main-post-cover

    Meta şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    17.01.2022
    Emil Nəcəfov
        Let’s Go Digital saytı Meta şirkətinin ilk smart saatı ilə bağlı patentini aşkar edib. Aşkar edilmiş patent smart saat barəsində məlumatları ortaya çıxardıb. Güman olunur ki, Meta-nın ilk smart saatı çıxarıla bilən ekran və müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş bir neçə kamera ilə təchiz olunacaq. Hələ keçən ilin iyun ayında insayderlər xəbər vermişdilər ki, Meta şirkəti öz smart saatı üzərində çalışır və smart saat çıxarıla bilən ekran və bir neçə kamera ilə təchiz olunacaq. İndi isə həmin məlumatlar təsdiqləniblər. Belə ki, aşkar edilmiş patentdəki smart saat təsvirləri insayderlərin verdikləri məlumatlar ilə üst-üstə düşürlər. Beləliklə patent təsvirlərinə əsasən ekran smart saat gövdəsinə maqnitlər vasitəsilə bərkidilir və üstəlik gövdə üzərində fırlanma özəlliyinə sahibdir.
        Kvadrat dizaynda ekranın 4 ədəd, dairəvi dizaynda isə 5 ədəd fikslənmiş mövqeyi mövcuddur. Çıxarıla bilən ekrandan əlavə olaraq smart saat 3 kamera ilə təchiz oluna bilər: Əsas obyektiv, ultragenişbucaqlı obyektiv və optik zoom özəllikli obyektiv. Görünür, müəyyən kameradan istifadə üçün istifadəçi məhz ekranın gövdə üzərində fırlanması imkanından yararlanacaq. Patentə əsasən smart saat bədən temperaturu ilə ürək döyüntülərinin ölçülməsi sensorları və akselerometr ilə təchiz oluna bilər. Maraqlısı ondadır ki, Meta şirkəti sözügedən cihazı necəsə VR AR-ə inteqrasiya etmək niyyətindədir. Meta-nın ilk smart saatının nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur.
    Linki kopyala