main-post-cover

    Elon Musk'ın yaxın 100 il üçün Mars planeti üzrə iddialı və dəlisov planları

    22.10.2018
    Farid Pardashunas
        Elon Musk Mars planetinin kolonizasiyasını arzulayır. O bu arzulara hələ 2000-ci illərin əvvəlində SpaceX özəl kosmik şirkətini yaradanda daxil olmuşdu. Lakin həmin vaxtda hələ milyoner olmuş cavan Musk biləndə ki, NASA insanların Mars planetinə göndərilməsi üçün heç bir iş görmür, o çox təəccüblənmiş və məyus olmuşdu. Belə ki, Mars planetinin kolonizasiyası Yer kürəsinin artıq həyat şəraitinə sahib olmayacağı ehtimalında bir əlavə variant kimi düşünülür.
        Ümumilikdə həmin vaxtdan bəri Musk diqqətə laiq bir neçə aerokosmik sistemlərinin yaradılmasına nail ola bildi: Falcon 1 – şirkətin ilk orbital raketi, Grasshopper – böyük olmayan test raketi, Falcon 9 – təkrar istifadə üçün nəzərdə tutulmuş orbital raket, Dragon – kosmik yük aparatları seriyası (yaxın perspektivdə NASA astronavtlarını Yer kürəsinin orbitinə çatdıracaq kosmik gəmi) və Falcon Heavy – Musk-ın özəl Tesla Roadster elektromobilini, SpaceX tərəfindən hazırlanmış skafandrda manekeni kosmosa sayəhətə göndərmiş və təkrar istifadə üçün nəzərdə tutulmuş ağır raket.
        Lakin Mars planeti daha fərqli səviyyədə olan məqsəddir. Bu, soyuq, həyatın olmadığı, heç bir səhvi bağışlamayan və Yer kürəsindən 225 milyon kilometr uzaqlıqda yerləşən böyük səhradır. Hətta indiki texnologiyalar vasitəsilə Mars planetinin səthinə kiçik aparatı çatdırmaq üçün böyük səylər və qeyri adi ixtiraçılıq qabiliyyətləri lazımdır. Bu məsələdə daxilində insanlar ilə müxtəlif növ yüklərin olduğu kosmik aparatdan danışanda vəziyyət bir qədər dəyişir. Məhz buna görə SpaceX son 16 ildə plan üzrə təcrübə yığır, öz işçilərinin sayını artırır və texnologiyaların inkişafına investisiyalarını artırır. Bütün bunlar Big Falcon Rocket (BFR) adlı böyük və çox ağır raketin yaradılması üçün edilir.
        Tamamilə təkrar istifadəyə yararlı 117 metrlik bu kosmik sistem iki böyük pillədən ibarət olacaq: Təqribi olaraq 18 mərtəbəli bina hündürlüyündə Big Falcon Spaceship kosmik gəmisi və həmin ölçüdə olacaq Big Falcon Booster sürətləndiricisi. Sözügedən raket kosmik gəmini Yer kürəsinin aşağı orbitinə çatdıracq. Həmin orbitdən isə kosmik gəmi artıq öz sürəti ilə nəzərdə tutulmuş məntəqəyə yola düşəcək. Bundan sonra kosmik sistemi yenidən yanacaq ehtiyyatı ilə təmin edərək ondan təkrar istifadə etmək mümkün olacaq. İdarə olunan kosmik uçuşlar kimi məsələlələrdə hansısa zaman intervellarının təyin edilməsi bir qədər düzgün deyil. Lakin SpaceX-in, insanları Mars planetinə çatdırması kimi cəsarətli proqnozlar Musk-ın bu ideya ilə necə alışıb yandığını göstərir.
        Nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi üzrə aşağıda təqdim olunmuş zaman intervalları (onlardan çoxusu mübahisəlidir) Musk-ın əvvəlki bəyanatları, SpaceX şirkətinin rəsmi təmsilçilərinin fikirləri, mütəxəssislərin fikirləri və Reddit platformasında sözügedən şirkətin böyük pərəstişkar kütləsinin fikirləri üzərində tərtib olunub.
    Mars ilə bağlı planların hal hazırki inkişaf mərhələsi:
        Sürətləndirici və kosmik gəmiyə sahib Big Falcon Rocket sisteminin sxematik təsviri:

        Daha əvvəllər Musk bildirmişdi ki, Big Falcon Rocket sistemi reallaşdırılması mümkün ən çətin kosmik sistemdir. Buna görə də şirkət sahib olduğu bütün resurslarını və diqqətini məhz bu kosmik sistem ətrafında cəmləyib. Məsələn SpaceX şirkəti Los Ancelesdən 15 km aralıda zavodun inşasına start verib. Həmin zavodda BFR sisteminin yığılması reallaşdırılacaq.
        Zavodun inşasının getdiyi bir vaxtda şirkətin mühəndisləri sahəsi 1860 kvadrat metr olacaq kosmik aparatın prototipinin hazırlanması ilə məşğuldur. Həmin kosmik aparat təkmilləşdirilmiş karbon materiallardan hazırlanacaq. Bunan əlavə olaraq SpaceX şirkətinin təmsilçiləri Mars planetinə uçuş planının müzakirəsi üçün NASA və digər təşkilat ilə şirkətlərin təmsilçiləri ilə görüşlər keçirdirlər. Bir çox sual hələ həll olunmamış qalır. Məsələn BFR raketində Marsa yola düşəcək insanları radiasiyadan və qida çatışmazlığı kimi problemlərdən qorumaq üsullarını fikirləşmək lazımdır.
    2018-ci il: Texas ştatında kosmodromun inşası:

        SpaceX şirkətinə özünün kosmodromu lazımdır. Həmin kosmodromda Falcon 9 ilə Falcon Heavy raketlərinin uçuşlarından əlavə olaraq şirkətin yaradacağı texnoloji yeniliklərin test uçuşları da reallaşdırılacaq. Şirkətin kosmodromunun məhz Texasda inşasının bir neçə səbəbi var. Birincisi SpaceX şirkəti raketin böyük hissələrini Panama kanalı vasitəsilə su üzrə Los Ancelesdəki zavoda çatdıra bilər. Əks halda raketin detallarını təyyarələr və yük maşınları vasitəsilə çatdırmaq lazım gələcək. Bu isə su üzərində çatıdırlma üsulundan bir qədər bahadır.
        İkincisi kosmodromun inşası üçün nəzərdə tutulmuş yerdə (Boka Çika kəndinin ətrafı) demək olar ki, heç kim yaşamır. Bu isə şirkət üçün çox yaxşı faktordur. Belə ki, şirkət təcrübi kosmik gəmini partlayışa meylli bir çox müxtəlif yanacaqlarla doldurmağı planlaşdırır. Bu isə ətrafda yaşayan insanlar üçün potensial təhlükə mənbəyi ola bilərdi. Üçüncü faktor ondan ibarətdir ki, kosmodromun inşasını maliyyə cəhətdən Texas ştatının hökuməti dəstəkləyir. Belə ki, istifadəyə veriləcək kosmodrom ştatın sakinlərinə yeni iş yerləri təklif edəcək. Bundan əlavə olaraq bu halda raketləri Meksika körfəzi üzərindən kosmosa göndərmək olacaq. Bu isə öz növbəsində insanlar və yer üzündə olan infrastruktur üçün riskləri azaldacaq.
        Ümumiyyyətlə ehtimal var ki, ilk kosmodrom su üzərində olsun. “Əslində mən raketlərin uçuşlarının su üzərindəki platformadan reallaşdırılmasının tərəfdarıyam” – deyə Musk bu ilin Sentyabr ayında bildirmişdi. Və sonda əsas faktor ondan ibarətdir ki, gəlcək kosmodromun inşa ediləcəyi yer ABŞ-ın ən cənub hissəsində yerləşir. Raketin uçuşu ekvatora nə qədər yaxın ərazidə reallaşdırılırsa, raketin yanacağında bir o qədər qənaət etmək olur. Belə ki, planetin fırlanması raketin uçuş startındakı sürətlənməsinə nəzərə çarpacaq dərəcədə köməklik göstərəcək.
    2019-cu il: Big Falcon Spaceship kosmik gəmisinin təqdimatı:

        SpaceX şirkətinin prezidenti və icraçı direktoru Gwynne Shotwell bildirib ki, şirkət bu kosmik gəminin prototipinin testini 2019-cu ilin sonunda Texas ştatının cənubi hissəsində keçirtməyi ümid edir. Test uçuşu orbital xarakter daşımayacaq. Kosmik gəmini bir qədər göyə qaldırıb sonra yenidən aşağı endirəcəklər.
        Sözügedən testin əsas məqsədi prototipin çalışma yoxlanışı və həmin yoxlanış əsasında məlumatların yığılmasıdır. Daha sonra həmin məlumatlardan kosmik gəmi sisteminin yaradılmasında istifadə olunacaq. SpaceX şirkətinin əvvəlki test uçuşlarının təcrübəsi onu göstərir ki, Big Falcon Spaceship kosmik gəmisinin test uçuşu heç də yaxşı olmayan nəticə ilə bitə bilər. Məsələn kosmik gəmi uçuş startı zamanı partlaya və ya onunla başqa bir bədbəxt hadisə baş verə bilər.
    2020-2021-ci illər: Tamamilə hazır BFR sisteminin sınaq uçuşu və kosmik gəminin Yer kürəsinin orbitinə göndərilməsi:

        Bu ilin Mart ayında keçirilmiş Satellite 2018 adlı beynəlxalq peyk sənayesi sərgisi və konfransı çərçivəsində Gwynne Shotwell bildirmişdi ki, BFR sistemi artıq 2020-ci ildə orbital sistem olmalıdır. Başqa sözlə desək, SpaceX şirkətinin prezidenti onu nəzərdə tuturdu ki, həmin vaxtda sürətləndirici raket və kosmik gəmi Texas ştatına çatıdırılaraq orada yığılacaq və orbital uçuşa hazır olacaq. Lakin Sentyabr ayında Elon Musk bildirmişdi ki, layihənin bu mərhələsi üçün dəqiq seçilmiş bir zaman intervalı yoxdur. Bundan əlavə olaraq o bildirmişdi ki, insanların BFR vasitəsilə kosmosa uçmalarından öncə bu sistemin bir neçə dəfə idarə olunmayan test uçuşunu reallaşdırmaq istərdi.
    2022-ci il: Mars planetinə, daxilində faydalı yükün olduğu (insanlarsız) 2 Mars missiyasının reallaşdırılması:

        Bir zamanlar Musk qeyd etmişdi ki, artıq 2022-ci ildə BFR raketi vasitəsilə Mars planetinə missiyanı reallaşdırmağı arzulayır. İlk öncə hər bir kosmik gəmi Yer kürəsi ətrafında uçuş edəcək və daha sonra bütün yanacaq ehtiyyalarından istifadə edəcək. Daha sonra hər bir kosmik gəmiyə daxilində yanacaqla dolu kosmik tankerlər göndəriləcək. Həmin kosmik tankerlər vasitəsilə kosmik gəmilər yanacaqla təmin olunduqdan sonra gəmilər Mars planetinə yol alacaqlar. Bu cür tapşırıqların yerinə yetirilməsi üçün nə qədər zamanın və kosmik uçuşların reallaşdırılmasının lazım olduğu isə hələki tam aydın deyil.
        Hər 2 ildən bir Mars planeti ilə Yer kürəsi arasındakı məsafə minimal olur. Bu isə öz növbəsində Mars planetinə adi vaxtdan daha tez çatmaq imkanını verir. Bundan da belə nəticəyə gəlmək olar ki, BFR raketi üçün ən uyğun uçuş vaxtı məhz 2022-ci ilin yay fəsli olacaq. Big Falcon Spaceship kosmik gəmisinin öz sürətini necə effektiv dəyişə bilməsindən asılı olaraq kosmik gəmi Mars planetinə bir neçə aya və ya 1 ilə çata bilər. Beləliklə kosmik gəmi Mars planetinin səthinə ya 2022-ci ilin sonunda yada 2023-cü ilin əvvəlində enə bilər.
    2022-2023-cü illər: Mars planetinin səthinə ilk kosmik gəmi Big Falcon Spaceship-in enməsi:

        Mars planetinə olacaq ilkin uçuşlar zamanı Musk qırmızı planetə daxili boş olan kosmik gəmiləri göndərmək istəmir. Güman olunur ki, ilkin uçuş missiyaları çərçivəsində SpaceX şirkətinin kosmik gəmiləri Mars planetinə faydalı yük qismində lazımi təchizatı və ehtiyyat hissəslərini çatdıracaq. Onlar isə öz növbəsində Mars planeti üzrə növbəti missiyalarda lazım olacaqlar. Gələcək missiyalar çərçivəsində Mars planetinə yollanacaq insanlara ilk Mars məntəqəsinin inşası üçün qida mənbəyi, suyun tapılması üçün təchizat və yerli resursların su ilə raket yanacağına çevrilməsi sistemləri lazım olacaq.
        Bütün bunlar ordakı insanların Yer kürəsinə geri qayıtmalarında əsas rol oynayacaqlar. SpaceX şirkətinin Mars missiyası üzrə aparıcı mühəndisi Paul Wooster bu ilin Avqust ayında Mars planetinə ilkin uçuşların necə keçiriləcəyi barəsində məlumatlar vermişdi. Wooster bildirmişdi ki, Mars planetinə olacaq 2 pilotsuz yük daşınması missiyası çərçivəsində Mars planetinin hal hazırda diqqət çəkən yerlərində su ehtiyyatlarının olub-olmaması təsdiqlənəcək, gələcək missiyalar üçün bütün eniş çətinlikləri təyin ediləcək və gələcək Mars infrastrukturu üçün ilk addımlar atılacaq. Məsələn Mars planetinin səthində gələcəkdə olacaq idarə olunan uçuşların daha təhlükəsiz enişi üçün xüsusi platforma tikiləcək.
    2023-cü il: BFR raketi vasitəsilə insanların Ay ətrafı uçuşu:

        Bu ilin Sentyabr ayında Musk SpaceX şirkətinin ilk kosmik turistini təqdim etmişdi. Həmin şəxs yaponiyalı milyarder Yusaku Maezawa-dır. BFR raketinin ilk sərnişini olmaq üçün Maezawa-nın nə qədər vəsait ödədiyi kommersiya sirri olaraq qalır. Lakin çox güman ki, söhbət, bir neçə yüz milyon dollardan gedir.
        Bundan əlavə olaraq Maezawa kosmik gəmidəki bütün yerləri alaraq kosmik uçuşa incəsənət sahəsindən 6-8 nəfəri də dəvət edəcək. Həmin şəxslərin Maezawa ilə birlikdə Ay ətrafı uçuşları 2023-cü ildə baş tutacaq. Bu missiya BFR kosmik sisteminin işlədiyinin əyani sübutu olacaq. “O təkcə kosmik sürətləndirici ilə raketin hazırlanmasına yardım məqsədli milyonlarla dollar vəsait ödəmir. O həmçinin gələcəkdə orta statistik insanın digər planetlərə uçmaları üçün vəsait ödəyir” – deyə Musk bildirmişdi.
    2024-cü il: Mars-a ilk insanın göndərilməsi:

        İlk yük daşınmaları və tədqiqat missiyalarının uğurlu keçməsi halında SpaceX şirkəti Mars planetinə 1-2 idarə olunan missiyaların göndərilməsini planlaşdırır. Wooster-in sözlərinə görə hər bir kosmik gəmi özü ilə 100 ton ağırlığında müxtəlif ehtiyyatlar aparacaq. Qırmızı planetə ola biləcək 1 illik missiya çərçivəsində istənilən komandaya lazım ola biləcək böyük həmcdə təchizat ehtiyyatlarının Mars planetinə öncədən çatdırılması daha təkmilləşdirilmiş texnologiyalara ehtiyacı kompensasiya edəcək.
    2025-ci il: İlk insanın Mars planetinə ayaq basması:

        Mars planetinə olacaq ilkin pilotsuz uçuşlar kimi idarə olunacaq uçuşlar çərçivəsində də Mars planetinə çatmaq üçün 6 aydan 9 aya kimi vaxt lazım olacaq. Bu ilin Avqust ayında Wooster bildirmişdi ki, Mars planetinə eniş edəcək ilk kosmik gəmilər çox güman ki, astronavtlar üçün həmçinin yaşayış yeri qismində də çıxış edəcəklər. Şərait o qədər də komfortlu olmasa da, kosmik gəmidən bu cür istifadə Mars missiyasının qəlizliyini aşağı salacaq. Bundan əlavə olaraq bu cür faktor tez bir zamanda Mars məntəqəsinin inşası problemini aradan qaldıracaq.
    2028-ci il: Mars Base Alpha məntəqəsinin inşasının sona çatması:

        Bir dəfə Twitter istifadəçilərindən biri Musk-dan soruşmuşdu ki, ilk Mars məntəqəsinin tikilməsi nə qədər zaman alacaq. Musk cavab vermişdi ki, çox güman ki, ilk Mars məntəqəsinin inşası 2028-ci ildə sona çatacaq. Layihənin bu mövzusunu inkişaf etdirərək Musk bu ilin Mart ayında ilk Mars məntəqəsinin inşasının nədən başlayacağı barəsində məlumat da vermişdi. “Onun inşası əsas baza infrastrukturunun tikilməsi ilə başlayacaq. Yanacağın əldə olunması üçün stansiyanın, elektrostansiyanın və qida məhsullarının becərilməsi üçün istilik stansiyalarının inşası. Bir sözlə insan həyatı üçün vacib olan əsas baza göstəriciləri. Bundan sonra isə sahibkarlıq imkanları yaradılacaq” – deyə Musk bildirmişdi.
    Mümkün 2030-cu illər: İlk Mars şəhərciyinin inşası:

        Əgər yuxarıda sadalanmışlar sizlərə fantastik bir şey kimi görünürlərsə, aşağıda sadalananlar fantastikanın sərhədindən o tərəfə keçən şeylərdir. İlk öncədən qeyd etmək lazımdır ki, həyatın təmin olunması sistemləri üzrə mütəxəssislər insanın Mars planetinin səthinə enməsinə, onun sağ qalmasına və bununla belə Mars planetində şəhərciyin yaradılmasına imkan verəcək texnologiyaların 2020-ci ilə kimi yaradılmasına şübhə ilə yanaşırlar.
        Lakin Musk məhz bunu etmək istəyir. Ən azından bu yolda işlərin təməlini qoymaq. “Mən düşünürəm ki, insanlar Mars-da sivillizasiyanın yaradılması haqqında real məqsəd kimi düşünəcəklər. Belə ki, söhbət təkcə insanlıqdan deyil həmdə bizə məlum olan bütün həyatın qayğısına qalmaqdan gedir” – deyə Musk vaxtı ikən bildirmişdi. Onun əsas arzularından biri də qiyməti 200.000 dollar olacaq biletlər vasitəsilə Mars planetinə milyonlarla insanı göndərməkdir.
        Onun fikrincə təkrar istifadəyə yararlı BFR sisteminin nəzəri potensialını nəzərə alsaq biletlərin bu cür qiymət göstəricisinə nail olmaq tamamilə realdır. Bundan əlavə olaraq Musk inanır ki, uzunmüddətli perspektivdə Mars planetindəki həyat Yer kürəsindən o qədər də fərqlənməyəcək. “Marsda hər şey olacaq. Zavodlardan tutmuş pizza restoranlarına kimi. Düşünürəm ki, orda əla Mars barları olacaq” – deyə Musk bildirmişdi.
    2100-cü illər: Mars planetinin terraformalaşdırılması:

        SpaceX şirkətinin demək olar ki, hər bir vakansiyasında “Mars planetində həyat imkanlarının yaradılması üçün əsas məqsəd” bölməsi var. Şirkət saytının həmin səhifəsində həmçinin Yer kürəsinə təkamül etmiş Mars planetinin təsviri də əks olunub. Maraqlısı ondadır ki, söhbət heç də fantaziyalardan getmir. Belə ki, elm mühitinin daxilində həqiqətən də terraformalaşdırma ideyasının müzakirəsi gedir.bSadə sözlə desək terraformalaşdırma prosesi iqlim dəyişikliklərini əks etdirir. Lakin adi iqlim dəyişikliklərindən fərqli olaraq terraformalaşdırma prosesində bu bir qədər daha sürətlə reallaşdırılır.
        Bizim planetimiz milyonlarla illər bundan öncə heç də indiki kimi deyildi. O daha çox nəhəng vulkanı xatırladırdı. Nəhəng vulkanın nəticə etibarilə dənizlərə, ağaclara, oksigenə, yəni bir sözlə həyatın var olması üçün münbit şəraitə sahib olması üçün təbiət milyonlarla illər zaman sərf etdi. Yəni Yer kürəsi öz təkamülü nəticəsində indiki vəziyyətini əldə etdi. Terraformalaşdırma prosesi isə bu cür nəticəyə yüzlərlə, maksimum min il ərzində nail olmağa imkan verə bilər. Mars planetinin günlərin birində böyük səhradan həyatın var olması üçün münbit şəraitə sahib bir yerə çevrilməsi ideyası heyran etməyə bilməz.
        Əgər biz Mars planetinin qütblərində yerləşən və daxilində böyük həcmli karbon qazı ehtiyyatını saxlayan buzlaqları əritmək üsulunu tapsaq, bu, terraformalaşdırma prosesinə start verə bilər. Hal hazırda Mars-ın atmosfer təzyiqi Yer kürəsinin göstəricisindən 1%-dən aşağıdır. Bu cür şəraitdə Mars vakuum kamerasını xatırladır. Mars-ın atmosferi yoxdur. Buna görə də kosmik radiasiya onun səthinə rahatlıqla çata bilir. Xüsusi təchizatsız və yaxşı skafandrsız insan bu planetdə sağ qala bilməz. Belə halda Mars planetində heç bir koloniyadan söz belə gedə bilməz.
        Mars planetinin tez bir zamanda terraformalaşdırma prosesini işə salmağın mümkün olub-olmadığını söyləmək çətindir. NASA mütəxəssislərinin fikrincə bu mümkün deyil. Belə ki, planetin qütblərindəki buzlaqlar öz tərkibində az miqdarda karbon qazına sahibdirlər. Bu isə planetin iqliminin dəyişilməsi üçün kifayət etməyəcək. Lakin bu mövzu hələ müzakirə mərhələsindədir və buna görə də yekun bir nəticə çıxarılmayıb. Təkcə atmosferin olması məsələni həll etmir. Əgər planetin maqnit sahəsi yoxdursa, əldə olunan atmosfer tez bir zamanda yoxa çıxacaq. Bu məsələnin həll olunması üçün çox böyük kosmik aparatlardan istifadə oluna bilər. Nəticədə onlar planetin ətrafında süni maqnit sahəsi yarada bilərlər. Bu isə öz növbəsində planeti günəş radiasiyasından qoruyacaq.
        Bir sıra alimlər həmçinin onu da qeyd edirlər ki, biz planetin səthindəki su və metan ehtiyyatlarına diqqət ayırmışıq. Bununla yanaşı həmin resursların planetin dərinliklərində ola biləcək ehtiyyatlarına da diqqət yetirmək lazımdır. Planetin dərinliklərində bu resursların həqiqətən də olub-olmadıqlarını yoxlamaq artıq ciddi və dəqiq tədqiqatları tələb edir. Musk həmçinin planetin səthinin termonüvə silahları ilə bombardman edilməsini təklif edir. Lakin bu cür təcrübələr sadəcə olaraq terraformalaşdırmanın bu və ya digər üsulunun çalışıb-çalışmadığını öyrənməyə imkan verəcək. Kim bilir, bəlkə də gələcəkdə Musk-ın yolu ilə gedəcək şəxslər bu cür təcrübələri keçirtməyi bacaraqlar.
    Mənbə: Hi-news.ru
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər