main-post-cover

    Gələcəyin nəqliyyat növü: Sərnişinlərin iştirakı ilə Hyperloop texnologiyasının ilk testi keçirilib

    Elm & Texnologiya
    09.11.2020
    Emil Nəcəfov
        Aerodinamik kapsullar vasitəsilə sərnişinlərin vakuum tuneldə saatda 1000 km sürətlə daşınması ideyasını ilk dəfə Elon Musk 2013-cü ildə təqdim etmişdi. Həmin vaxtdan indiyənə kimi Hyperloop texnologiyası üzrə bir sıra şirkətlər yaradılıb. Onlardan biri olan Virgin Hyperloop şirkəti isə bu nəqliyyat növünün real sərnişinlərin iştirakı ilə keçirilmiş test nəticələrini təqdim edib. Bu barədə The Verge saytı xəbər verib. Keçirilmiş test uzunluğu 500 metr və diametri 3.3 metr olan DevLoop adlı təcrübi tuneldə reallaşdırılıb. Bu təcrübi tunel Las Veqas yaxınlığında yerləşir.
        Şirkətin bu yeni nəqliyyat növünün ilk sərnişinləri qismində isə Virgin Hyperloop şirkətinin texniki direktoru Josh Giegel və şirkətin sərnişinlərə xidmət şöbəsinin rəhbəri Sara Luchian çıxış ediblər. Sərnişinlər üçün nəzərdə tutulmuş Pegasus adlı kapsul DevLoop tunelinə yerləşdirildikdən sonra tuneldə olan hava tamamilə çıxarılıb. Vakuum texnologiyası sayəsində kapsul hərəkətdə olarkən kənar hava axınları ona tam təsir etmir. Sərnişinlərin iştirakı ilə keçirilmiş ilk Hyperloop səyahəti saatda 160 km sürətlə reallaşdırlıb.
        Şirkət rəhbərliyinin sözlərinə əsasən sözügedən testin uğurla yekunlaşması bu nəqliyyat növünün perspektivli olduğundan xəbər verir. Pegasus adlı sərnişin kapsulu 2.5 ton ağırlığında olan və 23 nəfər sərnişini daşıya bilən daha böyük kapsulun kiçik versiyasıdır. Skeptik insanların fikirlərinə əsasən bu texnologiyanın perspektivləri şübhəlidir. Belə ki, bu cür nəqliyyat növünün inşası və xidməti külli miqdarda vəsait tələb edir. Bununla yanaşı Hyperloop nəqliyyat növü marşrut istiqamətləri üzrə məhdudlaşdırılıb. Hyperloop nəqliyyat növünün kommersiya məqsədli istifadəsinə nə zaman start veriləcəyi barəsində bir məlumat təqdim olunmayıb.
    Linki kopyala