main-post-cover

    Apple şirkətinin ilk qarışıq reallıq cihazı bir qədər gec satışa çıxa bilər

    Elm & Texnologiya
    05.12.2022
    Emil Nəcəfov
        Məşhur analitik Ming-Chi Kuo-nun proqnozlarına əsasən Apple şirkətinin çoxdan gözlənilən qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının kütləvi satışları gələn ilin ikinci yarısına kimi təxirə salınmış ola bilər. Səbəb isə MR cihaz üçün nəzərdə tutulmuş proqram təminatındakı problemlərdir. Analitikin sözlərinə əsasən MR cihazın istehsalı üçün nəzərdə tutulmuş komponentlərin istehsalçıya gələn ilin əvvəlində təqdim edilməsi gözlənilir. Lakin MR cihazın özü 2023-cü ilin ikinci yarısında istehsal ediləcək. Buna görə də cihazın satışlarına bir qədər gec start verilə bilər.
        Lakin bununla belə MR cihazın anonsuna həsr edilmiş təqdimat daha tez keçirilə bilər. Məsələn şirkət gələn ilin iyun ayında baş tutacaq ənənəvi WWDC tədbirində MR cihazı təqdim edə bilər. Bu cür tədbir belə bir cihazın təqdimatı üçün idealdır. Belə ki, şirkət tədbir çərçivəsində MR cihazdan əlavə olaraq onun üçün müxtəlif tətbiqlərin hazırlanmasına istiqamətlənmiş SDK alətləri də təqdim edə bilər. Analitik daha öncə qeyd etmişdi ki, şirkət öz ilk MR cihazını yanvar ayında təqdim etməyi planlaşdırır və bu halda onun satışlarına 2023-cü ilin ikinci rübündə start verilməli idi. İndi isə cihazın satışa çıxma müddətinin təxirə salınmasının onun təqdimat müddətinə təsir göstərib-göstərməyəcəyi bilinmir.
    Linki kopyala