main-post-cover

    Elon Musk Tesla Optimus adlı robotun iki yeni prototipini təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    02.10.2022
    Farid Pardashunas
        Keçən həftənin sonunda baş tutmuş Tesla AI Day 2022 tədbiri çərçivəsində Elon Musk Tesla Optimus adlı robotun iki prototipini təqdim etdi. Onun sözlərinə əsasən şirkət sözügedən robotları milyonlarla tirajda istehsal edə bilər. Bununla belə bir robotun satış qiyməti 20 000$ təşkil edə bilər. Musk-ın bu bəyanatı çox iddialı səslənir. Belə ki, hal hazırda insana bənzər robotlar 100 000$-dan daha baha qiymətə satılır. Təqdimat çərçivəsində Musk bildirib ki, digər şirkətlərin insana bənzər robotları “beyin”ə sahib deyillər. Tesla Optimus isə öz növbəsində çox bacarıqlı robot olmalıdır. Belə ki, onun idarəsi süni zəka sistemi tərəfindən reallaşdırılacaq və Tesla həmin süni zəka sistemini öz elektromobillərindəki avtonom idarəetmə sistemləri əsasında hal hazırda təkmilləşdirir. Tesla AI Day 2022 tədbiri çərçivəsində təqdim edilmiş robotlardan birincisi xarici gövdə panellərindən məhrum olub.
        Sözügedən robot səhnədə iki ayaq üzərində müstəqil şəkildə hərəkət edə bilib və musiqi sədaları altında əllərini hərəkət etdirib. Musk-ın sözlərinə əsasən birinci nəsil robotun prototipi kənar istehsalçının icraçı mexanizmləri ilə təchiz olunub. Lakin ikinci nəsil robotun prototipi Tesla-nın istehsalı olan icraçı mexanizmlər ilə təchiz olunub. Təqdim edilmiş ikinci prototip səhnəyə daşıyıcı qurğu vasitəsilə çatdırılıb. Belə ki, ikinci prototip robot hələ ki, müstəqil şəkildə iki ayaq üzərində hərəkət etmək bacarığına sahib deyil. Lakin Musk bildirib ki, ikinci prototip artıq bir neçə həftədən sonra hərəkət etmək qabiliyyətinə sahib olacaq. İkinci prototipin əsas fərqləndirici özəllikləri arasında daha cəlbedici xarici görünüş və əl biləkləri olub. Robotun sahib olduğu əl biləkləri ölçü baxımından real insanın əl biləklərini xatırladır.
        Xüsusi dayağa bərkidilmiş ikinci prototip təkcə əllərini və başını deyil, həmçinin ayaqlarını da hərəkət etdirə bilib. Musk-ın sözlərinə əsasən ikinci prototip irimiqyaslı istehsalata hazır olan modelə çox bənzəyir. Tesla 27 səviyyədə müstəqil əl hərəkətinə və 28 bədən hərəkətinə sahib robotun hazırlanmasını hədəfləyib. Hal hazırda Tesla mühəndislərinin əsas hədəfləri robotun mexanizmlərini təkmilləşdirməkdir. Bu, robotun müxtəlif tapşırıqları yerinə yetirməsi üçün atılan bir addımdır. Bunun sayəsində robot müəyyən sahələrdə insanları əvəz edə biləcək. Şirkət tərəfindən təqdim edilmiş videoda görmək olar ki, Tesla Optimus gülləri sulamaqla, qutuları daşımaqla və s. işlərlə məşğul olur.
        Şirkət mühəndisləri həmçinin robotun gövdəsinə yerləşə biləcək elə bir batareya hazırlamalıdırlar ki, həmin batareya 2.3 kilovatt saat enerji həcminə sahib olsun və 52 vatt cərəyan gücü göstəricisində gün ərzində şarj prosesi olmadan çalışa bilsin. Şirkət robotun çəkisini 73 kq göstəricidə saxlamağı planlaşdırır. Robotun gövdəsində həmçinin xüsusi mərkəzi kompüter mövcuddur və həmin kompüter Tesla-nın fərdi prosessoru ilə təchiz olunub. Bununla yanaşı prosessor Wi-FiLTE kimi naqilsiz şəbəkə standartlarının dəstəyinə sahibdir. Tesla Optimus-un irimiqyaslı istehsalına nə zaman start veriləcəyi və nə zaman satışa çıxacağı barəsində dəqiq bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər