main-post-cover

    Lenovo şirkəti CES 2021 sərgisi çərçivəsində ThinkReality A3 adlı AR eynəkləri təqdim edib

    Elm & Texnologiya
    11.01.2021
    Farid Pardashunas
        CES 2021 sərgisi çərçivəsində Lenovo şirkəti ThinkReality A3 adlı təkmilləşdirilmiş AR (artırılmış reallıq) eynəkləri təqdim edib. Sözügedən eynəklər lazımi məlumatı rahat şəkildə əlçatan etməklə həm masa arxasında iş zamanı həm də kənar mühitdə olan zaman istifadəçinin imkanlarını genişləndirir. Lenovo ThinkReality A3 eynəkləri adi eynəyə maksimal dərəcədə oxşayan dizaynda reallaşdırılıb və iki versiyada təqdim olunub. Birinci versiya kompüterlərə ikinci versiya isə USB Type-C vasitəsilə Motorola smartfonlarına qoşulur.
        Kompüterlərə qoşulan versiya ofis mühitində çalışan əməkdaşların produktivliyini yüksəltmək üçün, ikinci versiya isə daha çox daimi hərəkətdə olan şəxslər üçün nəzərdə tutulub. Buna misal olaraq, fabrik, anbar, laboratoriya və müxtəlif mağazaların işçilərini gətirmək olar. Bu AR eynəklər Snapdragon XR-1 prosessoru ilə təchiz olunublar. Qeyd etmək lazımdır ki, Qualcomm-un bu prosessoru xüsusi olaraq AR eynəklər üçün nəzərdə tutulub. Virtual kontentin əks olunması üçün eynəklər 2 ədəd 1080p keyfiyyətli ekranla təchiz olunublar.
        Eynəklərin kənar hissələrində olan 2 ədəd ultragenişbucaqlı kamera istifadəçiyə ətraf mühiti nəzarətdə saxlamağa, mərkəzi hissədə olan 8 MP-lik RGB kamera isə çəkiliş aparmağa imkan verir. Məsələn istifadəçi öz gözlərilə gördüyü hər bir şeyi canlı yayım vasitəsilə digərləri ilə bölüşə bilər. Bu halda eynəklərə quraşdırılmış mikrofon və səsgücləndiricilər vasitəsilə digərləri ilə əlaqə yaratmaq mümkündür. ThinkReality A3 PC Edition kompüterə qoşularaq istifadəçinin gözləri önündə 5 böyük virtual ekranı əks etdirə bilir.
        Həmin ekranlarda isə müxtəlif Windows tətbiqlərini işə salmaq olar. Beləliklə istifadəçi kompüter arxasında çalışarkən gözləri önündə müxtəlif lazımi məlumatlar əks olunacaq və bu halda kompüterdə bir tətbiqdən digərinə keçid etməyə ehtiyac qalmayacaq. Bu isə öz növbəsində işçinin produktivliyini yüksəldəcək. Smartfona qoşulan ThinkReality A3 Industrial Edition modeli vasitəsilə ştrix kodları skan edərək faydalı məlumatları əldə etmək olar. Bu halda isə kompüterdən istifadəyə ehtiyac qalmayacaq. Sözügedən eynəklər bu ilin ortasında bir sıra ölkələrdə satışa çıxacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər