main-post-cover

    Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki özəllikləri təqdim olunub

    Elm & Texnologiya
    03.12.2020
    Farid Pardashunas
        Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun bütün texniki özəlliklərini təqdim etdi. Yeni prosessorda edilmiş dəyişikliklər bütün aparıcı özəllikləri əhatə edir. Mərkəzi prosessor ilə qrafik çipin performans göstəricilərinin yüksək səviyyəyə qaldırılmasından əlavə olaraq Snapdragon 888 həmçinin flaqman smartfonların kameralarının təkmilləşdirilməsi üçün nəzərdə tutulub və yüksək performansa sahib süni zəka modulu ilə təchiz olunub. Beləliklə 5 nanometrlik Snapdragon 888 prosessoru 8 nüvədən ibarətdir və 3 klasterə bölünüb. 2.84 GHz tezlikdə çalışan 1 ədəd ARM Cortex-X1 nüvəsi, 3 ədəd Cortex-A78 nüvəsi və 4 ədəd Cortex-A55 nüvəsi.
        Şəbəkə özəlliklərindən isə prosessora inteqrasiya edilmiş Snapdragon X60 5G modemi cavabdehdir. Bu modem öz növbəsində saniyədə 7.5 Gbit download sürətini və saniyədə 3 Gbit upload sürətini təmin edir. Prosessorun mobil oyunlar və multimedia kontentlərinin emalı kimi özəllikləri də təkmilləşdirilib. Yeni qrafik çip olan Adreno 660 əvvəlki model ilə müqayisədə 35% daha yüksək performanslı olub. Bununla yanaşı onun enerji effektivliyi əvvəlki GPU modeli ilə müqayisədə 20% yüksəkdir.
        Snapdragon 888 prosessoru mobil oyunlar üçün nəzərdə tutulmuş Quick Touch texnologiyasını əldə edib. Bu texnologiya istifadəçinin sensorlu ekranla qarşılıqlı əlaqəsi zamanı ekranın toxunuşa reaksiya müddətini aşağı salır. Məsələn 60 fps kadr tezliyində toxunuşa reaksiya sürəti 20%, 60 fps kadr tezliyində sürət 15%, 120 fps kadr tezliyində isə sürət 10% yüksəlib. Oyun oynamaq istəyən zaman bu texnologiyanı fərdi şəkildə aktivləşdirməyə ehtiyac qalmayacaq. Belə ki, oyuna daxil olan zaman o avtomatik şəkildə işə düşəcək.

    Snapdragon 888 prosessoru Qualcomm şirkətinin ilk prosessorudur ki, Variable Rate Shading funksiyasını əldə edib.

        Bu funksiya əsasən desktop videokart sahiblərinə yaxşı tanışdır. Belə ki, bu funksiya oyunda istifadəçinin gözünə görünməyən teksturların keyfiyyətlərini aşağı salaraq qrafik prosessora olan yüklənməni 40% aşağı endirir. Nəticədə istifadəçi yüksək detalizasiyaya sahib təsviri görə bilir. GPU isə bu halda təsvirin artıq qalan hissələrini detalizasiya etmək üçün əlavə resurs sərf etmir. Prosessorun digər vacib özəllikləri arasında həmçinin True 10-bit HDR texnologiyasının dəstəyi, qrafik drayverlərin əməliyyat sistemindən ayrıca yenilənməsi və Qualcomm AptX, Qualcomm Aqstic, Dolby Atmos texnologiyaları ilə uyğunlaşması var. Mühəndislər yeni Snapdragon 888-də əsas diqqəti süni zəkaya ayırıblar.

    Neyroşəbəkə hesablamaları üçün inteqrasiya edilmiş Hexagon 780 prosessoru saniyədə 26 trilyon əməliyyatı yerinə yetirmək qabiliyyətinə sahibdir.

        Bu isə Snapdragon 865-dəki süni zəka modulunun gücündən 43% çoxdur. Əvvəlki nəsil süni zəka çiplərində skalyar, vektor tenzor sürətləndiricilər ayrı-ayrı elementlər kimi qəbul olunurdular. Lakin Snapdragon 888-də Qualcomm şirkəti bu elementləri vahid klasterdə birləşdirib və həmin klaster üçün ümumi yaddaş həcmi ayırıb. Bunun sayəsində müxtəlif istifadə ssenarilərində sürətləndiricilər arasındakı keçid vaxtı 1000 dəfə aşağı düşüb. Hexagon 780-ə həmçinin daimi aktiv şəkildə olan süni zəka prosessoruna sahib Qualcomm Sensing Hub texnologiyası inteqrasiya edilib. Onun sayəsində Hexagon-un enerji sərfiyyatı 80% aşağı düşüb.
        Prosessorun smartfon kamerası ilə qarşılıqlı əlaqəsindən Spectra 580 çipi cavabdehdir. Bu çip sayəsində flaqman smartfonlar 3 kamera ilə eyni anda 4K video və ya 28 MP-lik fotolar çəkə biləcəklər. Bundan əlavə olaraq Snapdragon 888-ə sahib smartfon 1 saniyə ərzində 12 MP-lik keyfiyyətə sahib 120 kadr çəkə bilər. Həmçinin saniyədə 120 kadr sürətlə 4K videoların çəkilişi də dəstəklənir. Snapdragon 888 prosessoruna sahib olacaq smartfonların istehsalını artıq bir sıra böyük istehsalçılar təsdiqləyiblər. Bu yeni prosessora sahib olacaq ilk smartfonların 2021-ci ilin birinci rübündə satışa çıxacaqları gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər