main-post-cover

    Google şirkəti yeni AR eynək üzərində çalışır

    Elm & Texnologiya
    03.01.2022
    Emil Nəcəfov
        The New York Times nəşriyyatı böyük texnoloji şirkətlərin hazırladıqları AR (Artırılmış Reallıq) məhsullar ilə bağlı məqalə dərc edib. Son zamanlarda Apple şirkətinin ilk AR cihazı barəsində çoxlu sayda məlumat ortaya çıxır. Lakin The New York Times-ın verdiyi məlumata əsasən Google şirkəti də bu cür cihaz üzərində çalışır. Dərc edilmiş məqalədə Google şirkətinin AR cihazının texniki özəllikləri barəsində məlumat verilməyib. Lakin məlumata əsasən hazırlanan AR cihaz Kanadanın North adlı şirkətinin AR eynəklər seriyasının davamçısı olacaq. Qeyd etmək lazımdır ki, 2020-ci ilin iyun ayında Google sözügedən şirkəti almışdı. Hər iki şirkət arasında müqavilənin bağlanmasından bir neçə müddət əvvəl North şirkəti Focals 2.0 adlı smart eynəyinin təqdimatını planlaşdırırdı.
        Həmin smart eynək holoqrafik proyektor ilə təchiz olunmalı və hava proqnozu, bildirişlər, təqvimdə qeyd edilmiş tapşırıqlar kimi məlumatları əks etdirməli idi. Çox güman ki, Google şirkətinin yeni AR eynəyi təqdim edilməmiş Focals 2.0 cihazının inkişaf etdirilmiş versiyası olacaq. Güman olunur ki, yeni AR eynək Google Glass modellərindən fərqli olaraq geniş istifadəçi kütləsi üçün nəzərdə tutulacaq. Sözügedən cihazın nə zaman təqdim olunacağı bilinmir. Lakin Apple şirkətinin ilk AR cihazının artıq bu ilin payız fəslində təqdim ediləcəyi şayiələrinin yayılmasını nəzərə alsaq, Google öz yeni AR eynəyinin təqdimatını gecikdirməyəcək.
    Linki kopyala