main-post-cover

    Azercell bizneslər üçün hansı həlləri təqdim edir? [Virtual ATS və M2M həllər]

    13.07.2018
    Farid Pardashunas
        Rabitə və kommunikasiyanı bizneslərin qan-damar sistemi adlandırmaq olar. Müştərilərlə münasibətlər, maşınların və daşınmanın izlənilməsi, internet, məlumatların qeydə alınması, analizi və bir sıra bulud əsaslı həllər müasir bizneslərin əsasını təşkil edən önəmli elementlərdir. Bu məqaləmizdə orta və böyük bizneslər üçün önəmli olan Virtual ATS, M2M həllər, izləmə (tracking) və bir sıra bulud əsaslı həllər haqqında məlumat verəcəyik.
        Ölkənin aparıcı mobil operatoru Azercell sadalanan xidmətlər üzrə korporativ səviyyədə müştərilərinə xüsusi həllər təqdim edir. Xidmətlərin ana xətti Virtual ATSM2M həllərdən təşkil olunub. Mobil virtual xüsusi şəbəkə üzərində qurulan Virtual ATS xidmətinin bizneslərdə əsas həll etdiyi problem, şirkətin daxili kommunikasiyasının qurulması və müştərilərdən daxil olan zənglərin idarə olunmasıdır. Azercell-in təklif etdiyi bu xidmətin adi Virtual ATS xidmətlərindən əsas fərqi mobil xüsusi şəbəkənin üzərində qurulmasıdır. Yəni, adi halda siz şirkətinizdə Virtual ATS xidməti qurmaq üçün kifayət qədər bahalı avadanlıqlar almalısınız. Mobil nömrə üzərində qurulan Virtual ATS xidmətində isə bu baş vermir. Heç bir avadanlığa ehtiyac olmadan şirkətinizdə özəl şəbəkə xidmətinin bütün imkanlarından yararlana bilirsiniz.
        Azercell-in təqdim etdiyi Virtual ATS xidmətinin əsas üstünlüyü mobil nömrəni ofis stasionar telefonuna çevirməkdir. Mobil nömrə vasitəsilə həm şirkət daxilində şöbələrarası qısa nömrələr yarada, həm də müştərilər tərəfindən daxil olan zəngləri yönləndirə bilərsiniz. Azercell bu məsələni çoxkanallı nömrələr vasitəsilə həll edir. Məsələn, şirkətinizdə şöbələr, yaxud filiallar daxilində qısa nömrələr yaratmaqla elə mobil cihazınızdan zəng edərək şirkətdaxili kommunikasiya qurmaq mümkündür. Daha bir nümunə isə müştəri xidmətləri ilə bağlıdır. Məsələn, hansısa müştəri şirkətin virtual nömrəsinə zəng edir, əməkdaş smartfonu ilə zəngi cavablayır. Əgər sorğu başqa şöbəyə aiddirsə, şirkət əməkdaşı elə smartfonundan uyğun yönləndirmə düyməsini sıxmaqla zəngi şöbələrarası yönləndirə bilir.
        Şirkət daxildə müxtəlif əməkdaş qrupları yaratmaqla onların idarəsini təşkil edə bilir. Məsələn, hər hansı şöbənin beynəlxalq zənglərə olan çıxışını bağlaya və yaxud digər mobil operatorlara olan zənglərə məhdudiyyətlər qoya bilər.
         Bütün sistem vahid çoxkanallı nömrə üzərində qurulur. Yəni, şirkət nömrəsi bir olduğu halda, gələn zənglər şöbələrarası paylana bilir. Əlavə olaraq IVR menyusu yaratmaqla müştərinin düzgün yönləndirilməsini təmin etmək olur. Virtual ATS xidməti Azercell tərəfindən 2 fərqli paketdə bizneslər üçün təqdim olunur:
    Standart Paket
    Mobil ATS, zəngin yönləndirilməsi, aktiv zəngin digər istifadəçiyə ötürülməsi, ortaq zəng qrupu, telesekretar, gözləmə musiqisi və zəngin ortaq zəng qrupuna qaytarılması xidmətləri standart paketə daxil olan Virtual ATS həlləridir.
    Premium Paket
        Premium paketə isə standart həllərlə yanaşı, bir sıra xüsusi imkanlar da daxildir. Belə ki, Premium paketdə şirkət şərtli IVR menyusu yarada, daxil olan və çıxan zənglərə qadağa tətbiq edə və konfrans zənglər həyata keçirə bilər. Əlavə olaraq, zəng edən tərəfin nömrəsinin dəyişdirilməsi, qeyri-iş vaxtları üçün ayrıca IVR seçimləri və daxil olan zənglərin növbələnməsi kimi xüsusi həllər də Premium paketdə mövcuddur.
        Şirkətin B2B həllər şöbəsinin aparıcı mütəxəssisi Ruslan Hüseynov Technote.az-a olan müsahibəsində aşağıdakıları qeyd edib:
        “Ümumiyyətlə bizim virtual ATS həllərimiz şirkətlərin kommunikasiya tələblərini tam şəkildə ödəyəcək səviyyədə funksionallığa sahibdir. Korporativ müştərilərimiz sadəcə bizdən aldıqları əsas çoxkanallı virtual nömrələrə görə aylıq xidmət haqqı ödəyirlər. Bizim həllər şirkətlərin kommunikasiya sahəsində idarəetməsini vahid bir mərkəzdən həll olunmasına kömək edir.”
        M2M həllər – bu xidmət vasitəsilə cihazların real zamanlı nəzarətini və monitorinqini aparmaq mümkündür. Sadə dildə desək, sizin şirkətə məxsus 100 maşın var. Bu maşınların izlənilməsi, istifadəsi, yanacaq sərfiyyatı və real zamanlı bir sıra məlumatlarını əldə etmək üçün “GPS tracking”ə ehtiyac duyulur. Belə olan halda müxtəlif cihazlarda toplanan məlumatların cihazlararası ötürülməsi üçün Azercell xüsusi sim kartlar vasitəsilə M2M həllər təklif edir. M2M xidmətlər zamanı məlumatların real zamanlı ötürülməsi ilə yanaşı, məlumat təhlükəsizliyi də yüksək səviyyədə qorunur.
         M2M həllər bank və ödəmə sistemlərində məlumatların ötürülməsi, avtonəqliyyat, kommunal və mühafizə, nəzarət, hətta neft-qaz sahələrində belə istifadə olunur.
        Technote-a açıqlamasında Ruslan Hüseynov: “Azercell hal hazırda M2M və IoT sahələrində bizneslərə xüsusi imkanlar təqdim edir. Şirkətlər cihazlar arasında bağlantını və məlumat axınını Azercell nömrələr vasitəsilə təmin edə bilər. Bu xüsusi nömrələr cihazlar arasında real zamanlı məlumat mübadiləsini təmin edir. Şirkətlər sadəcə nömrələr üçün tarif planlarından birinə qoşulmaqla, internet paket əldə edirlər. Bütün bu proseslər təhlükəsiz və sürətli bir şəkildə baş verir.” deyə bildirib.
         Bundan başqa, Azercell korporativ səviyyədə müştərilərinə M2M həllər daxilində avtoparkın idarəedilməsi xidmətini də təklif edir. Bu xidmət vasitəsilə şirkət tabeliyində olan maşınları rahat veb interfeys vasitəsilə izləyə bilər. Xidmət GPS üzərində qurulub və Azərbaycanın istənilən nöqtəsində, eyni zamanda Azercell-in rominq sazişi olan ölkələrin ərazisində istifadəsi mümkündür. Avtoparkın idarəsi həllində şirkət maşınlarına nəzarətdə müəyyən xəbərdarlıqlar tətbiq edə bilir. Məsələn, avtomobil müəyyən edilən sürət həddini keçdikdə, yaxud təyin edilən istiqamətdən kənara çıxdıqda, təyin edilmiş müddətdən çox dayandıqda, eləcə də iş saatlarından kənar istifadə olduqda bildiriş almaq mümkün olur. Azercell-in korporativ səviyyədə təqdim etdiyi xidmətlərlə daha yaxından tanış olmaq üçün internet səhifəsini ziyarət edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər