main-post-cover

    Məşhur 'Sapiens' kitabının müəllifi Yuval Noah Harari: '21-ci əsrin çətin imtahanları'

    03.11.2018
    Farid Pardashunas
        Sizlərə “Sapiens: A Brief History of Humankind” və “Homo Deus: A Brief History of Tomorrow” kimi məşhur kitabların müəllifi Yuval Noah Harari-nin çıxışlarından birinin tərcüməsini təqdim edirəm. Bu tərcüməni oxumamışdan öncə oxuculardan bir xahişim var. Aşağıda qeyd olunanlar Harari-nin fikirləri və yaxın gələcək üzrə olan proqnozlarıdır. Xahiş edirəm ki, aşağıda yazılanları mütləq şəkildə qəbul etməyin. Əksinə onları oxuyandan sonra bu maraqlı mövzu ətrafında düşünün və bununla bağlı özünüz üçün bir yekun qərar çıxardın. Əminəm ki, sizə maraqlı olacaq.
        20-ci əsrdə insanlıq mümkün olmayanı bacardı və aclığı, epidemiyanı, müharibəni geridə qoydu. İndi bütün tarix boyu ilk dəfə aclıqdan daha az insan vəfat edir nəinki artıq çəkidən, xəstəliklərdən daha az insan vəfat edir nəinki qocalıqdan, zorakılıqdan daha az insan vəfat edir nəinki bədbəxt hadisədən. 21-ci əsrin ağır imtahanları ilə qarşı-qarşıya qalan zaman bu nailiyyətləri xatırlamaq lazımdır. Bu əsr çoxlu yeni və bizim daha öncə qarşılaşmadığımız ağır imtahanlarla bol olacaq. İqlim dəyişikliyindən başlayaraq süni zəka kimi inqilabi texnologiyaların inkişafına qədər. Bizim söhbətimizdə mən ən əsas qlobal problemlərdən birinə diqqətimi yönəltmək istəyirəm. Növbəti onilliklərdə bioloji və informasiya texnologiyalarının inkişafı və ən əsası onların birləşməsi dağıdıcı zərbəyə sahib böyük elmi sunamiyə çevriləcək. Bu isə öz növbəsində bizim insanlıq barəsində anlayışımızı dəyişəcək və müasir sivilizasiyanın humanist təməlini yerindən oynadacaq. Çünki biz nüvə müharibəsi, iqlim dəyişikliyi və ya süni zəka kimi böyük imtahanlarla qarşılaşanda müəyyən etik normalara ehtiyac duyuruq.
        Uzun əsrlər boyu bizim belə güclü normalarımızdan biri də humanizm olub. Lakin 21-ci əsrdə humanizm öz aktuallığını itirə bilər. Ümumilikdə humanizm nədir? Qısaca desək, bu, hakimiyyətin əsas mənbəyinin insan hisslərinə əsaslanmasına dair inam və ideyadır. Biz özəl həyatımızda və ya cəmiyyətdə ciddi suallar və ya dilemmalar ilə qarşılaşanda humanizm güman edir ki, insanların hissləri və azad iradələri həmin suallara və dilemmalara cavab verəcəklər. Humanizm bizləri öyrədir ki, insanlar özlərinə qulaq asmalıdırlar. Öz ürəyinin arxasınca getmək, özünə heç zaman xəyanət etməmək və s. Və bir halda ki, mənim duyğularımı və seçimlərimi məndən başqa heç kim yaxşı başa düşmür, heç kim mənim və mənim həyatım üzərində hakimiyyətə sahib ola bilməz. Bu, humanizmin əsas ideyasıdır. Bu bir qədər qeyri-müəyyən və abstrakt səslənir. Buna görə də mən humanizmin praktik tətbiqi üzrə bir neçə misal gətirəcəm. Mən əminəm ki, biz bu qədər vacib suallar və əsasən də etik problemlər haqqında danışanda parlaqlıq daha böyük məna kəsb edir. Beləliklə praktiki cəhətdən humanizm nədir? Bunun üçün gəlin bir sıra sahələrə üz tutaq.
        İlk növbədə siyasət. Humanist siyasət nədir? Onun ideyasına əsasən seçici ən yaxşısını biləndir və bütün hökumətlər seçiciləri dinləməlidirlər. Əgər siz böyük siyasi problemlə qarşılaşırsınızsa sadəcə olaraq seçicilərə yönəlmək və onların həmin problem barəsində nə düşündüklərini soruşmaq lazımdır. Belə ki, seçicilərin hissləri siyasi idarəetmənin əsas qoludur. Müxtəlif referendumlar və seçimlərdə seçicilərdən soruşulmur ki, onlar bu və ya digər məsələ barəsində nə düşünürlər. Onlardan, onların hissləri barəsində soruşulur. Əgər seçkilər sağlam düşüncəyə əsaslansaydı hamıya eyni seçki hüquqları təqdim edilməzdi. Belə ki, müxtəlif insanlar müxtəlif ağıl bacarıqlarına sahibdirlər. Lakin düşünülür ki, hisslər baxımından hamı bərabərdir. Məhz buna görə İngiltərə Avropa Birliyindən çıxmaq məsələsini düşünəndə heç kim bu qərara görə kraliçadan, baş arxiyepiskopdan, Oksford və Kembric universitetlərinin professorlarından məsləhəət istəmədi. Bu qərar üçün hər bir ingilisə müraciət edildi. Onlar sadəcə olaraq vətəndaşlardan bu barədə nə düşündüklərini soruşdular. Vətəndaşlar isə bildirində ki, onlar Avropa Birliyindən çıxmaq istəyirlər, onların hisslərini şübhə altına atacaq böyük bir qüvvə olmadı. Seçicinin ən yaxşısını bilən humanist siyasət məhz budur.
        Humanist iqtisadiyyat nədir? Onun ideyasına əsasən müştəri hər zaman haqlıdır və istənilən biznes ona xidmət edir. Belə ki, bu və ya digər məhsulun pis və ya yaxşı olduğunu biz necə müəyyən edə bilirik? Bu, alıcıdan asılıdır. Bu çox sadədir. Yaxşı məhsul yaxşı satılır, pis məhsulu isə heç kim almır. Əgər siz nəsə istehsal edir və düşünürsünüz ki, istehsal etdiyiniz məhsul dünyanın ən yaxşı məhsuludur, lakin onu heç kim almır, deməli məhsul pisdir. Siz alıcının seçiminin pis olduğu barəsində alıcılar ilə mübahisə apara bilmərsiniz. Hər halda əgər siz humanist iqtisadiyyatın tərəfdarısınızsa mübahisə olmamalıdır. İndi isə incəsənətdə və estetikada olan humanizmə nəzər salaq. Beləliklə humanist estetika nədir? Necə ki, humanist iqtisadiyyat müştərinin doğruluğuna inanırdısa, humanist estetika da inanır ki, gözəllik, baxan şəxsin gözlərindədir. Tarix boyu incəsənətin və gözəlliyin nə olduğunu obyektiv təyin etməyi çalışacaq çoxlu sayda cəhdlər olmuşdur. Daha sonradan humanizm ortaya çıxaraq bəyan etdi ki, heç bir obyektiv kriteriyalar yoxdur. Sadəcə olaraq hisslər və özəl subyektiv təcrübə var.
        1917-ci ildə Marcel Duchamp adi, ucuz və hər yerdə rast gəlinən pisuarı götürərək onu böyük incəsənət nümunəsi kimi təqdim etdi. O, həmin pisuarı bir sərgidə yerləşdirdi və həmin vaxtdan bəri bunu incəsənət nümunəsi kimi hesab edib-etməmək üzrə çoxlu sayda mübahisələr gedir. Bu sualın cavabını kim müəyyən edir? Əgər siz humanist birisinizsə gec-tez belə bir qənaətə gələcəksiniz ki, bunun incəsənət olub-olmadığı insanların nə hiss etdiklərindən asılıdır. İncəsənət, insanların incəsənət kimi hesab etdikləri hər şeydir. Gözəllik isə onlar üçün gözəl olan hər şeydir. Əgər kimsə düşünürsə ki, bu çox gözəl incəsənət nümunəsidir və onu almaq üçün milyonlarla dollar vəsait xərcləməyə hazırdır, məgər kimsə ona deyə bilərmi ki, bu, incəsənət olmamaqla yanaşı həmdə heç gözəl də deyil? Beləliklə bu, humanist estetikadır. Lakin humanist etika nədir? Onun ideyasına əsasən əgər sənə nəsə xoş təsir bağışlayırsa səni onu etməlisən. Bu halda da tarix boyu insanların inanclarından, duyğularından və təcrübələrindən asılı olmayan tam obyektiv əxlaqın təyin olunması üçün bir çox cəhdlər olmuşdur.
        Orta əsrlərdə homoseksualizm dəhşətli günah hesab edilirdi. Çünki İncil, kilsə və Roma papası homoseksualizmi məhz dəhşətli günah kimi insanlara aşılayırdılar. Daha sonradan humanizm ortaya çıxdı və İncilin, kilsənin və ya Roma papasının nə söylədiklərinə maraqlı olmadığını bəyan etdi. Humanizm sadəcə olaraq insanların hisslərində maraqlıdır və bu, əxlaqın təməlinin təyinedici faktorudur. Əgər erkək cinsindən olan iki təmsilçi bir-birini sevirsə və onların sevgisi heç kimə zərər vermirsə nəyə görə kimsə düşünür ki, bu əslində günah bir şeydir? Təbii ki, bəzən dilemmalar hətta humanist etikada da yaranırlar. Məsələn mənə xoş təsir bağışlayan nəyinsə digər şəxsə zərər yetirdiyi halda mən nə etməliyəm kimi suallar. Məsələn deyək ki, mən kiminsə avtomobilini oğurlamışam. Bu halda mən özümü yaxşı hiss edirəm. Lakin avtomobilin sahibi özünü heç də yaxşı hiss etmir. Bu halda biz yüksək əxlaqa üz tutmuruq. Biz sadəcə olaraq öz hisslərimizi müqayisə edirik. Belə üsulla humanist cəmiyyətdə əxlaqi məsələlər həll olunur. Biz düşünürük ki, oğruluq və ya kimisə öldürmək yaxşı deyil. Lakin biz bunu, hansısa kitabda yazıldığı üçün deyil, həmin əməllərin insanlara zərər verdiklərinə görə təyin edirik.
        İndi isə humanist təhsil barədə danışaq. O, insanları müstəqil şəkildə düşünməyi öyrədir. Məsələn orta əsrlərdə təhsilin əsas məqsədi müdrik kitablarda yazılanları və o vaxtın alimlərinin nə dediklərini insanlara öyrətmək idi. İncildə yazılanları və ya Aristotelin dediklərini insanlara öyrətmək. Belə ki, onlar məlumatın ən etibarlı mənbələri idilər. Lakin humanizm yaranandan sonra təhsilin əsas məqsədi dəyişdi. Onun ideyasına əsasən bizim əsas avtoritetimiz biz özümüz olmalıyıq. Bu üsulla təhsilin əsas məqsədi dəyişdi. Hər halda humanist cəmiyyətlərdə bu belə oldu. Əgər siz uşaq baxçasının, məktəbin və ya universitetin müəlliminə müraciət etsəniz və ondan soruşsanız ki, o öz tələbələrinə nə öyrətməyə çalışır, o cavab verəcək ki, o, tarix, kimya və ya fizika üzrə dərs deyir. Lakin bütün bunlardan əvvəl o öz tələbələrinə müstəqil şəkildə düşünməyi öyrədir. Məhz bu, bizim üçün avtoritetin əsas mənbəyidir.
        Beləliklə bizim dünyamızda uzun müddət qalmış humanizm məhz yuxarıda sadalanmış bütün faktorlardan ibarətdir. Lakin 21-ci əsrin əvvəlində humanizm ciddi problemlərlə qarşılaşdı. Həmin problemlərin mənbələri diktatorlar və ya demoqoqlar olmadılar. Həmin problemlərin mənbələri laboratoriyalar oldular. Humanizm deyir ki, bizi, bizim azad iradəmizi əks etdirən hisslərimiz idarə edir və bizdən başqa heç kim onları başa düşməyə qadir deyil. Lakin elm bizə dəfələrlər deyir ki, bu sadəcə mifdir. Elm deyir ki, heç biz azad iradə yoxdur və bu sadəcə uydurmadır. Və hisslər onu əks etdirmir. Hisslər özləri isə sadəcə olaraq biokimyəvi alqoritmlərdir. Bundan əlavə olaraq elm bəyan edir ki, lazımi sayda məlumatların və hesablaycı gücün olduğu halda xarici sistem məni məndən daha yaxşı başa düşə bilər. Bizim xoşumuza gəlsə də gəlməsə də, indiki vaxtın əsas konsepsiya ideyası ondan ibarətdir ki, orqanizmlər alqoritmlərdir və alqoritmləri orqanizmlər hack edə bilərlər. Bura həmçinin Homo Sapiens də daxildir. Çünki biz də sadəcə olaraq orqanizm funksiyasını yerinə yetiririk. Bu, humanizmdən daha qəlizdir. Buna görə də gəlin yenə də bəzi misallar sayəsində alimlərin təqdim etdikləri bu konsepsiyaya baxaq.
        İlk faktor ondan ibarətdir ki, heç bir azad iradə yoxdur. Biologiya, kimya və fizika kimi təbiət elmləri dünyanı daha yaxşı başa düşürlər. Onlar hələ də inkişaf edirlər. Lakin buna baxmayaraq onlar dünyanı artıq yaxşıca tədqiq ediblər və bilirlər ki, kainatda prosesin iki növü var: Müəyyən edilmiş proseslər və təsadüfi proseslər. Təsadüf isə azadlıq deyil. Bu tam olaraq aydındır. Buna görə də biz kainatda azad proses kimi qələmə verə biləcəyimiz nəyisə bilmirik. Bizim bugün mənasını başa düşdüyümüz azad iradə heç bir real hadisəni əks etdirməyən boş konsepsiyadır. İnsanlar arzulara və iradəyə sahibdirlər. Lakin insanlar onları seçməyə qadir deyillər. Beləliklə bizim hisslərimiz bizim azad iradəmizi əks etdirmir. Qərarların qəbul edilməsi üçün yaranmış biokimyəvi alqoritmlər kimi heyvanlar və quşlar da təbii seçmə mərhələsində yaranmış hisslərə sahibdirlər. Həmin hisslər intuisiyaya deyil, ehtimalların hesablanmasına əsaslanır. Beyin, ürək, emosiyalar və məntiq arasında olan qarşıdurmalar üzrə gedən mübahisələr əslində əsassızdırlar. Emosiyalar, hisslər və duyğular da əslində hesablamadılar. Lakin həmin hesablamalar o qədər sürətlə reallaşır ki, onlar bizim şüurumuzdan inanılmaz sürətlə keçir və buna görə biz onları hiss edə bilmirik. Gəlin bu məsələdə konkret bir misala baxaq.
        Məsələn bir meymun Afrika savannasında bananların yetişdiyi bir ağac görür və ağacın yanında bir şir var. Meymun digər heyvanların da gün ərzində öz həyatlarında qəbul etdikləri yüzlərlə qərar kimi bir qərar qəbul etməlidir. Meymun banana görə öz həyatını riskə atmalıdırmı? Meymunun həyatı, verəcəyi qərardan asılıdır. Qərar qəbul etmək üçün meymun bütün ehtimalları hesablamalıdır. Banan yemədən onun acından ölmə ehtimalı nə dərəcədə böyükdür, bananı götürmək istəyən zaman şirin qurbanına çevrilmək ehtimalı nə dərəcədə böyükdür və s. Sağ qalmaq üçün meymun hər şeyi yaxşıca hesablamalıdır. Bunun üçün ona müxtəlif növ məlumatlar lazımdır. Məsələn ağacdakı bananların sayı, onların ölçüləri, yetişib-yetişmədikləri və s. barədə məlumatlar. Həmçinin ağacın yaxınlığında olan şir barəsində də məlumatlar lazımdır. Məsələn şir ağacdan nə dərəcədə uzaqda yerləşir, o nə dərəcədə böyükdür, o yatıb yoxsa oyaqdır, şir ac kimi görünür yoxsa biraz əvvəl artıq qidalanıb və s. kimi məlumatlar. Bundan əlavə olaraq meymuna özü haqqında da məlumatlar lazımdır. Məsələn o nə dərəcədə acdır, o nə dərəcədə tez qaça bilər və s. kimi məlumatlar. Beləliklə bütün bu məlumatları toplamaq, onları müqayisə etmək, bütün ehtimalları hesablamaq və daha sonra qərar qəbul etmək lazımdır.
        Meymun bunu necə edir? O bunu etmək üçün bir kağız, qələm və kalkulyatordan istifadə etmir. Meymunun kalkulyatoru onun sinir sistemi, duyğu orqanları və beynidir. Beləliklə meymun bir anda ətrafda olan qoxuları, təsvirləri, bədəninin bütün duyğularını əldə edir. Bundan sonra düzgün qərarın verilməsi üçün milyardlarla neyron işə düşərək lazımi prosesi həyata keçirdir. Lakin həmin qərar bir cavab və ya rəqəm şəklində ortaya çıxmayacaq. Həmin qərar hiss, emosiya şəklində (qorxu, cəsarətin artması, qeyri-müəyyənlik və s.) olacaq. Qorxu və cəsarət məhz həmin hesablamaların məhsuludurlar. Onlar biokimyəvi hesablamalardır. Həmin prinsip nəinki təkcə meymunlar üçün həmdə Avropa Birliyindən çıxmaq istəyən ingilislər və miqrasiya siyasəti haqqında düşünən almanlar üçün də eyni şəkildə çalışır. Beləliklə baş verən hər şey əslində ehtimalları hesablayan biokimyəvi alqoritmdir. Heç bir azad iradədən burda söhbət getmir. Hisslərin seçim azadlıqlarını əks etdirdiklərini bəyan edərək humanizm səhvə yol vermişdi. Bununla belə 21-ci əsrin əvvəlinə kimi humanizm praktiki məna ilə dolu idi. Baxmayaraq ki, bizim hisslərimizdə heç bir xüsusi sehr yox idi, onlar qərarların qəbul edilməsi üçün yaxşı üsullar idilər.
        Heç bir xarici sistem mənim daxilimdə nələrin baş verdiyini və mənim hansı səbəbə görə bu və ya digər tərzdə özümü apardığımı bilmirdi. Mənim daxilimdə nələrin baş verdiyini və mənim nəyə görə başqa cür deyil məhz bu və ya digər tərzdə düşündüyümün səbəbini ortaya qoymaq üçün heç kim lazımi sayda bioloji məlumatlara və hesablayıcı gücə sahib deyildi. Hətta vaxtı ikən Alman Demokratik Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyinin nümayəndələri (gizli polislər) sizləri 365 gün ərzində izləsəydilər və sizin danışıqlarınızı yazsaydılar, yenə də 1960 və ya 1980-ci illərdə sizin beyninizdə nələrin baş verdiyi barəsində yetəri dərəcədə məlumata sahib ola bilməyəcəkdilər. Lakin bugün informasiya və bio texnologiyaların birləşməsi bu vəziyyəti tamamilə dəyişir. Biologiyada və əsasən də beynin tədqiq olunması sahələrində inkişaf bizə baş verənlərin elmi izahını təqdim edir. İnformasiya inqilabı, machnine learning və süni zəka isə həmin elmi izahı lazımi hesablayıcı güc ilə təmin edir.
        İnformasiya və bioloji texnologiyalar birləşəndə, bu, insan orqanizmini hack etməyə imkan verir. Bugün biz kompüterlərin, smartfonların, sosial şəbəkə hesablarının və bank kartlarının hack olunması barəsində çox danışırıq. Bununla yanaşı biz elə bir dövrə qədəm qoyuruq ki, insanın hack olunması mümkün hala gəlir. Bunun baş verəcəyi zaman, yəni, insanı hack edəndən sonra onun üzərində hakimiyyət onun hisslərindən kompüter alqoritmlərinə keçəcək. Həmin kompüter alqorimtləri isə öz növbələrində humanizm, azad bazar seçimi və s. ilə məşğul olacaqlar. Həmin vaxtda bütün bunlar heç bir məna kəsb etməyəcək. Biz bunu artıq günümüzdə görürük. Bu artıq baş verməyə başlayıb. Misal olaraq iqtisadiyyatı gətirək. Biz “müştəri hər zaman haqlıdır” dövründən çıxırıq və yeni “alqoritm həmişə haqlıdır” adlı dövrə daxil oluruq. Çünki alqoritm müştərinin hisslərini öncədən təyin və onları manipulyasiya edə bilər. Gəlin nəşriyyat biznesindən olan sadə bir misala baxaq.
        Mən bu sahənin bir müştərisi olaraq kitab seçimimi necə edirəm? Hansı kitabı alacağıma mən necə qərar verirəm? Keçmiş humanizm dövründə bizlər əsasən öz hisslərimizə və ədəbiyyat zövqümüzə güvənirdik. İndi isə biz daha çox alqoritmlərə güvənirik. Həmin alqoritmlər isə bizləri özümüzdən daha yaxşı tanıyırlar. Amazon-a daxil olan zaman mənim ilk gördüyüm, qabağıma çıxan alqoritmdir. Həmin alqoritm isə mənə deyir: “Mən səni tanıyıram, sənin əvvəlki sifarişlərini analiz etmişəm və buna görə də sənin seçimlərini bilirəm. Sənin seçimlərin və digər milyonlarla oxucunun istək məlumatlarına əsaslanaraq mən sənə bu və ya digər kitabı məsləhət görürəm”. Hal hazırda Amazon-un alqoritmi primitivdir və yetəri qədər səhvlər edir. Çünki əslində o heç də məni yaxşı tanımır. Ona sadəcə olaraq mənim barəmdə məlumatlar bəs etmir. Lakin buna baxmayaraq o daha çox məlumat toplayaraq onun əsasında özünü təkmilləşdirir. Bundan əlavə olaraq məlumatların toplanması üçün yeni üsullar da ortaya çıxıb.
        Məsələn əgər siz Amazon Kindle kimi elektron cihazdan kitab oxuyursunuzsa, sizin kitab oxudunuz müddətdə cihaz da sizi oxuyur. Tarixdə ilk dəfə kitab oxucunu daha yaxşı oxuyur nəinki oxucu kitabı. Əgər siz Amazon Kindle vasitəsilə kitab oxuyursunuzsa, o bilir ki, siz hansı səhifələri tez bir zamanda bitirirsiniz, hansı səhifələri ləng bitirirsiniz və siz nə zaman oxumağı dayandırırsınız. Bu cür məlumatlar isə alqoritmdə sizin nəyi sevib nəyi sevmədiyiniz barədə məlumatın dəqiq təsvirini yaradır. Təbii ki, alqoritm hələki çox primitivdir. Lakin onun növbəti təkmilləşmə mərhələsi oxucunun üzünün təyin edilməsidir. İndiki gündə bu təkmilləşmə texniki tərəfdən artıq mümkündür. Onda alqoritm biləcək ki, sizi gülməyə və ya ağlamağa nə vadar edir, siz nəyə görə darıxırsınız, sizi nə hirsləndirir və s. Sonuncu mərhələ isə Amazon Kindle cihazının sizin bədəninizin daxilindəki biometrik sensorlara qoşulması olacaq. Həmin mərhələdə alqoritm dəqiq olaraq biləcək ki, kitabdakı hər yeni cümlə sizin daxilinizdəki hansı emosiyanın yaranmasına səbəb olur. Siz oxuyursunuz, cihaz isə həmin vaxtda sizin ürək döyüntülərinizi təyin edir, təzyiqinizi ölçür, qandakı adrenalin səviyyəsini yoxlayır və beləliklə sizin beyninizin aktivliyini izləyir.
        Məsələn siz Lev Tolstoy-un “Müharibə və Sülh” əsəri kimi uzun bir kitabı oxuyursunuz. Siz həmin kitabı oxuyub bitirəndən sonra kitabdakı oxumuş olduğunuz əvvəlki böyük bir hissəni artıq unutmuş olacaqsınız. Lakin alqoritm heç vaxt heç nəyi unutmur. Beləliklə siz kitabı oxuyub bitirəndən sonra cihaz biləcək ki, siz kimsiniz, sizin şəxsiyyət növünüz hansıdır, və sizin hansı hissləriniz üzərində oynamaq olar. Bu məlumatlardan istifadə edərək alqoritm sizə hansısa kitabı məsləhət görməkdən əlavə olaraq sizin harda təhsil alacağınız, harda yaşayacağınız və kiminlə ailə qurmağın lazım olduğunu məsləhət görə biləcək. Başa düşmək lazımdır ki, insan övladı düzgün cavab verən hər bir mexanizmə müsbət yanaşır. Biz müstəqil şəkildə qərar qəbul etmə bacarığımızı itirməyənə kimi alqoritmlərə güvənməyə davam edəcəyik. Bu artıq baş verir. Misal olaraq naviqasiyanı gətirmək olar.
        Məsələn müəyyən məntəqəyə çatmaq üçün biz çox vaxt Google Maps-dan istifadə edirik. Lakin Google Maps-dan mütəmadi istifadə edəndən sonra insan özünün müstəqil naviqasiya bacarığını itirməyə başlayır. Bununla yanaşı biz, insanlığın vacib bacarıqlarından birini də itirməkdə risk edirik. Söhbət, məlumatın axtarılması bacarığından gedir. Gündən-günə daha çox insan məlumatların axtarılması üzrə yeganə servisə ümid bağlayır. Təbii ki, söhbət, Google axtarış sistemindən gedir. Beləliklə 15-20 il kimi çox qısa bir müddətdə məlumat axtarışı bacarığı insan beynindən alqoritmə keçid etdi. Alqoritmin qadir olacağı təqdirdə bunun, təhsil yerinin seçimi, münasibətlər və ya ailə qurmaq üçün potensial partnyorun seçilməsində də olacağını düşünməmək üçün heç bir əsas yoxdur. Alqoritm insanı hack etməyi bacarandan sonra o, insanın yerinə qərar qəbul etməkdən əlavə olaraq insanı tamamilə əvəz edəcək. Nəticədə növbəti illərdə informasiya və bioloji texnologiyalarda baş verəcək paralel inkişaf çox güman ki, əmək bazarını dəyişəcək və insan növünün böyük yeni sinfini yaradacaq.
        Söhbət, faydasız insanlardan gedir. Lakin burda həmin insanların valideynlərinin və ya övladlarının gözündə olacaq faydasızlıqdan getmir. Bu baxımdan heç kim faydasız sayılmır. Burda söhbət, iqtisadi sistem nöqteyi nəzərdən olan faydasızlıqdan gedir. Onlar alqorimtlərin, kompüterlərin və ya robotların gördükləri işlərdən daha yaxşısını görə bilməyəcəklər. Mən təkrar olaraq vurğulayıram ki, bu, süni zəka sahəsindəki ixtiraların inkişaf nəticəsi deyil. Özü-özlüyündə süni zəka dəhşətli nəsə etməyə qadir deyil. Bütün məsələ süni zəka ilə bioloji texnologiyaların birləşməsindədir. Çünki bir çox işləri yerinə yetirmək üçün insan hissləri ilə emosiyalarının anlaşılması lazımdır. Kompüterlər və robotlar insan emosiyalarını dəqiq şəkildə təyin etmək bacarığını öyrənməyənə kimi onlar həkimləri, müəllimləri, hüquqşünasları və hətta sürücüləri də əvəz edə bilməyəcəklər. Bir sıra insanlar düşünürlər ki, kompüterlər bunu heç zaman bacarmayacaqlar. Onların fikrincə kompüterlər hesablamalar cəhətdən özlərini yaxşı göstərirlər, lakin hisslər ilə emosiyaları anlamaq qabiliyyətində deyillər. Buna görə də onlar həkimləri və ya müəllimləri əvəz edə bilməyəcəklər.
        Bu o halda məna kəsb edə bilər ki, siz duyğuların mistik bir məhfum olduğuna, onların göy üzündən insanlara göndərildiyinə və anlaşılması tamamilə qeyri-mümkün olan tərzdə çalışmalarına inanasınız. Lakin əgər siz inanırsınız ki, duyğular sadəcə olaraq hesablama tərzində olan biokimyəvi koddur, onda süni zəkanın insanları hətta emosinal cəhətdən geridə qoya biləcəyini düşünməmək üçün heç bir səbəb yoxdur. Təbii ki, onun özünün hissləri olmayacaq. Lakin o təyin edə biləcək ki, insan qorxur və ya hirslənir. Və o bunu istənilən həkimdən, müəllimdən və hüquqşünasdan daha dəqiq edəcək. Alqoritm adi alıcını və ya iqtisadi sahədə hansısa işçini əvəz etdiyi kimi o həmçinin siyasi sahədə seçicini də əvəz edə bilər. Əvvəldə də dediyim kimi demokratiya insan hisslərinə əsaslanır. Seçkilər zamanı seçicilərdən, onların nə fikirləşdikləri barəsində deyil, onların bu və ya digər mövzuda nə hisslər keçirtdiklərini soruşurlar. Əgər alqoritmlər insanları hack etməyi, onları manipulyasiya etməyi və onların hisslərini öncədən təyin etməyi bacarsalar, demokratiya tez bir zamanda emosional şouya çevriləcək.
        Siyasətçilər (daha doğrusu onlardan bəziləri) musiqiçilərə bənzəyirlər. Lakin onların əllərində musiqi alətləri yerinə bizim emosiyalarımız var. Siyasətçi hansısa bəyanatı verir və həmin bəyanatla ölkədəki bütün vətəndaşları qorxuya salır. Siyasətçi sosial şəbəkədə nəsə paylaşır və bütün vətəndaşlar ani olaraq nifrət hissi ilə dolub daşırlar. Həmin qorxu və nifrət siyasi sistemlərin əsas yanacaq mənbəyidir. Təsəvvür edin ki, bu musiqiçilərin əllərində daha təkmilləşdirilmiş alətlər olandan sonra nə baş verəcək? Rəqəmsal diktatura. Bu halda bizi gözləyən məhz rəqəmsal diktaturadır. 20-ci əsrdə demokratiya qərarların qəbul edilməsinin və məlumatların emal olunmasının öhdəsindən yaxşı gəldiyi üçün diktaturaya qalib gələ bilmişdi. Biz demokratiya ilə diktatura arasında olan qarşıdurmanı müxtəlif etik sistemlərin arasındakı qarşıdurmalar kimi qəbul etməyə öyrəşmişik. Lakin bu qarşıdurma həmdə məlumatların emal olunmasının müxtəlif üsulları arasında olan müharibəsidir.
        Demokratiya emal olunan məlumatların bölüşdürülmüş sistemidir. O, məlumatı və qərarların qəbul olunması mümkünlüyünü bir çox institutlar, təşkilatlar və ayrı-ayrı şəxslər arasında bölüşdürür. Diktatura isə öz növbəsində emal olunan məlumatların mərkəzləşdirilmiş sistemidir. O, məlumatları və imkanları bir yerə toplayır. 20-ci əsrin texnologiyalarını nəzərə alsaq, çoxlu sayda məlumatı və gücü bir yerə cəmləmək heç də məntiqli olmazdı. Heç kim qərar qəbul etmək üçün həmin məlumatları tez bir zamanda emal etmə gücünə sahib deyildi. Bu isə Soyuq Müharibə zamanı Qərb Blokunun (Soyuq Müharibə dövründə Sovet İttifaqı və müttəfiklərinə qarşı ABŞ NATO ilə birlik olmuş ölkələr) kommunistlərə qalib gəlməsinin əsas səbəblərindən biridir. 1980-ci illərin sonunda Sovet İttifaqı rejiminin süquta uğramasına yaxın Sovet məmurunun Marqaret Tetçerin paytaxtının necə çalışdığını anlamaq üçün Londona gəlməsi üzrə maraqlı bir hekayə var.
        Məmur, azad cəmiyyət ilə müstəqil bazarın necə çalışdığını görmək istəyirdi. Məmuru qəbul etmiş ingilis təmsilçiləri onun üçün London üzrə tur təşkil edərək ona bankları, birjaları göstərmiş və bir araya bütün professorları yığmışdılar. Lakin bir neçə saatdan sonra məmur təəccüblənərək qeyd etmişdi: “Bir dəqiqə dayanın. Mənim başa düşmədiyim bir şey var. Moskvada bizim ən ağıllı təmsilçilərimiz ərzaq tədarükü problemini aradan qaldırmaq üçün baş sındırırlar. Lakin buna baxmayaraq istənilən çörək mağazasında insanlardan ibarət uzun sıralar olur. London kimi böyük bir şəhərdə isə bizim bir neçə saatlıq turumuz çərçivəsində biz bir dənə də olsun belə bir sıra görmədik. Mənim bütün görüşlərimi təxirə salın. Mən yalnız Londonda çörək tədarükü məsələsi ilə məşğul olan şəxs ilə görüşmək istəyirəm. Mən onun sirrini öyrənmək istəyirəm”. Lakin İngiltərə hökumətinin təmsilçiləri bu cür xahişdən çox təəccüblənmişdilər. Onlar sadəcə olaraq şəhərdə çörək tədarükü ilə məşğul olan konkret bir şəxsin olmadığını və nəticədə məmuru bu məsələdə kiminləsə görüşdürə bilməyəcəklərini ona bildirmişdilər.
        Məhz bu, azad cəmiyyət ilə müstəqil bazarın əsas sirridir. Heç kim heç nədən cavabdeh deyil. Siz sadəcə olaraq məlumatın, sistemin müxtəlif hissələrində yayılmasına icazə verirsiniz və insanlar ilə təşkilatlara öz qərarlarını qəbul etmək imkanını təqdim edirsiniz. Lakin heç də bütün hallarda məlumatların mərkəzləşdirilmiş emalı, bölüşdürülmüş versiyadan az effektivli olmur. 20-ci əsrin sonunda bu belə idi. Lakin bugün informasiya texnologiyalarının inqilabı, machine learning və süni zəka vəziyyəti tamamilə başqa istiqamətə dəyişə bilər. Onlar inanılmaz miqdarda məlumatın mərkəzləşdirilmiş emalını mümkün hala gətirə bilərlər. Və faktiki olaraq məlumatlar bazasına nə qədər çox məlumat yığılsa, onun emal prosesi də bir o qədər effektiv olacaq. Bu halda 20-ci əsrin əsas avtoritar rejimlərinin məlumatları bir yerdə cəmləmək cəhdləri kimi mənfi cəhətləri bugünki gündə onların əsas üstülüklərinə çevrilə bilərlər. Bunun nəticəsində 20-ci əsrin diktatura rejimindən tamamilə fərqlənən yeni idarəetmə forması yarana bilər: Yeni informasiya diktaturası.
        Sonda əgər alqoritmlər orqanizmləri hack etməyi bacarırlarsa, onlar həmdə yeni orqanizmlər və yeni canlılar yarada bilərlər. Beləliklə belə nəticəyə gəlmək olar ki, 21-ci əsrin əsas məhsulları nəqliyyat və ya silah deyil, bədənlər, ağıllar və şüurlar olacaqlar. Biz artıq onları necə yaratmağı və idarə etməyi öyrənirik. Biz təbii seçim və təkamül proseslərini sürətləndirərək müəyyən mənada yeni orqanizmlər yaratmağı öyrənirik. Biz, özündə orqanik və orqanik olmayan hissələri birləşdirəcək kiborqları yaratmağı öyrənirik. Sonda biz hətta orqanik olmayan canlıları da yaratmağı öyrənirik. Və əgər biz buna nail olsaq, bu, təqribi olaraq 4 milyard il bundan öncə yaranmış həyatdan bəri biologiyada ən böyük inqilabi ixtira olacaq.
        4 milyard il ərzində oyunun gedişatını dəyişəcək heç bir fundamental hadisə baş verməyib. Bu müddət ərzində çox şey baş verib. Dinozavrlar yaranıblar, daha sonra onlar məhv olublar və onların yerinə məməlilər gəliblər və s. Lakin əsas qaydalar dəyişilməz olaraq qalmışdır. 4 milyard il ərzində olmuş bütün canlılar orqanik biokimyəvi qaydalara tabe olduqları kimi təbii seçim qanununa da tabe olurdular. Onların hamısı orqanik elementlərdən ibarət idilər. Lakin 21-ci əsrdə təbii seçim prosesi “Düşünülmüş fikir” (kreatsionizm-in qollarından biri olan düşünülmüş fikir konsepsiyasına görə Yer kürəsində olan bütün canlı orqanizmlər “Ağıllı yaradıcı” tərəfindən yaradılıb) ilə əvəz oluna bilər.
        Burda söhbət, tanrının düşünülmüş fikrindən yox, bizim öz düşünülmüş fikrimizdən gedir. 4 milyard il ərzində bir növ kiçik orqanik biokimyəvi qutuda qalandan sonra həyat sonsuz sayda orqanik olmayan formalar əldə edəcək. Lakin əldə olunmuş bu inanılmaz güc ilə nə etmək lazım olduğuna kim qərar verəcək? Bəlkə seçicilər ilə alıcılar? Bəlkə biz sadəcə özümüzə qulaq asaraq ürəyimizin dediyi yol ilə gedəcəyik? Lakin əgər insan ürəyini ölçə bilən alqoritm onunla manipulyasiya edirsə, onda ona necə qulaq asmaq olar? Bu, indiki dövrün böyük sualıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər