main-post-cover

    Böyük bir dövrün sonu: Jack Ma, Alibaba Group şirkətindən ayrılacağını elan etdi

    Elm & Texnologiya
    08.09.2018
    Emil Nəcəfov
        Alibaba Group şirkətinin CEO-su Jack Ma, New York Times-a müsahibəsində bildirib ki, o, 10 Sentyabr tarixində şirkətdən ayrılacaq. Məhz həmin gün onun 54 yaşı tamam olacaq. Bununla belə Ma direktorlar şurasında qalacaq və rəhbərliyə müəyyən məsələlərdə kömək edəcək. Hal hazırda Jack Ma-nın sərvəti 40 milyard dollar dəyərində qiymətləndirilir. Müsahibə zamanı Ma şirkətdən gedişini “yeni dövrün başlaması” kimi qələmə verib.
        Şirkətdən ayrılandan sonra Ma ingilis dili üzrə tədrislik etməyi və xeyriyyəçiliklə məşğul olmağı istəyir. Bu işdə o, Bill Gates-i özünə nümunə götürür. Beləliklə Ma öz vaxtının və resurslarının böyük bir hissəsini təhsilin inkişafına ayıracaq. Qeyd etmək lazımdır ki, bir nüçə müddət bundan öncə o, Jack Ma Foundation adlı fondu təsis etmişdi. Həmin fond Çinin kəndlərində və rayonlarında təhsilin inkişafına köklənəcək. Alibaba Group şirkətinin bazar dəyəri 420 milyard dollar təşkil edir.
        Jack Ma-nın rəhbərliyi altında Alibaba online ticarət platformasından dünyanın ən böyük texnoloji holdinqlərindən birinə çevrildi. Şirkət Taobao online ticarət platformasına, Alipay ödəniş platformasına və Weibo sosial şəbəkəsinin 30%-dən çoxuna sahibdir. Lakin son bir neçə il ərzində Ma artıq yorulduğunu dəfələrlə qeyd etmişdi. 2016-cı ildə o etiraf etmişdi ki, bu cür şirkətin yaradılması onun həyatının ən böyük səhvi olub.
        “Mən düşünmürdüm ki, bu mənim həyatımı bu cür dəyişəcək. Mən sadəcə olaraq kiçik bir şirkət yaratmağa çalışırdım. Lakin bu şirkət belə böyük alındı. Əgər mənim növbəti həyatım olsa mən heç zaman belə biznes ilə məşğul olmaram. Mən biznes haqqında danışmaq istəmirəm, mən işləmək istəmirəm” – deyə Ma qeyd edirdi.
    Linki kopyala