main-post-cover

    NVIDIA pilotsuz avtomobillər üçün süni zəka əsaslı Drive Thor adlı yeni prosessorunu təqdim edib

    Elm & Texnologiya
    21.09.2022
    Farid Pardashunas
        NVIDIA şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş Drive Thor adlı yeni prosessorunu təqdim edib. Təqdim edilmiş bu prosessorun irimiqyaslı istehsalına 2024-cü ildə start verilməsi planlaşdırılır. Gözləntilərə əsasən sözügedən prosessor pilotsuz avtomobillər sahəsində inqilab yaradacaq. NVIDIA şirkətinin vitse-prezidenti Danny Shapiro-nun sözlərinə əsasən Thor prosessorları 2025-ci ildə satışa çıxacaq avtomobillərə quraşdırılacaq. Onlardan biri də Çinin Zeekr adlı avtomobil şirkətinin 001 EV elektromobili olacaq. Thor prosessorları Hopper adlı yeni qrafik arxitektura əsasında hazırlanıb və pilotsuz avtomobillər üçün vacib sayılan faktorlardan biri olan geniş süni zəka imkanlarına sahibdir. “Bu prosessorlar tam avtopilota kimi böyümək potensialına sahibdirlər” - deyə Danny Shapiro qeyd edib. Bu bəyanatla Shapiro qeyd etmək istəyib ki,Thor prosessorları 4-cü və ya 5-ci səviyyəli avtopilot sistemlərinin ərsəyə gəlmələrində aparıcı rol oynaya bilərlər. Qeyd etmək lazımdır ki, 4-cü və ya 5-ci səviyyəli avtopilot sistemləri çərçivəsində avtomobil insan nəzarəti və ya ümumiyyətlə sürücünün iştirakı olmadan sistem tərəfindən idarə oluna bilər. NVIDIA 2024-cü ildə Atlan adlı prosessoru istehsal etməyi planlaşdırırdı. Lakin nəticədə şirkət onu ləğv etdi və üstünlüyü Thor prosessoruna verdi.

    Thor prosessoru isə öz növbəsində süni zəka əsaslı proqram təminatları ilə çalışma çərçivəsində saniyə ərzində 2 kvadrilyon əməliyyatın yerinə yetirilmə sürətinə çata bilir. Bu, artıq ləğv edilmiş Atlan-dan 2 dəfə və mövcud olan Orion adlı prosessordan 8 dəfə sürətlidir.

        Thor prosessoru Hopper arxitekturasının əsas özəlliklərindən birini dəstəkləyir. Söhbət, süni zəka alqoritmlərinin xüsusi transformasiya mühərrikləri vasitəsilə sürətlənmələrindən gedir. NVIDIA həmçinin Thor prosessorunun daha ucuz versiyalarını satışa çıxartmağı planlaşdırır. Prosessorun daha ucuz versiyaları avtomobil idarəsi üzrə az tələbkar proseslərin yerinə yetirilməsi ilə məşğul olacaqlar. Bu cür proseslərə misal olaraq hərəkət zolağının idarəsini və avtomatik şəkildə çalışan təcili əyləci gətirmək olar. Avtomobil prosessorları bazarı getdikcə böyüyür və avtomobil istehsalçıları sürücüyə yardım, məlumat-əyləncə, mühərrikin çalışmasından tutmuş GPS naviqasiyaya kimi olan sistemlər üçün nəzərdə tutulmuş yüksək performanslı yeni növ prosessorlar ilə digər yarımkeçirici çipləri tələb edirlər. Məsələn Porsche Taycan adlı elektromobildə 8000-dən çox müxtəlif növ çip mövcuddur. Sürətlə böyüyən bu bazar müxtəlif növ prosessor istehsalçılarına külli miqdarda gəlir gətirir. NVIDIA artıq avtomobil prosessorlarının istehsalı məsələsində 11 milyard dollar dəyərində ilkin sifarişə sahibdir. Şirkətin əsas rəqibi olan Qualcomm isə bu məsələdə 19 milyard dollar dəyərində ilkin sifarişə sahibdir.

    Thor özündə birləşdirən tranzistor sayına görə bazarın ən qəliz prosessorlarından biri olacaq. Belə ki, sözügedən prosessor özündə 77 milyard tranzistoru birləşdirir.

        Hopper adlı qrafik prosessorlardan istifadə ilə yanaşı Thor prosessoru adi hesablama tapşırıqlarının həll olunması üçün NVIDIA Grace prosessorunun CPU nüvələrindən istifadə edir. Bununla yanaşı Thor prosessorunda yeni nəsil oyun GPU texnologiyasından istifadə edilir. Söhbət, Ada Lovelace adlı arxitekturadan gedir. Qeyd etmək lazımdır ki, NVIDIA-nın yenicə təqdim etmiş olduğu GeForce RTX 4000 videokart seriyası da Ada Lovelace arxitekturası əsasında hazırlanıb. NVIDIA-nın sözlərinə əsasən bütün bu texniki imkanlar sayəsində avtomobil istehsalçıları öz məhsullarındakı bahalı və daha yüksək enerji sərfiyyatına sahib kiçik çipləri daha güclü vahid çip ilə əvəz edə biləcəklər. Bu isə öz növbəsində bu cür avtomobillərin proqram təminatlarının rahatlıqla yenilənmələrinə səbəb olacaq. Tesla artıq uzun illərdir ki, bu cür imkanlardan faydalanaraq bazarın lider şirkəti olaraq qalır.
        Thor prosessorunun həmçinin robotlarda və tibbi təchizatlarda istifadə edilməsi də planlaşdırılır. Sözügedən prosessorda eyni anda 3 əməliyyat sistemini işə salmaq mümkün olacaq. Söhbət, Linux, Android QNX-dən gedr. Bu, avtomobilin müxtəli hesablama mühitlərinin bir-biriləri arasında konflikt yaratmadan çalışmalarına şərait yaradacaq. Prosessorun hesablama güclərinin bu cür texnoloji bölünməsi ona zəmanət verir ki, avtomobilin məlumat-əyləncə sistemləri kimi daha aşağı prioritetli tapşırıqları avtomobilin təhlükəsizliyi ilə bağlı olan yuxarı prioritetli tapşırıqları ilə konflikt yaratmadan çalışa biləcəklər. Tamamilə avtonom rejimdə çalışan avtomobillərin satışa çıxacaqları artıq uzun illərdir ki, gözlənilir. Lakin bu cür avtomobillər hələ də test mərhələsindən keçirlər. NIVIDIA şirkətinin yeni prosessorları isə sözügedən avtomobillərin test mərhələsindən irimiqyaslı istifadə mərhələsinə sürətli keçidlərində yardımçı olmalıdırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər