçısı hesab edilir. Onun adında olan G hərfi isə prosessorun daha çox gamerlər üçün nəzərdə tutulmasını sübut edir.
        Qualcomm-un verdiyi məlumata əsasən videoçəkiliş və virtual səsli köməkçilər ilə çalışma zamanı bu prosessorun performansı yüksəlir. Həmçinin Snapdragon 720G modeli 120 Hz tezlikli ekranları da dəstəkləyir. Snapdragon 720G modeli Adreno 618 qrafik çipini əldə edib. Bütün bunlardan əlavə olaraq bu prosessor həm də 192 MP-ə kimi kamera modullarını da dəstəkləyir.
        Snapdragon 665-in əvəz edilməsi üçün şirkət Snapdragon 662-ni təqdim edib. Sözügedən prosessor smartfon kamerası vasitəsilə çəkilmiş fotoların emalı zamanı artırılmış reallıq texnologiyasının dəstəklənməsi funksiyasına sahibdir. Snapdragon 662 həmçinin NavlC naviqasiya sistemi, aptX TrueWireless Surround texnologiyası, 3 kamera və fotolar üçün HEIF formatı dəstəklərini əldə edib. Snapdragon 460 modelinə gəldikdə isə o, ultrabüdcəli smartfonlar üçün nəzərdə tutulub.
        Şirkətin verdiyi məlumata əsasən əvvəlki model ilə müqayisədə Snapdragon 460 modeli performansın 70%-dək yüksəlməsini təmin edir. Bu prosessor həmçinin Adreno 610 qrafik çipini əldə edib. Bütün bunlardan əlavə olaraq Snapdragon 460 modeli süni zəka texnologiyası əsasında hazırlanmış tətbiqlərin dəstəyini əldə edib və yeni Snapdragon X11 modemi vasitəsilə 4G şəbəkəsində yüksək sürəti təmin edir. Qualcomm qeyd edib ki, Snapdrogn 720G prosessoruna sahib smartfonlar yaxın bir neçə ay ərzində təqdim olunacaqlar. Snapdragon 662 və 460 prosessor modellərinə sahib smartfonlar isə bu ilin sonuna kimi təqdim olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər