main-post-cover

    iOS 13 və tamamilə yeni əməliyyat sistemi olan iPadOS

    Elm & Texnologiya
    04.06.2019
    Farid Pardashunas
        Dünən Apple şirkətinin tərtibatçılar üçün keçirtdiyi WWDC 2019 tədbirində çoxdan gözlənilən iOS 13 əməliyyat sistemi təqdim olundu. Təbii ki, iOS 13-ün həmin tədbirdə təqdim olunacağı artıq çoxdan məlum idi. Lakin bu dəfə də sürprizsiz ötüşmədi. Belə ki, şirkət iPadOS əməliyyat sistemini də təqdim etdi. Yəni başqa sözlə desək, iPad cihazları da özlərinin fərdi əməliyyat sistemlərini əldə etdilər. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə iOS 13 əməliyyat sistemində əsas dəyişiklik ondan ibarətdir ki, o, çoxdan gölənilən Dark Mode rejimini dəstəkləyir. Bütün standart tətbiqlər yenilənərək bu rejimi əldə ediblər. iOS 13-də Dark Mode rejimini idarəetmə mərkəzi bölməsindən və ya ayarlardan aktivləşdirmək olar.

        Əməliyyat sisteminə əlavə edilmiş daha bir yenilik isə standart klaviaturada swype vasitəsilə mətn yazmaqdır. Bunun üçün sadəcə olaraq barmağı ekrandan ayırmadan klaviaturadakı bir hərfdən digərinə sürüşdürmək lazımdır. Bu dəfə də Apple şirkəti əməliyyat sisteminin optimizasiyası üzərində çalışıb. Belə ki, şirkət təqdimat zamanı bildirib ki, bundan sonra Face ID texnologiyası 30% daha sürətlə çalşacaq, tətbiqlər isə iki dəfə daha sürətli şəkildə işə düşəcəklər. Bununla belə App Store-dan yüklənən zaman proqram təminatının həcmi 50%, yenilənmələrin həcmi isə 60% azaldılıb.
        Yeni əməliyyat sistemində maksimal konfidensiallığı təmin etmək üçün şirkət iOS 13-ə geolokasiya məlumatlarının idarəolunması funksiyasını əlavə edib. Bu funksiya sayəsində istifadəçi tətbiqlərə öz geolokasiya məlumatlarının yığılması icazəsini verə bilər. Lakin əgər hansısa tətbiq fon rejimində həmin məlumatları yığmağa başlasa həmin funksiya bu barədə istifadəçiyə məlumat verəcək. Bundan əlavə olaraq Apple şirkəti öz platforması vasitəsilə tətbiqlərdə, servislərdə və saytlarda avtorizasiyanı da mümkün edib.

        Bunun üçün istifadəçi öz şəxsiyyətini sadəcə olaraq Face ID, Touch ID və ya adi şifrə ilə təsdiq etməlidir. Bunun sayəsində tətbiq ilə servis tərtibatçıları istifadəçilərin konfidensial məlumatlarını əldə edə bilməyəcəklər. Bu cür problem Google və ya Facebook hesabı vasitəsilə avtorizasiya prosesindən keçmiş insanlarda yaşanırdı. Lakin əgər ki, hansısa tətbiq və ya servis istifadəçinin elektron poçt ünvanını tələb etsə, Apple şirkəti həmin elektron poçt ünvanını şifrələyəcək. Bunun sayəsində həmçinin reklam elanları və spamlar da istifadəçiyə təqdim olunmayacaq.
        iOS 13-də Siri səsli köməkçisinin səsi machine learning texnologiyası vasitəsilə modelləşdiriləcək. Beləliklə onun səsi daha təbii səslənəcək. AirPods qulaqlıqlarından istifadə edərkən isə Siri səsli köməkçisi cihaza gələn mesajları istifadəçi üçün səsləndirəcək və gəlmiş mesajlara səsli cavab göndərmək imkanını verəcək. HomePod smart səsgücləndiricisinin sahibləri isə sadəcə olaraq iPhone modelini səsgücləndiriciyə yaxınlaşdıraraq istənilən səsli kontenti (musiqi, podcast və s.) HomePod-a ötürə biləcəklər. Həmin ötürülmə prosesi həmçinin əks istiqamətdə də reallaşdırılacaq. Məsələn əgər istifadəçi otaqda HomePod vasitəsilə musiqiyə qulaq asırsa və otaqdan çıxırsa bu zaman həmin musiqi istifadəçinin iPhone cihazına ötürüləcək və istifadəçi qaldığı yerdən musiqiyə qulaq asmağa davam edəcək.

        Əməliyyat sistemindən əlavə olaraq Apple şirkəti həmçinin standart tətbiqləri də yeniləyib. Məsələn Apple Maps tətbiqi əvvəlki kimi görünmür və Google Maps-dak Street View funksiyasının analoqunu əldə edib. Həmin funksiya sayəsində istifadəçi Apple Maps-da panorama fotolar vasitəsilə müxtəlif şəhərlərin küçələrində virtual gəzintiyə çıxa biləcək. Bununla belə xəritədəki keçidlər maksimal dərəcədə hamar olacaqlar. Həmçinin həmin rejimdə göstərilmiş müxtəlif məkanlar barəsində məlumatlar da ekranda əks olunur.
        Bundan əlavə olaraq Messages tətbiqi vasitəsilə sizin kontakt məlumatlarınıza sahib olmayan insana mesaj göndərən zaman siz öz adınızı və fotonuzu da mesajda qeyd edə bilərsiniz.

        Memoji pərəstişkarları üçün isə virtual avatarın xarici görünüşünü ayarlamaq üçün çoxlu sayda yeni alət əlavə olunub. Beləliklə bundan sonra Memoji vasitəsilə yaradılmış virtual avatara hətta AirPods qulaqlarını da əlavə etmək olar. Bundan əlavə olaraq Memoji vasitəsilə müxtəlif stikerlər də yaratmaq olar. Həmin stikerlər cihazın standart klaviaturasında olacaq və bütün tətbiqlərdə dəstəklənəcək. Yəni Memoji vasitəsilə yaradılmış stikerləri istənilən tətbiq vsitəsilə başqasına göndərmək mümkün olacaq.

        Apple Photos tətbiqi fotoların redaktə olunması üçün tamamilə yeni funksiyalar əldə edib. Bununla yanaşı müxtəlif filtrlərlə redaktə etmək həmçinin videolar üçün də aktivdir. Həmçinin qalereyada foto ilə videoların günlər, aylar və illər üzrə yeni maraqlı şəkildə əks olunmaları da reallaşdırılıb. Əks olunan zaman həmin foto ilə videolar özlərində vacib hadisələrin qısa təsvirlərini də əks etdirirlər. Bütün bu yeniliklər iPhone modellərindən əlavə olaraq iPad modellərində də dəstəklənəcək. Lakin şirkət WWDC 2019 tədbirində iPadOS adlı yeni əməliyyat sistemini təqdim etdi.

        Beləliklə iPadOS-də vidjetlərlə olan ekranı sol tərəfə swype edərək əsas ekrana yerləşdirmək olar. Bununla yanaşı yeni əməliyyat sistemində çoxfunksionallıq da təkmilləşdirilib. Belə ki, eyni anda 3 ədəd tətbiqi işə salaraq onlar arasında qarşılıqlı əlaqədə olmaq imkanı əlavə edilib. Həmin tətbiqlərin pəncələri arasında isə mətnləri, təsvirləri, linkləri və s. göndərmək mümkündür. iPadOS-də Files tətbiqi tamamilə yenilənib. Həmin tətbiq faylların öncədən baxışı ilə birlikdə onlarla sürətli şəkildə qarşılıqlı əlaqə imkanları əlavə edilib.

        Arxiv fayllarla işləmək imkanı əlavə edilib və USB Type-C vasitəsilə faylların USB girişli yaddaş cihazlarından, yaddaş kartlarından və kameralardan ötürülməsi imkanı yaradılıb. iPadOS üçün olan Safari tətbiqi bütün saytları desktop rejimdə açacaq. Bununla belə həmin desktop rejim sensorlu idarəetmə üzrə adaptasiya edilib. Bununla belə iPadOS üçün olan Safari brauzeri yükləmələr menecerini, qovluqların ayarlanmasını, şrift ölçülərinin ayarlanmasını və s. özəllikləri dəstəkləyir.

        iPad-də mətnlərlə işləmək bir sıra yeni jestlər vasitəsilə daha rahat olub. Məsələn mətni seçmək üçün sadəcə olaraq onun üzərinə barmaqla sürüşdürmək kifayət edir. Mətni kopyalamaq üçün 3 barmaq ilə ekran üzərində sürüşdürmək lazımdır. iOS 13 ilə iPadOS əməliyyat sistemlərinin payız fəslində yeni iPhone modellərinin satışa çıxmaları ilə işə düşəcəkləri gözlənilir. iOS 13 əməliyyat sistemini iPhone 6siPhone SE-dən başlayaraq bütün iPhone modelləri, iPadOS əməliyyat sistemini isə iPad Air 2 ilə iPad Mini 4 modellərindən başlayaraq bütün iPad modelləri əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər