main-post-cover

    Elektromobillər üçün sürətli şarj texnologiyasına sahib yeni növ litium-ion batareyalar yaradılıb

    Elm & Texnologiya
    20.01.2021
    Emil Nəcəfov
        İsrailin StoreDot adlı startapı elektromobillər üçün nəzərdə tutulmuş yeni növ litium-ion batareyası yaradıb. Yaradılmış yeni növ batareya 5 dəqiqə ərzində tam şarj ola bilir. Bu barədə The Guardian xəbər verib. Məlumata əsasən sözügedən yeni litium-ion batareyalar Çində Eve Energy şirkəti tərəfindən istehsal olunur. Bununla yanaşı qeyd olunur ki, bu yeni batareyalardan istifadə üçün yeni infrastrukturun qurulması lazım gələcək. Söhbət, yüksək gücə sahib şarj cihazlarından gedir. Əgər şarj prosesi üçün bütün lazımi şərtlər yerinə yetirilsə, artıq 2025-ci ilə kimi StoreDot startapı bu cür batareyanı istehsal etməyi planlaşdırır.
        “Əvvəllər litium-ion batareyanın 5 dəqiqə ərzində şarj olunması qeyri mümkün hesab edilirdi. Lakin biz artıq buna imkan verən ilk batareya növlərini istehsal etmişik. Beləliklə bu, yerinə yetirilən və kommersiya baxımından əlçatandır” - deyə StoreDot-un direktoru bildirib. O həmçinin bildirib ki, bu cür batareya elektromobil sahiblərinə onları yanacaqdoldurma məntəqələrindəki kimi tez bir zamanda şarj etməyə imkan yaradacaq. Məlumata əsasən StoreDot-un yeni batareyası ənənəvi litium-ion batareyalarında qrafiti yarımkeçirici nanohissəciklərlə əvəz edir.
        Adətən qrafit elektrod qismində istifadə olunur və enerjinin yığılması üçün həmin elektroda litium ionları yerləşdirilir. Lakin bu cür batareyalar tez şarj olunan zaman ionlar yığılır və nəticədə onlar metala çevrilə bilərlər. Bu isə batareyada qısa qapanmanın baş verməsinə gətirib çıxarda bilər. Nanohissəciklərə isə ionlar daha tez və rahat keçid edə bilirlər. Startap bildirib ki, bu yeni növ batareyanın qiyməti hal hazırda mövcud olan litium-ion batareyaların qiymətləri ilə eyni olacaq. Hələ bir neçə müddət bundan öncə StoreDot telefonlar, dronlar və skuterlər üçün nəzərdə tutulmuş sürətli şarj texnologiyasına sahib batareyaları təqdim etmişdi. Bu startapa Samsung, BP, Daimler kimi şirkətlər investisiya yatırıblar. 
    Linki kopyala