main-post-cover

    Huawei şirkətinin ABŞ texnologiyalarından asılılığı 1 il ərzində necə dəyişdi?

    Elm & Texnologiya
    16.05.2020
    Emil Nəcəfov
        ABŞ hökumətinin öz yerli şirkətlərinə Huawei ilə əməkdaşlıqlara qadağa təyin etməsindən artıq 1 il keçib. Bir neçə gün bundan öncə isə Donald Trump, Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların müddətini 1 il də uzatdı. Bütün bu məsələlər Huawei şirkətini məcbur etdi ki, o, ABŞ texnologiyalarına alternativ variantlar tapsın. Bu səbəbdən Nikkei saytı Huawei şirkətinin smartfon modellərinin daxilində olan komponentlərin son zamanlarda necə dəyişildiyini öyrənmək qərarına gəlib.
        Beləliklə Nikkei saytının əməkdaşları Huawei Mate 30 5G flaqman smartfon modelinin daxili komponentlərinin analiz olunması üçün Yaponiyanın Fomalhaut Techno Solutions adlı texniki laboratoriyasına müraciət ediblər. Mütəxəssislər smartfonun hər bir daxili detalının mənşəyini və onların bazardakı qiymətlərini təyin etməyi bacarıblar. Məlum olub ki, Mate 30 5G smartfon modelinin daxilindəki Çin istehsalı komponentlərin sayı sanksiyalardan öncə təqdim edilmiş Mate 20 Pro-nun daxilindəki Çin istehsalı komponentlərin sayından 16.5% daha çoxdur. Bununla belə daxili komponentlərin ümumi qiymətlərinin 42%-i məhz Çin istehsalı komponentlərin üzərinə düşür. Mate 20 Pro-da bu göstərici 25% təşkil edirdi.
        Maraqlısı ondadır ki, komponentlərin ümumi qiymətlərinin 1%-i məhz ABŞ istehsalı komponentlərinə aid edilir. Sanksiyalardan əvvəl isə bu göstərici 11% idi. Təqdim edilmiş rəqəmlər onu göstərir ki, Huawei şirkəti 1 il ərzində ABŞ istehsalı komponentlərdən demək olar tamamilə imtina etməyi bacarıb. ABŞ komponentləri sırasında isə mütəxəssislər yalnız Gorilla Glass qoruyucu şüşələrini qeyd ediblər. Qeyd etmək lazımdır ki, sanksiyalar səbəbilə Huawei şirkəti təkcə ABŞ istehsalı olan texniki komponentlərdən deyil həm də proqram təminatından da məhrum oldu. Bu səbəbdən şirkət öz mobil servislərini və tətbiqlər mağazasını aktiv şəkildə inkişaf etdirməyə başladı. Bundan əlavə olaraq Huawei özünün HarmonyOS adlı əməliyyat sistemini də aktiv şəkildə inkişaf etdirir.
    Linki kopyala