Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - Fit2Best

TEXNOLOGİYA


20.08.2019 0 PAYLAŞIM 296 OXUNMA


    Texnologiyanın inkişafı və demək olar bütün sahələrin rəqəmsallaşması sağlamlıq və fitness mövzusuna da təsirsiz ötüşməyib. Qlobal miqyasda kifayət qədər idman və sağlamlıqla bağlı tətbiqlər mövcuddur. Bu tipli tətbiqlərin əsas xüsusiyyəti mobil tətbiq vasitəsilə disiplinli məşq proqramı yaratmaq, evdə məşq etmək, dieotoloq və məşqçilərlə operativ ünsiyyət yaratmaq və ən əsası öz çəki, boy və digər göstəricilərinizə uyğun proqramlar əldə etməkdir.

    Fit2Best adlı yenicə təqdim olunan yerli tətbiq də məhz bu işi görür. "Sağlamlığın ən yaxşı yolu" şüarı ilə yola çıxan platforma həm iOS həm də Android ƏS-li istifadəçilər üçün mövcuddur. Tətbiq vasitəsilə Azərbaycanın tanınmış dietoloqları və fitness məşqçiləri tərəfindən hazırlanmış müxtəlif məşq, diet və sağlamlıq proqramlarını əldə edə bilərsiniz. Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqdim olunmur. Tətbiqə daxil olunan zaman tətbiq sizdən çəki, boy və digər göstəriciləriniz haqda məlumat əldə etdikdən sonra cinsinizə uyğun sizə proqramlar təklif edə bilir.     Normalda hansısa məşqçidən çox baha əldə edə biləcəyiniz hər hansı proqramı, bu tətbiq vasitəsilə dəfələrlə ucuz qiymətə əldə edə bilirsiniz. Bunun əsas səbəbi isə tətbiqin bazar yeri (marketplace) biznes modelinə sahib olması və məşqçilər arasında rəqabətin mövcudluğudur. Çünki, bu platforma vasitəsilə məşqçi və treynerlər daha çox istifadəçi kütləsinə çata bilir və bu da qiymətlərin xüsusi məşq proqramlarından daha ucuz başa gəlməsinə səbəb olur.

    Tətbiq hazırda ilkin mərhələdə təqdim olunub və əlavə olaraq mütəmadi şəkildə servisə məşqçilər və proqramlar yüklənir. Proqram sizə ən yaxın məşq və fitness zallarını göstərə və həmin zallara olan abunəliyi təmin edə bilir. İstər zallara abunəlik və istərsə də proqramların alışı onlayn ödənişlər şəklində rahat və asan həyata keçir. Tətbiqin statistika və hesabat bölməsində isə siz mütəmadi olaraq göstəricilərinizi izləyə bilərsiniz.

    Platformada fitness və sağlamlıq proqramlarının satışından əldə olunan gəlirinin 5%-ni UAFA-nın xeyriyyə fonduna köçürür. Bunun vasitəsilə xüsusən fiziki məhdudiyyətli uşaqların sağlamlığına və təhsilinə dəstək olmuş olur.

    Tətbiq həm iOS həm də Android platformaları üçün mövcuddur. Yerləşdirilmiş linklər vasitəsilə tətbiqi yükləyib test edə bilərsiniz.