main-post-cover

    Huawei şirkəti öz smartfon istehsalının ixtisara salınması məlumatlarını təkzib edib

    Elm & Texnologiya
    05.06.2019
    Emil Nəcəfov
        Huawei şirkəti ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalar səbəbilə öz smartfon istehsalını ixtisara saldığı barəsində kütləvi informasiya vasitələrində yayılmış məlumatları təkzib edib. Bu barədə Gizchina saytına istinadən Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə South China Morning Post saytı öz mənbələrinə istinadən xəbər vermişdi ki, Huawei şirkəti öz smartfon istehsalı sifarişini ixtisara salıb.
        Bu səbəbdən smartfon istehsalı ilə məşğul olan Foxconn şirkəti bir sıra istehsalat xətlərini ləğv edib. Lakin Huawei şirkəti bu məlumatların düzgün olmadığını bildirib. Şirkət təmsilçiləri qeyd ediblər ki, şirkətin smartfon istehsalı əvvəlki səviyyədə qalıb və son zamanlarda istehsalatın yüksəldilməsi və ya azaldılması barəsində heç bir qərar qəbul edilməyib.
        Qeyd etmək lazımdır ki, ABŞ hökuməti şirkətə hələki 90 günlük lisenziya təqdim edib. Həmin lisenziyanın vaxtı 19 avqust tarixində bitəcək. Lisenziya çərçivəsində Huawei şirkəti ABŞ bazarında fəaliyyətini davam etdirə bilər. Lakin şirkət ABŞ hökuməti ilə yaranmış vəziyyəti 19 avqust tarixinə kimi həll edə bilməsə, o, ABŞ hökumətinin xüsusi icazəsi olmadan ABŞ şirkətlərindən aparat və proqram təminatı ala bilməyəcək.
    Linki kopyala