main-post-cover

    Apple şirkətinin 2 ədəd USB Type-C girişli yeni şarj adapterinin real fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    22.04.2022
    Emil Nəcəfov
        Apple şirkətinin hələ təqdim olunmamış yeni aksesuarının real fotoları internetdə ortaya çıxıb. Söhbət, 2 ədəd USB Type-C girişinə sahib şarj adapterindən gedir. İnsayderlər bu şarj adapterinin müxtəlif bazarlar üçün nəzərdə tutulmuş bir neçə variantını əldə ediblər. Şarj adapterinin real fotolarını Twitter-də Majin Bu ləqəbli insayder təqdim edib. Beləliklə təqdim edilmiş fotolara əsasən Apple şirkətinin 35 vatt gücündə olacaq iki USB Type-C girişli yeni adapterinin komplektində bəzi bazarlar üçün həmçiin Lightning naqili də mövcud olacaq. Lakin bəzi bazarlarda adapter Lightning naqilsiz satılacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Apple şirkətinin rəsmi saytının dəstək xidməti bölməsində sözügedən yeni aksesuar barəsində məlumatlar ortaya çıxmışdı.
        Lakin kütləvi informasiya vasitələri həmin məlumatlara nəzər yetirəndən sonra şirkət onları tez bir zamanda sildi. Real fotolar sayəsində həmçinin adapter barəsində olan daha bir məlumat da öz təsdiqini tapıb. Belə ki, məlumat verilmişdi ki, yeni şarj adapteri qatlana bilən çəngəl hissəyə sahib olacaq. Bu cür özəllik isə onun daha da kompakt ölçüdə olmasına şərait yaradır. Gözləntilərə əsasən yeni şarj adapteri vasitəsilə eyni anda 2 Apple cihazını şarj etmək mümkün olacaq. 2 ədəd USB Type-C girişi də məhz bunun üçün nəzərdə tutulub. Şarj adapterinin nə zaman təqdim olunacağı və hansı qiymətə satılacağı barəsində məlumat yoxdur. Onu sentyabr ayında iPhone 14 smartfon seriyası ilə birlikdə təqdim edə bilərlər.
    Linki kopyala