main-post-cover

    Lenovo şirkəti Glasses T1 adlı smart eynəyini təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    01.09.2022
    Emil Nəcəfov
        Lenovo şirkəti IFA 2022 sərgisi çərçivəsində Glasses T1 adlı smart eynəyini təqdim edib. Təqdim edilmiş bu smart eynək bütün məşhur əməliyyat sistemlərini dəstəkləyir və istifadəçiyə ayrıca monitordan və ya televizordan imtina etmək şəraitini yaradır. Lenovo Glasses T1 iki ədəd kiçik ölçülü micro-OLED ekran ilə təchiz olunub. Ekranların hər biri 60 Hz-lik təsvir yenilənməsinə və 1920x1080 piksel keyfiyyətinə sahibdir. Bu smart eynək Android, iOS, macOS, Windows əməliyyat sistemlərini dəstəkləyir. Smart eynəyi Apple şirkətinin mobil cihazlarına qoşmaq üçün xüsusi HDMI adapterdən, digər cihazlara qoşmaq üçün isə USB Type-C girişindən istifadə etmək lazımdır.
        Sözügedən eynək faktiki olaraq kontentlərin əks etdirilməsi üçün nəzərdə tutulmuş əlavə ekran rolunda çıxış edir. Lenovo şirkətinin sözlərinə əsasən Glasses T1 vasitəsilə istifadəçilər özləri üçün şəxsi məkan yarada biləcəklər. Belə ki, Glasses T1 istifadəçisindən başqa heç kim eynəyin ekranlarında əks olunan kontentləri görməyəcək. Bununla yanaşı eynəyin kənar hissələrində yüksək keyfiyyətli səsgücləndiricilər yerləşdirilib. Bu səbəbdən də eynəyin gövdəsində üstəlik səsin tənzimlənməsi düymələri var. Lenovo Glasses T1 bu ilin sonunda Çin bazarında satışa çıxacaq. Digər regionlarda isə onun 2023-cü ildə satışa çıxacağı gözlənilir. Smart eynəyin satış qiyməti barəsində hələ heç bir məlumat verilməyib.
    Linki kopyala