main-post-cover

    Məşhur analitik Apple elektromobilinin satış tarixi barəsində inandırıcı proqnozlar verib

    Elm & Texnologiya
    28.12.2020
    Emil Nəcəfov
        Apple şirkətinin özünün elektromobili üzərində çalışması barəsində məlumatlar dəfələrlə internetdə ortaya çıxıb. Bir neçə gün bundan öncə isə Reuters saytı bildirmişdi ki, Apple şirkətinin elektromobili 2024-cü ildə satışa çıxacaq. Apple məhsulları ilə bağlı düzgün proqnozları üzrə məşhurlaşmış analitik Ming-Chi Kuo bu fikirlə razı deyil. Məşhur analitik Apple şirkətinin elektromobilinin satışa çıxma tarixi ilə bağlı tamamilə fərqli proqnozlar və inandırıcı arqumentlər verib.
        Bu barədə 4pda saytı xəbər verib. Analitikin fikrincə hal hazırda bazar Apple Car elektromobilinin satışa çıxarılması qrafikinə həddindən artıq optimistik yanaşır. O, investorlara yaxın zamanda şirkətin avtomobil şöbəsinin səhmlərini almaqdan yan keçmələrini məsləhət görüb. Belə ki, analitik qeyd edib ki, elektromobilin konkret texniki özəllikləri bilinmir.

    Bundan əlavə olaraq Apple şirkəti avtomobil hissələrinin kim tərəfindən istehsal olunacağına da qərar verməyib.

        Ming-Chi Kuo əlavə edib ki, elektromobilin yaxın illərdə satışa çıxmayacağının daha bir səbəbi də Apple şirkətinin biznesə olan yanaşmasıdır. Belə ki, Apple bazardakı rəqabət məsələsində hansısa üstünlüyə sahib olmadan yeni məhsulu satışa çıxartmır. Bununla yanaşı analitikin fikrincə Apple əsas diqqətini avtomobilin komplektasiyasına deyil, onun proqram təminatına ayıracaq. Bundan əlavə olaraq süni zəka sahəsində ciddi nəticələr əldə etmək üçün şirkətə vaxt lazım olacaq. Bütün bunları nəzərə alaraq Ming-Chi Kuo-nun fikrincə Apple şirkətinin elektromobili 2028-ci ildən tez satışa çıxmayacaq.
    Linki kopyala