main-post-cover

    Elon Musk'ı Tesla şirkətindən kənarlaşdırmaq tələbi ilə məhkəməyə verdilər

    Elm & Texnologiya
    27.09.2018
    Emil Nəcəfov
        ABŞ-ın birja və dəyərli kağızlar üzrə komissiyası (SEC) Elon Musk-ı dəyərli kağızlar üzrə dələduzluqda günahlandıraraq onu məhkəməyə verib. Məhkəmə iddiası Nyu York şəhər məhkəməsində qaldırılıb. SEC-in məhkəmə iddiası Elon Musk-ın Tesla-nı özəl şirkətə çevrmək planları üzrə açıqlamaları ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Musk bu barədə Avqust ayının əvvəlində Twitter hesabında bildirmişdi. Həmin vaxtda o bildirmişdi ki, Tesla-nı özəl şirkətə çevirmək üçün şirkətin bir səhmini 420$ qiymətində investorlara təklif edəcək və bu baxımdan şirkətin maliyyələşdirilməyi dəqiqdir. Daha sonra Musk investorların xahişi ilə bu fikirdən imtina etmişdi.
        SEC-in iddiasında qeyd olunub ki, Musk-ın bu bəyanatları yanlış olub və investorların aldanmasına səbəb olub. Komissiyanın fikrincə Musk bu barədə bilib və ya buna o qədər də ciddi yanaşmayıb. Bundan əlavə olaraq SEC bildirib ki, Musk bu məsələdəki potensial müqaviləni heç bir nizamlayıcı orqan, investor və ya səhmdar ilə müzakirə etməyib. “Nə məşhurluq statusu nə də texnoloji yenilikçi statusu dəyərli kağızlar sahəsindəki qanunvericiliyə riayət edilməsi borcundan yaxa qurtarmır” – deyə SEC-in təmsilçilərindən biri qeyd edib.
        Komissiya Elon Musk-ı Tesla şirkətinin CEO vəzifəsindən kənarlaşdırılmasını, onu istənilən ictimai şirkətdə hər hansısa idarəedici vəzifəyə təyin olunmasını qadağan edilməsini və ona cərimənin təyin edilməsini tələb edir. CNBC-ə müsahibəsində isə Musk bildirib ki, SEC-in iddiaları əsassızdır və o, investorların maraqları çərçivəsində hərəkət edib. “Mən, SEC-in əsassız iddialarına görə kədərlənmiş və məyus olmuş şəkildəyəm. Mən həmişə doğruluğun, şəffaflığın və investorların maraqları çərçivəsində hərəkət etmişəm. Dürüstlük mənim həyatımın vacib dəyəridir və faktlar onu göstərir ki, mən heç zaman onu təhlükə altına qoymamışam” – deyə Musk bildirib. SEC-in məhkəmə iddiası fonunda Tesla şirkətinin səhm qiymətləri 10%-dən çox aşağı düşüb və bir səhmin qiyməti 274$ təşkil edib.
    Linki kopyala