main-post-cover

    Proqramlaşdırma üçün ənənəvi yoxsa online təhsil?

    25.04.2018
    Farid Pardashunas
        Rəqəmsallaşan dünya və yeni texnologiyalar həyatımızın bütün fəaliyyət istiqamətlərinə təsir edib. Bu istiqamətlərdən biri və mühüm olanı da Təhsildir. Texnologiyanın təhsildə yaratdığı mühüm imkanlardan biri də online təhsilin yaranmasıdır. Təhsilin istənilən sahəsi demək olar ki, elektronlaşdırılıb. Hal-hazırda online olaraq təhsil verən universitetlərin sayı da az deyil. Bugün haqqında danışacağımız mövzu online təhsil və ənənvi təhsil arasında olan fərqlər, onların yaratdığı üstünlüklər və çatışmazlıqlar olacaq. Mövzunu daha spesifik etmək üçün bu məqaləmizdə IT və proqramlaşdırma kurslarının hansı metodla öyrənilməsinin daha effektiv olması haqqında danışacağıq. Mövzu proqramlaşdırma və kodlaşdırma olanda ağıllara gələn ilk sual “Əgər işim rəqəmsaldırsa, bunu niyə elə rəqəmsal kanallardan deyil, ənənəvi metodlarla öyrənim?” olur.
        Bu məqaləmizin də elə əsas məqsədi, hər iki təhsil sisteminin yaratdığı üstünlükləri və mənfi cəhətləri sizinlə bölüşüb, qərarı sizə buraxmaqdır. İlk müzakirə mövzumuzu bu yaxınlarda sosial şəbəkələrdə geniş müzakirə doğuran bir mövzu ilə əlaqələndirmək istəyirəm. “Proqramlaşdırmanı online yoxsa ənənəvi kurslarla öyrənmək daha effektiv olardı?”
        Gəlin ilk öncə iki nümunə üzərindən misal gətirək. Java proqramlaşdırma dilini öyrənmək istəyən bir tələbə 2 seçim arasında qalıb. Bunlardan biri Udemy-də olan 56 dərsdən ibarət bir online kurs, digəri isə Azərbaycanda fəaliyyət göstərən qlobal brend Step IT Akademiyasının 1 illik proqamı əhatə edən Java kursudur. İki kurs arasında əsas olan fərq birincisinin online təhsil, ikincisinin isə kollec statusu olan ənənəvi təhsil metodu üzərindən çalışmasıdır. İki təhsil metodunun müzakirəsinə başlayaq. Bizim tələbə hansı kursu seçsə onun üçün daha effektiv olacaq? Burada hansı faktorlar daha önəmlidir?
    1. Məsuliyyət
        Online kurslar, ənənəvi kurslardan fərqli olaraq fərdi məsuliyyət aşılamır. Online kursu alan tələbənin, tapşırığı etməsi və dərsi öyrənməsindən məsul şəxs elə onun özüdür. Online kurslarda sizi narahat edən və daim sizinlə maraqlanan bir şəxs olmur. Mail və dərsləri öyrənməməyinizlə bağlı gələn bildirişlər sizi bezdirə bilər amma məsuliyyət olmadıqda bütün bunlar görünməz olacaq sizin üçün. Bunun əksi olaraq ənənəvi metodda sizinlə maraqlanan müəllim yaxud bir professor var. Növbəti dərs günü sizin onun qarşısında nə cavab verəcəyiniz və hansı izahı verəcəyiniz hissi sizi narahat edir və bu istər-istəməz əlavə məsuliyyət yaradır. Həm də sinif otağında olan dostlarınız yaxud bəlkə də xoşunuza gələn qızın yanında utanmaq kimi bir hiss daha var. Online kurslarda isə bir pəncərəni bağlamaqla bütün hisslərin üstündən xətt çəkib, YouTube-da yaxşı bir musiqi dinləməklə dərsin məsuliyyətini üzərinizdən ata bilərsiniz. Yox əgər siz düşünürsünüzsə ki, kifayət qədər fərdi məsuliyyət hissi sizdə var, bu zaman seçimi online kurslar tərəfindən edə bilərsiniz.
    2. Vaxtın idarə olunması
        Online kursları, ənənəvi kurslardan fərqləndirən və bəlkə də üstün edən faktorlardan biri də vaxt limitinin yaxud məhdudiyyətinin olmamasıdır. Online kurslara istənilən yerdən yaxud istənilən vaxtda qoşulmaq kimi bir imkanınız var. Bu çox yaxşı səslənsə də özü ilə bəzi problemlər gətirir. Dərsi öyrənmək üçün dəqiq vaxtınızın olmaması kimi. Ənənvi kurslarda sizin üçün bir məcburiyyət var, həftə içi təyin olunmuş bir saat sizin beyninizdə artıq öncədən ayrılıb və ona fokuslanırsınız. Bu davamlı olaraq baş verdikdə artıq sizdə məcburiyyət hissi yaradır. Online kurs keçən tələbəyə dostları tərəfindən həftə sonu əylənmə təklifi gəldikdə, bizim tələbənin asanlıqla kursdan imtina edib, əyləncə üçün gedəcəyini görə bilərik. Lakin ənənəvi kurslar sizin həyatınızda yaxud beyninizdə konkret bir vaxtı rezerv edir və siz ona fokuslanırsınız. Təbii ki, bu şəxsi iradədən və tələbənin özündən asılıdır. Lakin təcrübə göstərir ki, online kurs öyrənən tələbələrin əksəriyyəti bunu davamlı olaraq eyni vaxtda etmir. Sırf bu faktoru online kurs üçün həm müsbət həm də mənfi cəhət kimi göstərmək olar.
    3. Fərdi Yanaşma və Real zamanlı cavablama
        Online proqramlaşdırma dili kursu keçən bir tələbə ilə, STEP IT Akademiyasında təhsil alan bir tələbənin qarşılaşdığı problemi həll etmə üsulu fərqlidir. Belə ki, online kursda yaranacaq bir sual yaxud başa düşülməyən hansısa məntiq sizi düşündürəcək. Bu halda edə biləcəyiniz ən yaxşı 2 şey var. Birincisi kursu tərtib edən müəllimə mail yaxud mesaj yazıb, onun nə vaxt online olub, cavab yazacağını gözləmək və yaxud internetdə axtarışa çıxmaq. Bu sizə yaxşı bir həll kimi görünə bilər lakin, nəzərə almaq lazımdır ki, vaxta qənaət etmək üçün götürdüyünüz online kurs yaranan suallar ilə birlikdə sizdən daha çox vaxt aparacaq. Əks tərəfdə isə STEP IT Akademiyasında təhsil alan bir tələbənin yaranmış xətasını müəllim fərdi yanaşma ilə yerindəcə həll edə bilir. Mənim fikrimə görə fərdi yanaşma və real zamanlı həll, ənənəvi kursların ən yaxşı üstünlüyüdür.
    4. İstiqamət və Yönləndirmə
        Proqramlaşdırmaya yeni başlayanlar üçün onları narahat edən ən önəmli sual haradan başlamalıdır. “Frontend, Backend, html, PHP yoxsa nə? Haradan başlamaq lazımdır?” Ənənəvi kurslar sizə konkret bir proqram üzərindən yön verir və yolun sonunda sizin üçün konkret hədəf seçir. Açığı siz online kurslar seçməklə bir neçə proqramlaşdırma dilini öyrənə bilərsiniz, xətalar edə bilərsiniz, sonra yön dəyişdirərsiniz. Amma məsələ burasındadır ki, ənənəvi kurslarda bu yolları çoxdan keçmiş müəllimlərin təcrübələri var. Onlar sizə nəyin doğru nəyin yanlış olduğunu hansı istiqamətin sizə uyğun olduğunu, hansı səhvi harada necə həll etməli olduğunuzu başa sala bilir. Doğrudur, düşünə bilərsiniz ki, bunlara IT forumlarda da cavab tapmaq olar. Doğrudur, amma bu sizin üçün əlavə vaxt itkisinə yaxud yanlış informasiyaya yönlənməyə də səbəb ola bilər. Ənənəvi kurslar, online kurslardan fərqli olaraq sizə komfortlu bir sistem təqdim edir.
    5. Sosial həyat
        Online kurslarda sizin tələbə yoldaşlarınızın, dünyanın müxtəlif ölkələrindən olan insanların olması çox yaxşı bir haldır. Amma məsələ orasındadır ki, bu online təhsil verən universitetlərə aiddir. Adi online kurslarda sizin tələbə yoldaşınızın və əhatənizin olması mümkünsüzdür. Ən yaxşı halda forumlardan və yaxud sosial şəbəkələrdən ortaq düşüncələrinizə uyğun virtul dostlar tapa bilərsiniz. Ənəvəvi metodda isə bu belə deyil. Akademiyada ənənəvi təhsil alan bir tələbənin fasilə zamanı tələbə yoldaşı ilə kofe içərək yazdıqları yaxud öyrəndikləri kodun müzakirəsini düşünürəm ki, heç nə əvəz edə bilməz. Təhsil ərzində uzun müddət münasibət qurduğunuz bir dostunuz, gələcəkdə sizin karyera imkanlarınızda da istifadə oluna bilər. Bəlkə də siz, gələcəkdə çox məşhur bir startap sahibi ilə eyni masa arxasında əyləşmisiniz yaxud həmin şəxs elə sizsiniz.
    6. Dil
        Azərbaycanda proqramlaşdırma yaxud kodlaşdırmanı erkən yaşda öyrənmək istəyən bir gəncin əsas problemi dil baryeridir. Çox təəssüf hissi ilə deyə bilərik ki, Azərbaycan dilində olan online mənbələr çox azdır, olanlar isə köhnə məlumatlardır. Hər hansı xarici dili bilməyən biri üçün proqramlaşdırmanı öyrənmək çox çətindir. Belə olan halda isə ənənəvi Akademiya təhsili köməyə çata bilir. Step IT Akademiyası Azərbaycan dilində təhsil verir və daha bir üstünlüyü ondan ibarətdir ki, onlar kollec statusuna da sahibdirlər. Düşünə bilərsiniz ki, türk dilli mənbələrdən online kurslar əldə etmək olar amma sizi əmin edə bilərik ki, kodlama heç də YouTube-da baxdığınız türk dilində olan tutoriallar qədər sadə mənimsəniləcək bir sahə deyil. Online kurslarda sizi hind ləhcəsində ingilis dilində danışan bir müəllim də qarşılaya bilər. Düşünürəm ki, Azərbaycan üçün akademiya təhsili hələ də aktuallığını qoruyur.
    7. İmkanlar
        Yeni başlayan bir tələbə üçün bir kompüter və internet bağlantısı kifayət edir ki, o, ona lazım olan online kursu ala bilsin. Lakin əgər mövzu hər hansı bir cihazının ana löhvəsinin yığılması olsa? Yaxud robotların hazırlanması? Hansısa cihazın sxeminin qurulması yaxud fotoqrafiya və dizayn. Akademiyalar yaratdığı imkanlar ilə tələbəyə üstünlük yaradır ki, o lazım olan bütün praktiki mərhələlərdə iştirak etsin. Şəbəkə təhlükəsizliyi üzrə təhsil alan biri üçün real serverlər ilə tanışlıq mühüm təcrübədir. Online kursda isə sizin toxuna biləcəyiniz bir server yaxud RAK Cabin olmur. Akademiyalar tələbələrə bütün təcrübələri real yaşatmaq üçün lazım olan hər şey ilə təchiz olunurlar. Bura avadanlıqlar, cihazlar və sizin təcrübələrinizi daha real yaşamaq üçün lazım olan hər şey daxildir.
    8. Karyera
        Prestijli və yüksək statuslu Akademiyaların nailiyyət və bitirmə sertfikatları bütün dünyada tanınır. Məsələn, STEP IT Akademiyası dünyanın 16 ölkəsində 44 filiala sahibdir və tələbələri dünyanın qabaqcıl IT şirkətlərində çalışır. Akademiyalar adətən öz məqsədlərini və imiclərini qorumaq üçün həmişə tələbənin gələcək karyerasında maraqlı olurlar. Akademiyalar istəyir ki, onlar daim tələbələri ilə fəxr edib, həmin tələbələrdən reklam üçün istifadə etsinlər. Doğrusu, burada Akademiyanın bunu öz imici üçün etdiyini düşünə bilərik amma məsələ odur ki, bu imic sizin karyeranızda yüksəlişə səbəb ola bilir. Təsadüfi deyil ki, burada təhsil alan tələbələr təhsil müddəti ərzində Microsoft, Cisco, Autodesk kimi şirkətlərin beynəlxalq sertifikatlarına ödənişsiz sahib olurlar. Eyni zamanda iri şirkətlər adətən belə akademiyalar ilə əməkdaşlıq edərək, özləri üçün kadr cəlb edirlər. Biraz ağır səslənsə də online kursunu satmaq istəyən bir hindli proqramçı sizin karyeranızda heç də maraqlı deyil. Verdiyi sertifikat ilə isə maksimum hansısa təcrübə proqramına qəbul ola bilərsiniz.
        Əslində bu məqalədə daha çox real akademik təhsilin online təhsildən üstün cəhətlərini sizə çatdırmaq istədik. Bu o demək deyil ki, online təhsil uğursuz seçimdir. Az büdcə və böyük məsuliyyət ilə online təhsil həmişə sizin yanınızdadır. Bu təhsil üçün harasa getməyə ehtiyac yoxdur, internet sizə kifayət edər ki, sizə lazım olan məlumatı əldə edəsiniz. Amma məsələ odur ki, uğurlu və ciddi karyera qurmaq istəyənlər mütləq həyatının müəyyən hissəsində akademik təhsil ilə qarşılaşırlar. Heç də təsadüfi bir hal deyil ki, texnologiyanın mərkəzi olan Silikon Vadisində IT şirkət rəhbərləri öz övladlarını ənəvi metodlarla təhsilə yönləndirirlər. Waldorf təhsil sistemi haqqında bu məqaləmizdən geniş məlumat əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər