main-post-cover

    Qatlana bilən Galaxy Z Flip-in texniki göstəriciləri barəsində məlumat verildi

    Elm & Texnologiya
    21.01.2020
    Emil Nəcəfov
        11 fevral tarixində Samsung şirkəti Galaxy S20 flaqman smartfon seriyası ilə birlikdə həmçinin Galaxy Z Flip adlı yeni qatlana bilən smartfon modelini də təqdim etməlidir. Sözügedən qatlana bilən smartfon modelinin render fotoları daha öncədən ortaya çıxmışdı. İndi isə məşhur hindistanlı insayder Ishan Agarwal, Galaxy Z Flip-in texniki göstəriciləri barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Verilmiş məlumata əsasən Galazy Z Flip 6.7 düym Dynamic AMOLED ekrana sahib olacaq.
        Qeyd etmək lazımdır ki, Galaxy Z Flip smartfonu keçən ilin sonunda təqdim edilmiş Motorola RAZR kimi qapaqlı smartfon dizaynında hazırlanacaq. Buna görə də Galaxy Z Flip-in xaricində bildirişlərin əks olunması üçün kiçik əlavə ekran da olacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, smartfon 108 MP-lik kamera moduluna sahib olacaq. Yeni məlumata əsasən isə smartfonda bu cür kamera modulu olmayacaq. Onun yerinə smartfon 12 MP-lik əsas kamera və 10 MP-lik ön  kamera ilə təchiz olunacaq.
        Bununla yanaşı Galaxy Z Flip 256 GB daxili yaddaş həcminə, 3300 və ya 3500 mAh enerji tutumlu batareyaya sahib olacaq. Galaxy Z Flip smartfonu One UI 2.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Bir çox məlumatlara əsasən smartfon Snapdragon 855 prosessoru ilə təchiz olunacaq. Görünür, bu smartfon ilə Samsung innovasiyalar ardınca qaçmaq əvəzinə əsas diqqətini qiymət göstəricisinə yönəldib. Belə ki, Koreyanın kütləvi informasiya vasitələrinin verdikləri məlumatlara əsasən Cənubi Koreyada Galaxy Z Flip smartfonu 860$ qiymətində satışa çıxacaq. Bu isə keçən ilki Galaxy Fold-dan 2 dəfə ucuzdur.
    Linki kopyala