main-post-cover

    Huawei P20 və dünyanın ilk üçlü arxa kameralı smartfonu P20 Pro təqdim olundu

    Elm & Texnologiya
    27.03.2018
    Emil Nəcəfov
        Bir neçə dəqiqə bundan öncə Parisdə Huawei şirkəti P20 P20 Pro modellərini təqdim etdi. Bu təqdimatdan gözləntilər çox böyük idi. Belə ki, şirkət yeni smartfonların kameraları ilə bağlı möhtəşəm təqdimat keçirəcəyini bildirmişdi. Görünür, şirkət həqiqətən də öz sözünü tutdu. Belə ki, o, dünyada ilk dəfə 40 MP-lik üçlü arxa kameraya sahib smartfonu təqdim etdi. Lakin buna baxmayaraq smartfonlar təkcə kameraları ilə fərqlənmirlər. Xarici görünüşcə P20 və P20 Pro modelləri bir-birilərinə oxşayırlar. Əsasən də bu oxşarlıq ön panel cəhətdən nəzərə çarpır.

        Pro versiyanın fərqləndirici özəlliyi böyük ölçüdə olması və üçlü arxa kameraya sahib olmasıdır. Adi P20 5.8 inç IPS texnologiyalı FullView, P20 Pro isə 6.1 inç AMOLED ekranla təchiz olunub. Hər iki smartfonun ön panelinin yuxarı hissəsində iPhone X-dəki kimi çıxıntı var. Lakin bu çıxıntı digər rəqib modellərdə olan çıxıntılardan bir qədər kiçikdir. Yeni smartfonların ən nəzərə çarpan fərqləndirici özəllikləri kameralarıdır. Bu baxımdan Huawei Almaniyanın Leica şirkətinə üz tutub. Adi P20 iki monoxrom sensorlu ikili arxa kameraya sahibdir. Onlardan biri 20 MP (f/1.8 diafraqmalı) digəri isə 16 MP-dir (f/1.6 diafraqmalı). Şirkətin verdiyi məlumata əsasən P20 foto keyfiyyətinin itməməsi ilə birlikdə ikiqat zoom ilə fotolar çəkə bilir.

        P20 Pro versiyası isə 40 MP-lik rəngli sensor (f/1.8 diafraqmalı), 20 MP-lik monoxrom sensor (f/1.6 diafraqmalı) və 8 MP-lik teleobyektiv sensorlu (f/2.4 diafraqmalı) üçlü arxa kamera ilə təchiz olunub. Beləliklə Pro versiya üçqat optik zoom və foto keyfiyyətinin minimal itirilməsi ilə birlikdə beşqat hibrid zoom özəlliklərinə sahibdir. Qeyd etmək lazımdır ki, bu cür özəlliklər indiyənə kimi hələ heç bir smartfonda olmayıb. Hər iki model 24 MP-lik ön kamera və f/2.0 diafraqmalı obyektiv ilə təchiz olunub. Hər iki smartfonun kameraları ISO 51 200 dəyərində fotolar çəkməyə qadirdirlər. Bu isə indiki olan smartfonların çoxundan 16 dəfə çoxdur. Pis işıqlandırılmış mühitdə bir neçə piksel bir araya yığılaraq daha çox işığın əhatə olunmasına yardımçı olur və beləliklə pis işıqlandırılmış mühitdə də keyfiyyətli fotolar əldə etmək mümkündür.

        Son zamanlar smartfonlar vasitəsilə slo-mo videoların çəkilişi dəb halını alıb. Buna görə də yeni smartfonlar saniyədə 960 kadr çəkmək özəlliyinə də sahibdirlər. Huawei Mate 10-da olduğu kimi bu smartfonda da süni zəka texnologiyaları kadrda olan obyektləri təyin edir və hər bir konkret səhnəyə uyğun optimal çəkiliş özəlliklərini təqdim edir. Bundan əlavə olaraq kameralarda 19 çəkiliş rejimi yer alıb. Portret çəkilişi, makro çakiliş, HDR, yemək çəkilişi, gecə çəkilişi və s. Hər iki smartfon 2.36 GHz tezlikli, inteqrasiyalı neyroşəbəkə modullu və i7 köməkçi prosessorlu 8 nüvəli Kirin 970 prosessoru ilə təchiz olunub. O həmçinin Mali-G72 MP12 qrafik sürətləndiriciyə də sahibdir.

        Adi P20 4 GB RAM, P20 Pro isə 6 GB RAM ilə təchiz olunub. Hər iki smartfon 128 GB daxili yaddaşa sahibdir. Lakin istifadəçilər təqdim olunmuş yaddaş həcmi ilə kifayətlənməli olacaqlar. Belə ki, yeni smartfonlarda microSD girişləri yoxdur. Böyük ölçüsünə görə P20 Pro modeli 4000 mAh enerji tutumlu batareyaya sahibdir. P20 isə 3400 mAh enerji tutumlu batareyaya sahibdir. Hər iki smartfon TÜV Rheinland təhlükəsizlik sertifikatına sahibdir. Həmçinin yeni modellərdə SuperCharge sürətli şarj yığma texnologiyası da dəstəklənir. Bu texnologiya sayəsində smartfonlar yarım saat ərzində 58% enerji yığa bilirlər. Smartfonlar EMUI 8.1 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışırlar. Smartfonların satışları bu ilin ikinci rübündə başlayacaq. P20 680 avro, P20 Pro isə 900 avro qiymətində satılacaq.

    Linki kopyala